Zəfər yürüşünün
bayraq zirvəsi
Vətən savaşının 44-cü günündə
düşmənin belini qıran qəhrəman
oğullarımız üçrəngli
bayrağımızı Qarabağda əbədi
dalğalandırdılar
Uludan ulu, cəng meydanlarının yaraşığı, Zəfər qürurlu bayrağım!
Mavin ənginliyi andırır, al rəngin qəlblərdə atəş yandırır, ölməyən ümidimizdir zümrüdün.
Sən göylərdə qartaltək süzəndə, coşqun sular kimi çalxalananda, dəli rüzgar olub əsəndə ay-ulduzun kainata meydan oxuyur.
Sən ey uca Azərbaycan bayrağı!..
Vətənimin ən hündür zirvələrində
məğrur-məğrur dalğalandıqca,
sabahlarımızı Qarabağın
baş tacı Şuşadan salamladıqca
qürurdan, fəxarətdən,
xoşbəxtlikdən ürəyimiz
dağa dönür...
Gün o böyük
gün oldu
Bu, İlahi
ədalət idi ki, 2020-ci ilin 9 Noyabr - Dövlət Bayrağı Gününü
Vətən qibləmiz
Şuşanın azadlığının
təsvirəgəlməz qürur
hissi ilə qeyd etdik.
Bu, haqqın
nahaqqa qalib gəlməsinin təntənəsi
idi. 27 sentyabr 2020-ci ildə çıxdığımız
haqq savaşının
məhz 9 noyabra təsadüf edən
44-cü günündə düşmənin
belini birdəfəlik
qırdıq.
Rəşadətli ordumuz həmin gün daha 72 yaşayış məntəqəsini işğalçılardan
azad edərək xalqımızın Bayraq Gününə misilsiz töhfə verdi,
bayram bayrama qarışdı. Çox keçmədən
düşməni kapitulyasiya
aktını imzalamağa
məcbur etdi.
İgid oğullarımız xalqımızın
30 illik arzularını
reallığa çevirdilər,
müqəddəs bayrağımızı
canları, qanları ilə azad etdikləri
Vətən torpaqlarına
sancdılar.
2018-ci il
iyunun 26-da Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə keçirilən
təntənəli hərbi
paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı:
"2016-cı ilin Aprel
döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan
azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı.
Bunun çox böyük mənəvi əhəmiyyəti
var. Həmin o bayraqlar
bu gün bu paradda, Azadlıq
meydanında nümayiş
etdiriləcək. Bu bayraqlar hərbçilərimizi
qabağa aparırdı.
Bu bayraqlar döyüşdə
olan bayraqlardır.
Bu gün bu
bayraqlar Azərbaycanın
işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün
buraya gətirilib.
Gün gələcək və bu gün işğal
altındakı torpaqlar
azad olunandan sonra orada qaldırılacaq
Azərbaycan bayrağı
Azadlıq meydanına
gətiriləcək və
hərbi paradda göstəriləcək".
Ali Baş Komandanın həmin nitqindən cəmi iki il yarım keçəndən
sonra, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında baş tutan Zəfər paradında o böyük hadisəyə, Vətən
andının yerinə
yetməsinə şahidlik
etdik. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət bayrağımız
və şanlı hərb tariximizə qızıl hərflərlə
yazılmış 44 günlük
Vətən müharibəsinin
zəfər bayrağı
altında fəxrlə
ötüb keçdi.
Şanlı Qələbənin qazanılmasında müstəsna
xidmətləri olan hərbi hissələrin döyüş bayraqları
Azadlıq meydanında
vüqarla dalğalandırıldı.
Bayrağımın izi
ilə
Azərbaycan bayrağının
qədim tarixi var. Qurd başı, ağ, qara
qoç, şir, günəş təsvir edilən qədim bayraqlarımız tarixdə
şanlı qələbələr
zamanı qürurla dalğalandırılıb. Tarixin müxtəlif
dövrlərində Azərbaycan
ərazisində mövcud
olan Şirvanşahlar,
Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilər kimi
güclü dövlətlərimizin
hər birinin müstəqillik rəmzi olan bayraqları olub. Eləcə də Qarabağ,
Şəki, Bakı, İrəvan xanlıqlarının
özlərinə məxsus
bayraqları olub.
Həmin
bayraqların nümunələri
bu gün də muzeylərdə qorunub saxlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
dövlət bayrağı
ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının binası
üzərində qaldırılıb.
1920-ci il aprelin 27-nə - Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutuna qədər
dövlət statusuna malik olan bu
bayraq sovet Rusiyasının qoşunlarının
Azərbaycanı işğal
etməsi nəticəsində
1920-ci il mayın 3-də
Azərbaycan parlamentinin
binası üzərindən
endirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
olan həmin bayraq 1990-cı il
noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin Sədri,
xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə keçirilən
sessiyada Naxçıvan
Muxtar Respublikasının
dövlət bayrağı
kimi təsdiq edilib. Eyni zamanda Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi bu bayrağın Azərbaycanın
rəsmi dövlət
rəmzi kimi tanınması barədə
Azərbaycan SSR Ali Soveti
qarşısında vəsatət
qaldırıb. 1991-ci il fevralın
5-də Azərbaycan Respublikası
Ali Soveti həmin vəsatətə baxıb
və bu bayrağın yenidən Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2009-cu il
noyabrın 17-də imzaladığı
sərəncamla hər
il noyabrın 9-u ölkədə Dövlət
Bayrağı Günü
kimi qeyd edilir.
2010-cu il
sentyabrın 1-də Prezidentin
iştirakı ilə
Dövlət Bayrağı
meydanının - Bakı
şəhərinin Bayıl
sahəsində yerləşən
memorial abidə-istirahət parkının təntənəli
açılışı olub. Meydanda Dövlət Bayrağı
Muzeyi də yaradılıb.
Azərbaycan bayrağı 2016-cı ildə
işğaldan azad edilən Lələtəpə
yüksəkliyinə sancılaraq
çox tezliklə bütün işğal altında olan torpaqlarımızın da
azad ediləcəyinin
müjdəçisinə çevrilib.
Ürəklərinin üstündə
üçrəngli bayrağımızı
daşıyan ərənlərimiz
Xalqımızın bayraq sevgisi həmişə böyük
olub, bu gün də üçrəngli, ay-ulduzlu
müqəddəs bayrağımız
uğrunda canını
qurban verməyə milyonlar hazırdır.
Bizim üçün bayraq sadəcə ölkəmizin
rəsmi atributu yox, millətimizin qüruru, dövlətimizin
gücü, vətənimizin
azadlıq rəmzidir.
Buna görədir
ki, düşmən tapdağı altında inləyən torpaqlarımızı
azad etmək üçün 2020-ci ilin
27 sentyabrında haqq yürüşünə çıxan
ərənlərimizin hər
biri ürəyinin üstündə üçrəngli
bayrağımızı daşıyırdı. Həmin
bayrağı "azad
yurdlarımızda dalğalandırmadan
çıxdığımız bu yolda öldü
var, döndü yox", - deyirdilər.
Azman oğullarımız irəli
şığıyaraq mənfur
düşməni məhv
edir, Azərbaycan bayrağını əzəli
yurd yerlərimizdə
əbədi dalğalandırırdılar.
Vətən uğrunda gözlərini qırpmadan canlarından keçəndə Azərbaycan
bayrağına bükülərək
son mənzilə yola salınmağı özlərinə
şərəf bilirdilər.
Bayrağa bükülü tabutları
qəbul edən şəhid valideynləri
də o anlarda gözyaşlarını ürəklərinə
axıdıb, başlarını
dik tutaraq "təki bayrağımız
ucalarda dalğalansın,
təki Vətən sağ olsun" deyirdilər.
Torpaqlarımızın azadlığa
qovuşması Müzəffər
Komandana bayrağımızın
möhtəşəm fonunda
məruzə edilirdi
2020-ci il
sentyabrın 27-dən noyabrın
9-dək olan 44 günün
hər birində igid döyüşçülərimiz
qarış-qarış işğaldan
azad etdikləri yurdlarımızda bayrağımızı
qürurla dalğalandırdılar.
Cəsur
oğullarımız Müzəffər
Ali Baş Komandana torpaqlarımızın azadlığını
üçrəngli bayrağımızın
möhtəşəm fonunda
fəxarətlə məruzə
edirdilər.
Vətən müharibəsinin
o 44 günündə Baş
sərkərdəmizin ön
cəbhədəki qələbə
müjdələrini Azərbaycan
xalqına çatdırması
arxa cəbhədə
bir başqa coşqu, ovqat, təntənə yaradırdı...
Bir andaca Azərbaycan başdan-başa bayraqlarımızla
bəzəndi. Əlləri üçrəngli bayraqlı, ürəyi vətən sevdalı insanlar küçələrdə
selə döndü, ölkəmizdə sevinc, şadlıq coşqusu yaşandı. Yurdumuzun dörd
bir yanında Şəhidlər xiyabanlarına
axışan insanlarımız
bayraqlarla bəzənmiş
məzarların başında
qələbə gözyaşları
tökdülər.
O anlarda ürəklərimiz tarixi yurdlarımızda qələbə əhvalı ilə dalğalanmağa başlayan bayraqlarımıza qoşularaq azad quş kimi sevinclə çırpınmağa, Qarabağın, Şuşanın səmalarında süzməyə başladı. Şərqilər səsləndirdi, Zəfər nəğmələri oxudu, "Qarabağ Azərbaycandır" haqq nidasını hayqırdı dünyaya...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi kimi: "Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik".
Şah zirvələrimizin bəzəyi
Könüllərimizin sevgisi, Vətənimizin azadlıq rəmzi...
Şah zirvələrimizə bəzək, parlaq qələbəmizə yaraşıq...
Uca Azərbaycan bayrağım!..
Əbədiyyətə qədər var ol, daim məğrur-məğrur dalğalan...
Dalğalan ki, uğrunda canını qurban verərək qanları ilə al rəngini boyayan şəhidlərimizin də ruhu şad olsun!..
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2022.- 6 noyabr.- S.10.