Zəfərdən sonrakı başlanğıc

 

 

İlham Əliyev iki il öncə Qarabağ və Şərqi Zəngəzura ilk səfəri ilə bu ərazilərimizdə yeni həyatın təməlini qoydu

 

 

Tarix 16 noyabr 2020-ci il...

44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizdən 8 gün, Ermənistanın hərbi kapitulyasiyasından (10 noyabr üçtrəfli Bəyanat) 6 gün sonra...

Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə kimi Qarabağ və Şərqi Zəngəzura ilk səfərini edir və təqvimin bu gününü belə qiymətləndirir: "Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq".

Bu, 200 əsrlik münaqişəyə, 30 illik müharibəyə son qoyaraq adını Azərbaycan tarixinə xilaskar Müzəffər Ali Baş Komandan kimi yazdıran İlham Əliyevin həm də Azərbaycanın ən qüdrətli sərkərdəsi olduğunu təsdiqləyən reallıq oldu.

Bu səfərin digər özəlliyi isə o idi ki, dünya bir daha Azərbaycanın necə bir vəhşi düşmənlə üz-üzə yaşadığına şahidlik etdi, barbarların 30 ildə yurd yerlərimizi hansı hala saldıqları bir daha bəşəriyyətə bəlli oldu.

 

 

İşğaldan azad edilmiş torpaqlarda reallaşan birinci layihə - Zəfər yolu

 

 

Şanlı qələbədən sonra Füzuli rayonundan Şuşa şəhərinə yeni yol çəkilişi ilə bağlı göstəriş verən Prezident bu səfər zamanı həmin yolun inşasına start verdi və Azərbaycanın igid oğullarının qanı-canı bahasına düşmənin üzərinə yeriyərək Şuşaya qədər döyüş yolu keçdikləri bu ərazini Zəfər yolu adlandırdı.   

Uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası ilə bağlı planların icra olunacağını açıqlayan dövlət başçısı Qarabağa ilk səfəri zamanı düşmənin yerləyeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bəyan etdi.

Bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya Zəfər yolunun da təməlini qoydu.

Prezident bildirdi ki, bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi tarixi əhəmiyyəti var. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu. Həmin yol çəkilənədək Şuşaya yalnız Ağdamdan getmək mümkün idi. İndi isə Şuşaya birbaşa Füzulidən də getmək olur.

İlk olaraq Füzuli şəhərində Azərbaycan bayrağını dalğalandıran Prezident dünyaya bir daha mesaj verərək dedi: "Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb".

Ali Baş Komandan Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarət idi. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Düşmənin 30 il ərzində ərazilərimizi xarabalığa çevrilməsinə baxmayaraq, Azərbaycanın bu yerləri yenidən gülüstana döndərməsi üçün iqtisadi qüdrətə sahib ölkə olduğunu deyən İlham Əliyev bütün dünyaya bəyan etdi ki, qısa zamanda hər kəs Azərbaycanla Ermənistanın fərqini görəcək: "Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq".

 

 

 

Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirən Prezident

 

 

 

Sözü imzası qədər keçərli olan İlham Əliyev cəmi 2 ildə Qarabağ və Şərqi Zəngəzurda elə xariqələr yaratdı ki, bu ərazilərə ayaq basan hər kəs heyran qalır. Azərbaycan torpaqlarında misli görünməmiş tikinti-quruculuq işləri gedir.

İlham Əliyevin yeni, modern layihələri sayəsində Böyük qayıdış planı işə düşüb. Artıq 30 il məcburi köçkünlük həyatı yaşayan xalqımız geri qayıdır. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynamağa başlayır.

Prezident İlham Əliyevin ötən iki il ərzində işğaldan azad olunmuş rayonlara etdiyi bütün səfərlər və bu səfərlər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirakı dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın canlanacağına olan inamı daha da möhkəmləndirir.

Cəmi 2 il ərzində tikilən avtomobil yolları, hava limanları, yaşayış məntəqələri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, dəmir yolları, körpülər, tunellərin çəkilişi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi sayılır. Azərbaycan heç bir dövlətdən, maliyyə təşkilatından yardım almadan öz gücünə möhtəşəm layihələri gerçəkliyə çevirir.

Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir.

Bütün layihələrin icra prosesi ilə mütəmadi olaraq yerində maraqlanan quruculuğun baş memarı İlham Əliyev həm də reallığa çevrilən yeniliklərlə bağlı xalqı məlumatlandırır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin hər çıxışı, müsahibəsi, müşavirəsi digər sahələr kimi, işğaldan azad edilən torpaqlarımızdakı bərpa və quruculuq  istiqamətində də görülən işlərin təqdimatıdır.

Əgər İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək, hazırda bu işlərin yüksək səviyyədə aparıldığını böyük əminliklə qeyd edə bilərik.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdən lazımi şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.1;9.