İqtisadiyyatımız Qələbəyə dəstək verirdi

 

Əməkçi insanlar əməlləri ilə Prezidentinordunun yanında idilər

 

Xalq öz Prezidenti ətrafında sıx birləşmiş, bir yumruğa dönmüşdü. Hamı qəlbən döyüşən, düşmənə ağır zərbələr endirən oğulların yanında idi. Qələbələrin sevincini də birlikdə yaşayırdıq, şəhadətə qovuşan igidlərimizin itkisini də...

O günlərdə Azərbaycan daha bir düşmənlə - koronavirusla mübarizə aparırdı. Bununla belə, hamı çox yaxşı dərk edirdi ki, döyüşən ordumuzun gücü həm də ölkənin iqtisadi qüdrətindən asılıdır. İş yerlərində karantin qaydaları gözlənilməklə əmək ahəngi davam edirdi. Buna görə də o çətin günlərdə bir dəfə də olsun işığımız sönmədi, mavi yanacağımız kəsilmədi. Bir nəfər də çörək növbəsinə dayanmalı olmadı. (Hərçənd ki, bunlar müharibə gedən istənilən ölkədə baş verən hallardır). Bir sözlə, hər kəs öz işi ilə məşğul idi, hərə qələbə üçün əlindən gələni əsirgəmirdi.

Azərbaycanın qəhrəman neftçilər ordusu da əmək növbəsində idi. Neftçilərimiz yerin təkindəki və dənizin dibindəki sərvətləri üzə çıxarır, bununla zəngin ənənələrini davam etdirir, ölkənin iqtisadi qüdrətini artırır, xalqımıza, döyüşən ordumuza dəstək olurdular. SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) baş ofisində keçirilən onlayn müşavirədə onlar ölkənin Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul etdilər.

Müraciətdə bildirilirdi ki, neftçilər sırasından da könüllü olaraq ön cəbhəyə gedənlər var. Qalanları arxa cəbhədə Vətənin qüdrətini artırmaq uğrunda səylə çalışırlar. Bununla yanaşı, onlar da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, hər an intizarla əmr gözləyirlər: "Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə - ədalətin təntənəsinə töhfəmizi verməliyik".

Neftçilər döyüşən ordunu, şəhid ailələrini və qaziləri unutmurdular.

SOCAR-da Silahlı Qüvvələrə yardım kampaniyası təşkil olunmuşdu.

Dövlət bu çətin məqamlarda da əhalinin qayğılarını diqqət mərkəzində saxlayırdı. "Azəriqaz" İstehsalat Birliyi müharibənin davam etdiyi dövrün tək bircə həftəsi ərzində 700-dən çox fərdi yaşayış evinə qaz çəkilişini yekunlaşdırmış, onları mavi yanacaqla təmin etmişdi. Birlik payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirmişdi.

Kəndlinin də əli işdən-gücdən soyumurdu. İnsanlar çalışır, işləyir, payızın bol nemətlərini toplayır, qışa tədarük edir, qurub-yaradırdılar. Hər gün ölkənin müxtəlif bölgələrindən onlarca xoş xəbər gəlirdi. Pambıqçılar yüksək məhsuldarlıq göstəriciləri əldə edirdilər. Əgər 2019-cu ildə sahələrdən ümumilikdə 295 min ton pambıq yığılmışdısa, 2020-ci ildə Zəfər gününədək bu qədər məhsul toplanmış, noyabrın ortasında isə məntəqələrə təhvil verilən " qızıl"ın həcmi 300 min tonu ötüb keçmişdi.

Ümumilikdə isə həmin il pambıqçılıqda yüksək nəticə əldə olundu. 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul toplandı və orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artdı. Orta məhsuldarlıq 33,5 sentner təşkil etdi ki, bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biri idi.

2020-ci ildə üzüm bağlarından öncəki ildə olduğundan çox məhsul yığıldı. Ən yaxşı göstəricilərə Şəmkir, Cəlilabad, Tovuz rayonları nail oldu.

Xatırladaq ki, Vətən müharibəsi başlananda tarlalarda, bağbostanlarda məhsul yığımı davam edirdi. Bu məsul dövrdə heç bir gənginliyə baxmayaraq, Azərbaycan kəndlisi öz təmkinini göstərdi. Bitkiçilik məhsulları istehsalında artım dinamikası müşahidə olundu. Əvvəlki illə müqayisədə daha çox tərəvəz, meyvə və giləmeyvə, tütün, kartof, digər məhsullar istehsal edildi. Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanıldı.

Erməni faşizmi isə özünün bəd, insanlığa sığmayan cinayət əməllərindən əl çəkmirdi. Dinc əməklə məşğul olan əhaliyə rahatlıq vermirdi. Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı dönə-dönə terror törədirdi. Təkcə cəbhəyə yaxın əraziləri deyil, oradan uzaq yaşayış məntəqələrini də raket atəşinə tuturdu. Bununla belə, düşmənin bombaladığı, dinc sakinlərin yaralandığı və həlak olduğu bölgələrdə də insanlar işdən-gücdən ayrılmırdılar. Dəfələrlə atəşlərə məruz qalan Tərtərdə də belə idi.

Tərtərlilər böyük zəhmət bahasına yetişdirdikləri pambığın yığımını davam etdirirdilər. Şiddətli döyüşlər məhsul yığımının sürətinə təsir göstərsə də, fermerlər nisbətən təhlükəsiz ərazilərdə məhsulu tezitkisiz yığıb tədarük etməyə çalışırdılar. Qabaqcıl fermer Habil İbrahimov deyirdi ki, tarla da bir cəbhədir, ona görə də yüksək nəticələr qazanmağa çalışırıq.

Tərtərlilər heyvandarlıq məhsullarını da artırmağı qarşıya məqsəd qoymuşdular. Suqovuşanın işğaldan azad edilməsi böyük əhvali-ruhiyyə yaratmışdı. 30 ildir Tərtər çayının qabağını kəsən, on minlərlə hektar ərazini suya həsrət qoyan erməni vandalları cəzalarını almışdılar. İndi çat-çat olmuş torpaq sudan doyacaqdı…

Pespublikanın rayonlarında payızlıq əkinlərin bəyanı prosesi davam edirdi. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərirdi. Növbəti aqrar səyyar xidmət Bərdə rayonunun Güloğlular və Şörəlli kəndlərində təşkil olunmuşdu. Baxmayaraq ki, o günlərdə bu bölgə də mənfur düşmənin hədəfində idi. Erməni vandalları dinc sakinlərə, döyüş getməyən bu yerlərə də qənim kəsilmişdilər.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunurdu. Bərdədən əvvəl payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz, Masallı, Kürdəmir rayonlarında müvafiq xidmətlər göstərilmişdi.

Cəbhəyanı bölgələrin sahibkarlarına dəstək davam edirdi. İqtisadiyyat Nazirliyi bildirirdi ki, həmin bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Orada qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşib. İşğal altındakı rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikrokiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə Dövlət Vergi Xidməti tərəfindən "İnzibati icraat haqqında" qanunun müddəalarına uyğun olaraq müvafiq qərar qəbul edilib.

Bir sözlə, Qələbəyə inam hər yanda böyük ruh yüksəkliyi yaratmışdı.Və sevindirici, təqdirəlayiq hal idi ki, hələ müharibə sona çatmamış artıq bərpa-quruculuq işlərinə start vermişdik. Prezident İlham Əliyevin tapşırığı ilə Suqovuşan-Tərtər yolunun təmirinə başlanmışdı. Bu, qarşıdakı böyük Zəfərdən sonrakı geniş miqyas alacaq quruculuq işlərinin başlanğıcı idi!..

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 6 noyabr.- S.9.