Ərəb dünyasından İlham Əliyevə böyük ehtiram

 

Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı ölkəmizin bu təşkilat və onun  üzvləri ilə əlaqələrinə impuls verəcək

 

Asiya istiqaməti, Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.

 

Dostluq və qardaşlıq əlaməti

 

Hazırda Azərbaycanla Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri arasında müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, həmin dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyir, Səudiyyə Ərəbistanı isə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun səbəbi Azərbaycan torpaqlarının işğalı idi.

Eyni zamanda Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmiz müşahidəçi statusunda təşkilatın  üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış anlaşma memorandumları əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xatırladaq ki, 2007-ci ilin may ayında Prezident İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının Baş Qərargahında liqanın baş katibi ilə görüşmüş, bu təşkilata üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdi.

Bu il noyabrın 1-də isə Prezident İlham Əliyev Əlcəzair Prezidentinin dəvəti ilə bu ölkədə keçirilən  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edib. Bu dəvət Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi, bu, dostluq və qardaşlıq əlamətidir: "İlk növbədə mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm".

Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində ərəb ölkələrinin həmrəyliyi, yeni qlobal çağırışlar fonunda birgə fəaliyyət planı müzakirə olunub.

 

İlham ƏLİYEV: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır"

 

Bu səfər zamanı Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Bu ölkə Azərbaycanla oxşar taleyi yaşayıb. Dünyaya demokratiya dərsi verməyə çalışan Fransa vaxtilə Əlcəzairi işğal edib, onun maddi və mənəvi sərvətlərini talayıb, xalqına dərin iztirablar yaşadıb.

Fransa 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirib. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır.

Bəli, bir vaxtlar Əlcəzairi işğal edən, əhalisini soyqırımına məruz qoyan Fransa indidüz yol tutmayıb. Fransanın Ermənistana verdiyi dəstək elə işğal siyasəti yürütməyin oxşar formasıdır. Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Xocavənddə, Kəlbəcərdə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoyan Ermənistana göstərilən dəstək elə soyqırımını dəstəkləmək deməkdir. Ona görə Əlcəzairdə insanlıq əleyhinə cinayətlərə imza atan Fransanın bu gün canfəşanlıqla Ermənistanın yanında yer alması heç də təəccüblü deyil. Bu ölkənin ermənipərəst siyasətinin kökündə həm də işğal təfəkkürü dayanır.

Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsi və Milli Mücahidlər Muzeyi Fransanın insanlıq əleyhinə cinayətlər, əlcəzairlilərə qarşı qətliamlar törədən bir ölkə olduğunu dünyaya çatdırır. "Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Milli Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik", - deyə Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.

Bütövlükdə Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda bu səfər zamanı Azərbaycan həqiqətləri bir daha dünyada maraqla izlənən bir əməkdaşlıq platformasından dünyaya bəyan edildi. Təbii ki, bu səfər Azərbaycanla Ərəb Dövlətləri Liqası və təşkilata üzv olan ərəb dövlətləri arasındakı əlaqələrin inkişafına təsir göstərəcək, əməkdaşlığın dərinləşdirilməsinə impuls verəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 3 noyabr.- S.1-2.