Qazaxda şəhidlərin xatirəsinə dərin ehtiram var

 

Şəhid olmaq Vətən, torpaq uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik zirvəsinə ucalmaq ulularımızdan bizlərə miras qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada şəhid məzarları olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazaxda ölkəmizin ərazi bütövlüyü uğrunda 344  Vətən oğlu şəhid olub. 7 nəfər isə Azərbaycanın Milli Qəhrəmanıdır.

Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də fərqləndilər. Həmin haqq savaşında Qazaxın 52  qəhrəman oğlu canından keçərək bir daha nümayiş etdirdi ki, "Torpaq, uğrunda ölən varsa, Vətəndir".

Rayonun Yuxarı Salahlı kəndi hər zaman qeyrətli oğulları ilə tanınıb. Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçməyi düşünmədən daim gözə alıblar. Torpaqlarımızın bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndi 18 şəhid verib. Aprel döyüşlərində şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlu, iyul döyüşlərinin qəhrəmanı mayor Əhmədov Namiq Hajan oğlu, 44 günlük Vətən müharibəsi şəhidləri - baş gizir Hacıyev Teymur Zaur oğlu, leytenant Bayramlı Elmar İsa oğlu, əsgər Abdullayev Taleh Temraz oğlu, eləcə də Birinci Qarabağ müharibəsində kəndin neçə-neçə igid oğlu Azərbaycanın  ərazi bütövlüyünü canlarından üstün tutublar.

Kənddə şəhidlərin adlarını yaşatmaq, onları gələcək nəsillərə nümunə göstərmək üçün tədbirlər görülür. Onların şərəfinə kənd fəalları və bələdiyyəsi tərəfindən bulaq-abidə kompleksiinşa olunub. Yuxarı Salahlı kəndinin girişində inşa edilən bu möhtəşəm kompleks şəhidlərimizə olan hörmət və ehtiramın nümunəsidir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 5 noyabr.- S.14.