İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2023-cü ilin dövlət büdcəsi
müzakirə olunub
Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub.
Qeyd edilib ki, 2022-ci ildə bütün dünyada uzun illər görünməyən inflyasiya, bunun nəticəsində isə ərzaq qıtlığı müşahidə olunur və iqtisadi böhranın aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlar və yeni imkanlar sayəsində 2022-ci ildə ölkə iqtisadiyyatında dayanıqlı və davamlı artıma nail olunub. Cari ilin 9 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) 5,6 faiz artaraq 98 milyard manat, qeyri-neft sektorunda ÜDM isə 10,1 faiz artaraq 50 milyard manatdan çox olub. Keçən dövr ərzində ixrac 19 milyard ABŞ dollarından, o cümlədən qeyri-neft ixracı 24 faizdən, strateji valyuta ehtiyatları 55 milyard dollardan, əhalinin nominal gəlirləri 20 faizdən, orta aylıq əməkhaqqı 14 faizdən çox artıb. Ötən 9 ay ərzində orta illik inflyasiya 13,4 faiz, ərzaq inflyasiyası isə 19 faizə yaxın olub. Bütövlükdə, 2022-ci ildə büdcə gəlirlərinin artması müşahidə edilib. Komitə sədri, ümumilikdə, ötən dövr ərzində ölkə iqtisadiyyatının uğurlu inkişaf etdiyini söyləyib.
Nəzərə çatdırılıb ki, keçən dövr ərzində dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri haqqında sənədlər qəbul olunub və bu istiqamətdə lazımi addımlar atılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilib. Ümumilikdə büdcədən bu istiqamətdə 4 milyard 848 milyon manat vəsait ayrılıb və növbəti ildə də bu sahəyə vəsait ayrılacaq.
Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də çoxalması, qeyri-neft ixracının daha çox olması, iqtisadiyyatda şəffaflığın artması, etimad mühitinin güclənməsi, qarşıda duran hədəflərin özəl sektor tərəfindən həyata keçirilməsi kimi geniş imkanlar mövcuddur.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat, xərcləri 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulub.
Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərin, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılmasına dair müvafiq sərəncamlarına və “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb. Təqdim olunan layihə büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılmasını, fiskal dayanıqlığı və borc intizamını, habelə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin etməklə yanaşı, orta müddətli sosial-iqtisadi inkişaf strategiyasında 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflərə nail olmaq imkanı yaradır. Qeyd olunub ki, növbəti ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəricilərində, o cümlədən 2023-cü il üzrə baza ssenaridə ümumi ÜDM-in 2,7 faizlik, qeyri-neft sektoru üzrə 4,5 faizlik real artımı, orta illik inflyasiyanın 6,9 faiz, xam neftin 1 barelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olması nəzərdə tutulub. Qeyd edilib ki, 2023-cü il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin istiqamətləri müəyyənləşdirilərkən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi kimi strateji çağırışlar nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2023-cü il dövlət büdcəsi xərclərinin 22 milyard 674 milyon manatı və yaxud 68,1 faizi cari xərclərə, 9 milyard 621 milyon manatı və yaxud 28,9 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və yaxud 3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcək.
Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu bildirdiyini söyləyib. Bunu nəzərə alaraq, növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bununla yanaşı, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 5 milyard 244 milyon manat, o cümlədən əsaslı xərclər üçün 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə, 1 milyard 100 milyon manat isə strategiyada nəzərdə tutulmuş digər investisiya xərclərinə yönəldiləcək. Strategiyanın maliyyələşdirilməsi çərçivəsində ayrılan 1 milyard 144 milyon manat vəsait sosialyönümlü xərcləri əhatə edir.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını diqqətə çatdırıb.
Qeyd edilib ki,
sosialyönümlü xərclərə 2023-cü ildə 15
milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə
tutulub. Cari illə müqayisədə bu, 1
milyard 289 milyon manat və yaxud 9,3 faiz artıqdır. 2021-ci illə
müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud
47,8 faiz çoxdur. 2019-2023-cü illər ərzində
sosialyönümlü xərclərin dövlət büdcəsi
xərclərinin tərkibində xüsusi çəkisi 13,9
faiz və yaxud 7 milyard 458 milyon manat, yəni 2 dəfəyə
qədər artıb. Əhalinin sosial müdafiəsi və sosial
təminat xərcləri üçün növbəti ilin
büdcəsində 4 milyard 416 milyon manat vəsait
proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri
ilə müqayisədə isə 1 milyard 252 milyon manat və
yaxud 39,6 faiz artım deməkdir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin
balanslaşdırılması məqsədilə dövlət
öhdəliklərinin maliyyələşdirilməsi
üçün 1 milyard 468 milyon manat vəsait ayrılacaq.
2023-cü ildə sosial müavinətlər, təqaüdlər
və digər sosial xarakterli ödənişlərin maliyyə
təminatı üçün 2 milyard 598 milyon manat, o
cümlədən, məcburi köçkünlərin sosial
müdafiəsi ilə bağlı xərclər
üçün 367 milyon manat, əlavə məşğulluq
tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə
tutulub. Növbəti ildə yaşayış
minimumu və ehtiyac meyarının məbləğləri də
bərabərləşdiriləcək.
Maliyyə naziri təhsil, səhiyyə,
tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi
sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı,
nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni
təyinatlı obyektlərin və digər layihələrin
maliyyə təminatı, həmçinin dövlət
borclarına xidmət, beynəlxalq fəaliyyət
üçün ayrılan vəsaitlər barədə də
məlumat verib.
Qeyd edilib ki, dövlət
büdcəsinin yerli gəlirləri 2023-cü ildə 757
milyon manat, xərcləri isə 769 milyon manat həcmində
proqnozlaşdırılır.
Daha sonra Samir Şərifov 2023-cü
il dövlət büdcəsi xərclərinin
maliyyə təminatı barədə göstəriciləri
diqqətə çatdırıb. Bildirilib ki, büdcə xərclərinin
92,2 faizi və yaxud 30 milyard 721 milyon manatının dövlət
büdcəsinin müxtəlif mənbələr üzrə
nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və
yaxud 2 milyard 579 milyon manatının isə dövlət
büdcəsinin kəsirinin maliyyələşdirilməsi
üçün cəlb ediləcək vəsaitlər
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulub. Kəsirin ÜDM-ə nisbəti 2,4
faiz səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 14
milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru
üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri
16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə
büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft
sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət
Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750
milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə
təşkilatlarının ödənişli xidmətləri
üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.
Bildirilib ki, növbəti il
üçün icmal büdcənin gəlirləri 33 milyard 6
milyon manat, xərcləri 37 milyard 949 milyon
manat, kəsiri isə 4 milyard 944 milyon manat
proqnozlaşdırılır.
2023-cü ildə Dövlət Neft
Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri
isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri
bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun
büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən
sığorta fondunun büdcəsi 213 milyon manat,
Naxçıvan Muxtar Respublikasının büdcəsi 646
milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə
2 milyard 393 milyon manat təşkil edəcək.
Sonra iqtisadiyyat naziri
Mikayıl Cabbarov çıxış edərək bildirib ki,
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində
2021-ci ildə olduğu kimi, cari ilin 9 ayında da ölkə
iqtisadiyyatında artım davam edir. Ümumi iqtisadi artım 5,6 faiz, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz təşkil
edib. Cari ilin sonuna ÜDM-in nominal həcminin 130
milyard manata çatması gözlənilir ki, bu, tariximizdə
ən yüksək göstəricidir. Yüksək
templi iqtisadi artımda investisiyalar, o cümlədən,
dövlət investisiyaları, ixracın çoxalması,
büdcə xərclərinin icrası da mühüm əhəmiyyət
daşıyır. İqtisadi artımın sürətlənməsi
şəraitində dövlət büdcəsinin
dürüstləşməsindən sonra yanvar-sentyabr
aylarında vergi daxilolmaları üzrə proqnoz
tapşırığı 110,2 faiz icra
edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə
970 milyon manat vəsait daxil olub. Noyabrın 1-nə
isə vergilər üzrə illik proqnoz tam yerinə yetirilib.
Cəmi vergi daxilolmaları ötən ilin müvafiq
dövrü ilə müqayisədə 64,5
faiz, qeyri-neft-qaz sektoru üzrə isə 32,2 faiz artıb. Bununla yanaşı, sosial sığorta
yığımlarında yüksək artım müşahidə
edilir. Cari ilin yanvar-sentyabr aylarında məcburi dövlət
sosial sığortası üzrə daxilolmalara dair proqnoz 103,6 faiz icra edilərək, 3,3 milyard manat vəsait
daxil olub. Bu müddətdə işsizlikdən sığorta
üzrə daxilolmaların proqnozu 108 faiz, icbari tibbi
sığorta daxilolmaları üzrə isə proqnoz 105,9 faiz icra edilib. Cari ilin yanvar-avqust aylarında
ötən ilin eyni dövrü ilə müqayisədə
idxal məhsullarının ümumi qiyməti indeksi 21,9 faiz artıb. İnflyasiya templərinin
yüksəlməsinə baxmayaraq, cari ilin 9 ayında əhalinin
real gəlirləri 6 faiz artıb. Cari ildə
hökumət tərəfindən antiinflyasiya tədbirlərinin
həyata keçirilməsi inflyasiya templərini azaltmağa
imkan verib.
Nazir investisiya fəaliyyəti,
mikro, kiçik, orta sahibkarlığın inkişafı sahəsində,
o cümlədən sahibkarlara dövlət yardımı ilə
bağlı, habelə dövlət satınalmaları üzrə
həyata keçirilən layihələr və görülən
işlər barədə məlumat verib. Qeyd olunub ki,
işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış
üzrə dövlət proqramı layihəsi hazırlanaraq
hökumətə təqdim edilib.
Mikayıl Cabbarov bildirib ki,
ölkəmiz post-pandemiya və post-müharibə
dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu
illəri əhatə edən strateji inkişaf mərhələsinə
daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional
islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və
dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi,
milli iqtisadiyyatın innovasiya yönümlüyünün və
maliyyə dayanıqlığının daha da gücləndirilməsi
iqtisadiyyatın qlobal dəyişikliklər zəncirinə səmərəli
inteqrasiyasını təmin edir. Beləliklə,
Azərbaycan dövləti öz qüdrətini daha da
artırmaqla yüksək rifaha malik cəmiyyətin
qurulması istiqamətində yeni hədəfləri
gerçəkləşdirmək əzmindədir.
Dövlətimizin başçısı tərəfindən
təsdiq edilmiş “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nın bu prioritetlərə əsaslanaraq
hazırlandığını deyən nazir 2023-cü il
üzrə iqtisadiyyatın bir sıra istiqamətləri
üzrə proqnoz rəqəmləri səsləndirib.
Sonra iclasda Mərkəzin Bankın sədri
Taleh Kazımov 2023-cü il
üçün ölkənin pul siyasəti və bunun
büdcəyə təsiri barədə məlumat verib. O, pul
siyasətinin effektivliyinin artırılması məqsədi
ilə təhlil və proqnozlaşdırma potensialının
gücləndirilməsinin, kommunikasıyanın əhatə
dairəsinin genişləndirilməsinin davam edəcəyini
deyib. Taleh Kazımov qarşıdakı dövrdə
Mərkəzi Bankın maliyyə sabitliyinin qorunmasını və
maliyyə vasitəçiliyinin genişləndirilməsini
diqqətdə saxlayacağını bildirib.
Daha sonra Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini
müvəqqəti icra edən Şahin Bağırov komitə
tərəfindən dövlət büdcəsinə
daxilolmalar barədə ətraflı məlumat verib,
qarşıda duran vəzifələrdən
danışıb.
İclasda Hesablama
Palatasının sədri Vüqar Gülməmmədov
2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə
bağlı Palatanın rəyini təqdim edib. Bildirib ki, rəydə
3 əsas məsələyə - təqdim edilən sənədlərin
tamlığına və mövcud qanunvericiliyin tələblərinə
uyğunluğuna, büdcə parametrlərinin makrogöstəricilərə
və strateji sənədlərə adekvatlığına və
büdcə parametrlərinə dair hesablamaların əsaslılığına
və doğruluğuna diqqət yetirilib.
Qeyd edilib ki, 2023-cü ilin
dövlət büdcəsinin layihəsi və bu layihə ilə
birlikdə təqdim olunan sənədlər “Büdcə
sistemi haqqında” Qanunun tələblərinə uyğun
hazırlanıb. “Büdcə zərfi”ndə təqdim edilən
sənədlərdə bir sıra yeniliklər tətbiq
edilib. Belə ki, vergi və gömrük
sahəsində tətbiq olunan güzəşt və
azadolmaların dövlət büdcəsinin gəlirlərinə
təsiri qiymətləndirilib, ilk dəfə olaraq qeyri-neft
ÜDM-i müxtəlif ssenarilərlə təqdim olunub və
onun fiskal göstəricilərlə əlaqələndirilməsi
həyata keçirilib. Eyni zamanda, məlumatların
keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində
də addımlar atılıb. “Büdcə
zərfi”ndə Hesablama Palatasının rəylərində
qeyd edilmiş bəzi məsələlər, eyni zamanda, layihənin
tərtib edilməsi zamanı müzakirələrdə
qaldırılan məsələlər də nəzərə
alınıb.
Diqqətə
çatdırılıb ki, dövlət büdcəsi barədə
qanun layihəsinə dair izahatda fiskal
dayanıqlılığın təmin edilməsinə təsir
göstərən risklər barədə məlumat əvvəlki
illərə nisbətən geniş əks etdirilib və risklərin
büdcə gəlirlərinə təsirinin
yumşaldılması ilə bağlı tədbirlər də
qeyd olunub.
Büdcə qaydasının komponentləri
ilə bağlı nəzərə çatdırılıb
ki, 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin
qeyri-neft Ümumi Daxili Məhsula nisbəti 24,9 faiz
proqnozlaşdırılıb ki, bu da müvafiq göstəricinin
büdcə qaydası çərçivəsində
olduğunu deməyə əsas verir. İcmal büdcənin
qeyri-neft gəlirlərinin artımı ilə yanaşı,
borcun əsas ödənişinin xərcdən
çıxarılması, qeyri-neft ÜDM-in
artımının yüksək olması, neftin qiymətinə
konservativ yanaşma və İcbari Tibbi Sığorta Fondu
adlı büdcədənkənar dövlət fondunun
yaradılması da növbəti il üçün büdcə
qaydası üzrə hədəflərin yerinə yetirilməsinə
şərait yaradır.
Qeyd edilib ki, İcmal büdcənin
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi
2022-ci ilin yenidən baxılmış göstəricisinə
nəzərən 2,6 faiz bəndi azalsa da,
qeyri-neft baza kəsirinin mütləq ifadədə məbləğində
də artım proqnozlaşdırılır. Bildirilib
ki, rəydə büdcə qaydası üzrə hədəflərin
yerinə yetirilməsinə təsir edən məqamlar barədə
ətraflı məlumatlar verilib.
Vüqar Gülməmmədov növbəti
ilin büdcəsində “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf
Strategiyası”nın maliyyə təminatının
ayrıca göstərildiyini qeyd edərək Palatanın rəyində
dövlət büdcəsi layihəsinin və birlikdə təqdim
edilən sənədlərin Strategiyaya uyğunluğunun qiymətləndirildiyini
söyləyib.
Sonra iclasda 2023-cü ilin
dövlət büdcəsi layihəsi ətrafında geniş
müzakirələr aparılıb.
Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri Fəzail Ağamalı (Ana Vətən Partiyası), Tahir Kərimli (Vəhdət Partiyası), Asim Mollazadə (Azərbaycan Demokratik İslahatlar Partiyası) çıxış ediblər. Çıxışçılar büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların suallarını cavablandırıblar, səsləndirdikləri təkliflərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb və deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Ağalar Vəliyev, İqbal Məmmədov, Anar Məmmədov və deputat Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.- 2022.- 4 noyabr.- S.1; 6.