Şeyxülislam Allahşükür
Paşazadə İndoneziyada
keçirilən R20 sammitində
iştirak edir
Noyabrın 2-3-də İndoneziyanın Bali adasında
G20 “Böyük İyirmiliyin”
R20 – Dini Liderlərin Beynəlxalq Sammiti keçirilir.
Qafqaz Müsəlmanları
İdarəsinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, sammitdə Azərbaycanı
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri,
Şeyxülislam Allahşükür
Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) icraçı direktoru
Rəvan Həsənov
təmsil edirlər.
Azərbaycan dövlətinin
dinlər və mədəniyyətlər arası
dialoqda oynadığı
mühüm rol, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin
“Böyük İyirmilik”
sammiti kimi qlobal platformalarda mütəmadi iştirakçı
olmasına səbəb
olub. G20 çərçivəsində
Azərbaycan Şərqi
Avropa, Cənubi Qafqaz və türk dövlətləri
regionundan təmsil olunan yeganə ölkə olaraq özünün multikulturalizm
modelini beynəlxalq müstəvidə dayanıqlı
sülhün açarı
kimi uğurla təqdim etməkdədir.
Belə ki, Azərbaycan indiyədək bir çox mühüm dialoq platformalarının
təşəbbüskarı və təşkilatçısı
kimi humanitar məsələlərin müzakirə
olunduğu mərkəzə
çevrilib. Ötən
may ayında QMİ və
BBMM-nin həmtəşkilatçılığı
ilə G20 Sammiti Dinlərarası Dialoq Forumunun regional ön iclasının Bakı şəhərində keçirilməsi
də bir nümunədir.
Qeyd etmək lazımdır ki, dünyanın əksər regionlarından
tanınmış dini
liderlərin, alimlərin
və ictimai xadimlərin qatıldığı
R20 sammiti beynəlxalq
gündəmdə olan
aktual problemlərin həllində dinin birləşdirici rolunun müzakirə olunduğu mühüm dialoq platformasıdır.
Azərbaycanı R20 – Dini
Liderlərin Beynəlxalq
Sammitində təmsil
edən Qafqaz Müsəlmanları İdarəsinin
sədri, Şeyxülislam
Allahşükür Paşazadə
və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov bir sıra ikitərəfli görüşlər keçiriblər.
Sammitin açılış
mərasiminin ardından
həmtəşkilatçı qurumların təşəbbüsü
ilə Azərbaycan nümayəndə heyəti
İndoneziyanın “Nəhdətül-Üləma”
müsəlman dini mərkəzi idarə heyətinin baş sədri Yəhya Colil Staquf və
Səudiyyə Ərəbistanı
Krallığının “İslam
Aləmi Liqası”nın baş katibi Şeyx Məhəmməd Əbdülkərim
Əl-İsa ilə ikitərəfli görüşlər
keçirib. Bununla yanaşı, QMİ sədri
və BBMM icraçı
direktoru ABŞ-da mərkəzləşən “İsa
Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsi”nin
“On İkilər Kvorumu”nun
üzvü Harri Stivenson, Misirin Baş müftisi Şövqi Əllam, Yaponiyanın “Şinto” Assosiasiyasının sədri,
rahib Yoşinobu Miyake,
Ümumdünya Yevangelist
Alyansının Baş
katibi, yepiskop Tomas Şirmaxer və sammitin digər iştirakçıları ilə
görüşüblər.
Görüşlərdə qarşı
tərəflərə Azərbaycan
Respublikasının dinlərarası
və sivilizasiyalararası
dialoq sahəsində təşəbbüsləri, xalqımızın
qədim multikulturalizm
və tolerantlıq ənənələri, işğaldan
azad olunmuş ərazilərimizdə erməni
vandalizminə məruz
qalmış tarixi mədəni və dini abidələrimiz, Ermənistanın ərazilərimizdə
apardığı mülki
insanların qətlinə
hədəflənmiş minalarla
çirkləndirilmə və
“yandırılmış torpaq”
siyasəti, eləcə
də hazırda həmin ərazilərdə
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə
rəhbərliyi altında
aparılan bərpa və yenidənqurma layihələri haqqında
geniş məlumat verilib.
Görüşlərdə Azərbaycan Respublikasının
İndoneziyadakı fövqəladə
və səlahiyyətli
səfiri Cəlal Mirzəyev də iştirak edib.
Tədbirdə çıxış edən
QMİ sədri, həmçinin
İndoneziyanın bir
sıra telekanallarına
müsahibələr verib,
Azərbaycan həqiqətləri,
xüsusilə də erməni işğalından
azad edilmiş torpaqlarımızda aparılan
genişmiqyaslı bərpa
və abadlaşdırma
işlərindən bəhs
edib.
Azərbaycan.- 2022.- 4 noyabr.- S. 7.