Hərbi zəfərin diplomatik
təminatı
Xalqımızı 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə gətirən böyük və şərəfli yolda, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin illər boyu səbirlə, təmkinlə, məqsədyönlü şəkildə apardığı müstəqil xarici siyasət kursunun misilsiz rolu oldu.
Bu kurs böyük Zəfərimizdən sonra da davam edir və Azərbaycanın bu qələbə ilə regionda yaratdığı geopolitik reallıqların beynəlxalq aləmdə qəbul olunmasında, haqlı mövqeyimizin dəstəklənməsində, Cənubi Qafqazın gələcəyi üçün yeni perspektivlərin açılmasında çox mühüm əhəmiyyət kəsb etməsi danılmazdır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasətin nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti həyata keçirdiyi düşünülmüş siyasətlə beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanıb. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz aparılan islahatlarda bu prioriteti daim nəzərə alır.
Regionda yeni dönəm başlanır
Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin zamanında müəyyən etdiyi çoxşaxəli, müstəqil xarici siyasət kursunu ölkəmizin və xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir. Dəyişən dünyanın geosiyasi reallıqlarına əsasən çevik, təşəbbüskar davranışları ilə ölkəsinə daxili siyasətdə olduğu kimi, diplomatiyada da nailiyyətlər qazandırır. Bu siyasətin başlıca məzmunu Azərbaycanın milli dövlətçilik mənafelərinin qorunması və müasir gerçəkliklərə, yaranmış fürsətlərə uyğun şəkildə daha da inkişaf etdirilməsidir.
Prezident İlham Əliyev 30 il boyunca həll olunmamış münaqişəni hərbi-siyasi yollarla aradan qaldırdı, torpaqlarımızın düşməndən təmizlənməsinə, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasına nail oldu. Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, bu adda inzibati ərazi vahidinin olmadığını bizə qarşı yeni oyunlar qurmaq istəyən hər kəsə sübut etdi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə bu torpaqlarda həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni baxımdan yeni bir dönəmin başlandığı bütün dünya qarşısında bir daha bəyan edildi.
Tarixi fürsətlər
İlham Əliyev tarixi Zəfərimizin böyük dövlətlər və aparıcı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmasına, Ermənistanın yalanlarının əsaslı şəkildə ifşasına nail oldu. Azərbaycanın haqq savaşındakı bu parlaq qələbəsini ilk növbədə bizə dost dövlətlər, eyni tarixi dəyərləri bölüşdüyümüz, müasir dünya reallıqlarının bizi köklərimizə qaytarıb daha da doğmalaşdırdığı türkdilli ölkələr dəstəklədilər. Türk Şurası kimi tanınan Türk Dövlətləri Təşkilatı tərəfindən ötən ilin 12 noyabrında İstanbulda keçirilmiş VIII Zirvə Göruşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Belə bir təşəbbüslə çıxış edən, Vətən müharibəsinə qədərki illərdə də, müharibə zamanı da, Zəfərimizdən sonrakı diplomatik savaşımızda da daim yanımızda olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ali mükafatı cənab İlham Əliyevə təqdim etdi.
Türk Şurasına tamhüquqlu üzv olan Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın bu birgə qərarı Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına nail olmaqla yaratdığı tarixi fürsətlər işığında türk birliyinin formalaşması prosesinə mühüm töhfələrindən, bölgədə davamlı sülh və sabitlik üçün geniş imkanların açılmasından irəli gəlir. Bu baxımdan Azərbaycanın qazandığı möhtəşəm Zəfər daha böyük geopolitik məna daşıyır və bölgədə beynəlxalq əməkdaşlıq, hər kəs üçün faydalı olan qlobal layihələr üçün geniş fürsətlər yaradır.
Xüsusi qeyd olunmalıdır ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına sədrlik Azərbaycana qurumun 2019-cu ilin 15 oktyabrında Bakıda təşkil olunmuş VII Zirvə Görüşündən sonra keçdi. Ötən müddət COVID-19 pandemiyası dövrünə təsadüf etsə də, bu iki ildə təşkilat çərçivəsində mövcud istiqamətlərə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.
2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qurumun COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə zirvə görüşü keçirildi. Dövlət başçıları bəşəriyyəti ağır sınaqlarla üz-üzə qoyan bu xəstəliklə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi apardılar. Qarşıya qoyulan hədəflər müzakirə edildi. Və yekunda Bakı Bəyannaməsi qəbul olundu.
Azərbaycanın Türk Şurasına sədrliyi dövrünün bizim üçün ən önəmli hadisələrindən biri də 44 günlük Vətən müharibəsində qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməyimizdir. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycana ardıcıl dəstək vermiş, ölkəmizin Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynamışdır. Ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq dəstəklənmişdir.
Türkdilli dövlətlər bu gün Azərbaycanın Türkiyə ilə birgə əsasını qoyduğu tarixi reallıqlar işığında bir araya gələrək ortaq keçmişin yaratdığı qarşılıqlı inamla, milli-mənəvi dəyərlərin gücü ilə ortaq gələcəyə doğru addımlayırlar. Regionda həyata keçirilən beynəlxalq layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da artıracaq. Əməkdaşlığımıza yeni bir nəfəs qatacaq.
Azərbaycanın sədrliyi dövründə daha da güclənmiş, qlobal proseslərin əhəmiyyətli iştirakçısına çevrilmiş Qoşulmama Hərəkatının ölkəmizə verdiyi dəstək, İslam Konfransı Təşkilatı çərçivəsində atılan uğurlu addımlar zəfər diplomatiyamızın ciddi nəticələridir.
İnformasiya savaşı
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. Həmin tarixi günlərdə bütün xalq Ali Baş Komandanla həmrəylik, birlik, əzmkarlıq nümayiş etdirdi, bütün gücü, imkanları ilə onun yanında oldu. Hamı ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi idi. Dövlət-xalq-ordu birliyi, Prezidentin siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
O ağır dövrdə Ali Baş Komandan təkcə sərkərdə kimi döyüşləri idarə etmirdi, eyni zamanda diplomatiya səngərində vuruşurdu. Heyrətamiz informasiya savaşı aparırdı, Ermənistanın və onun havadarlarının media təxribatlarını dəf edirdi. Bəzi ölkələr tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsinin bir an dayanmadığı günlərdə Prezident İlham Əliyev verdiyi müsahibələri, hərtərəfli, eyni zamanda soyuqqanlı cavabları ilə təxribatçıları susdurur, fakt qarşısında qoyurdu. Azərbaycanın haqlı mövqeyini çatdırır, düşmənin uydurma miflərini ifşa edirdi. Ölkəmizin ədalət uğrunda çarpışdığını bütün dünyaya tutarlı dəlillərlə göstərirdi.
44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın ədalətli mövqeyini, müharibənin başlanma səbəblərini siyasi uzaqgörənliklə informasiya agentliklərinin nəzərinə çatdırdı. Prezident ötən ilin fevralında yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyətini belə açıqlayıb: "Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur".
Rusiyanın "Rossiya-1, "Pervıy", RBK televiziya kanalları, "Ria Novosti", "TASS" və "İnterfaks" agentlikləri, Türkiyənin "TRT Haber", CNN-Türk, "Haber Global", "Haber Türk", NTV, "A Haber" televiziyaları, Fransanın "Sky News", "France 24" televiziyaları, "Figaro" qəzeti, Almaniyanın ARD televiziyası, Yaponiyanın "Nikkei" qəzeti, ABŞ-ın "Fox News" televiziyası, İtaliyanın Rai-1 televiziyası və "La Repubblica" qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan "Əl-Cəzirə", "Əl-Ərəbiyə", "Euronews", "CNN International", "BBC News" televiziya kanalları kimi aparıcı media qurumlarının tanınmış jurnalistləri Prezident İlham Əliyevin məntiqli, faktlar əsasında səviyyəli cavabları, yüksək təfəkkürü qarşısında susur, heyranlıqlarını gizlədə bilmirdilər. Qətiyyətli siyasi rəhbərə və dövlət başçısına beynəlxlaq marağın yüksək olması bundan irəli gəlirdi. Müharibə zamanı belə bir marağın xüsusilə yüksək olması tam məntiqlidir. Heç bir dövlət başçısı müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan Prezident İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi ilk növbədə Azərbaycanın dövlət başçısının nüfuzlu lider olmasından irəli gəlir.
İlham Əliyevin apardığı müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək onların zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıq əksər dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycan Prezidenti bu savaşın
da qalibi oldu! Hər sözü, kəlməsi ilə...
Mövqeyini bildirdi, xalqımızın ürəyindən xəbər
verdi. İnsanlarımızın
milli birliyindən, vətəndaşlarımızın
Müzəffər Komandanına olan sarsılmaz dəstəyindən
aldığı güclə, inamla həm döyüş
meydanındakı düşmənlərimizi, həm də
beynəlxalq siyasi arenalardakı, media qurumlarındakı bədxahlarımızı
zərərsizləşdirdi. Azərbaycanın
haqq işinə qərəzli yanaşanları elə
haqqın dili ilə susdurdu.
Sülhə
sadiqlik
Azərbaycan 10 noyabr
üçtərəfli Bəyanatın şərtlərinə
uyğun olaraq üzərinə götürdüyü
bütün öhdəlikləri vaxtından əvvəl və
yüksək səviyyədə yerinə yetirmiş,
münaqişənin başa çatması anından sülh
tərəfdarı olduğunu, dinc yanaşı yaşamaq
prinsipinə sadiqliyini bütün dünyaya nümayiş
etdirmişdir.
Məlum olduğu kimi, 10
noyabr Bəyanatı Ermənistanın faktiki kapitulyasiya
aktı idi.
Ərazilərimizi təxminən 30 ilə yaxın müddətdə
işğal altında saxlayan, daim sülh
danışıqlarından, məsələni insan itkilərinə
yol vermədən dinc yolla nizama salmaq üçün
bütün təşəbbüslərdən yayınan Ermənistanın
bu biabırçı məğlubiyyətindən sonra Azərbaycan
da eyni cür davranıb danışıqlardan müəyyən
mənada kənarlaşa, imtina edə bilərdi. Bununla belə, ölkəmiz ilk günlərdən
sülh təşəbbüsləri ilə
çıxış etməyə başladı. Təhlükəsizlik prinsiplərinə, bölgədə
əmin-amanlığın, davamlı inkişafın bərqərar
olması arzusuna hər zaman sadiqliyini nümayiş etdirdi.
Bunun özü nadir haldır ki, qalib dövlət
bütün ordusunu darmadağın edib kapitulyasiya sənədinə
qol çəkmək məcburiyyətində qoyduğu
ölkəyə sülh təklif edir, müharibə
zamanı on minlərlə üzvü fərarilik edərək
cəbhə bölgəsindən qaçan Ermənistan cəmiyyətini,
nəhayət ki, ağıllanmağa, saxta miflərdən əl
çəkməyə, yanlışlarını etiraf edib
sülh prinsipləri ilə razılaşmağa, əməkdaşlıq
təşəbbüslərinə qoşulmağa
çağırır.
Hazırda Avropa İttifaqının
və Rusiyanın vasitəçiliyi ilə aparılan
sülh danışıqları prosesində ilk növbədə
iki dövlət arasında sərhədlərin delimitasiya və
demarkasiyası, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası,
eləcə də Zəngəzur dəhlizinin
açılması, minalanmış ərazilərin dəqiq
xəritələrinin Azərbaycana verilməsi, həmçinin
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
imzalanması məsələsi gündəmdədir. Hələlik danışıqlarda tam arzuedilən nəticə
əldə olunmasa belə, proseslərin ümumi axarı
müzakirələrin konstruktiv məcrada davam etdiyini və Azərbaycanın
bu məsələdə də qarşıya qoyduğu hədəflərə
əvvəl-axır nail olacağını göstərir.
Bu gün Azərbaycan regionun
lider dövləti kimi bölgənin gələcək təhlükəsizliyinin,
davamlı inkişafının əsas təminatçısıdır. Bu baxımdan
Azərbaycanın sülhün, əmin-amanlığın əldə
edilməsi imkanlarına ədalətli baxışı, irəli
sürdüyü təkliflər həlledici olmalıdır.
Ermənistanın sülh əldə olunması
üçün Azərbaycanın irəli sürdüyü beş təməl prinsipə
razılaşması diplomatiyamızın mühüm nailiyyətlərindən
xəbər verir. Bu prinsiplərin məzmunu Azərbaycan
Prezidentinin tarixi qələbəmizdən sonra da bu məsələ
üzrə diploimatik fəaliyyəti nə qədər dəqiqliklə,
ədalətli və beynəlxalq hüquq normalarına
uyğun şəkildə apardığını, dövlətimizin
haqlı mövqeyini dünya ictimaiyyətinə qəbul
etdirdiyini göstərir.
Azərbaycanın Ermənistana
təklif etdiyi prinsiplər tərəflərin suverenliyini, ərazi
bütövlüyünü, beynəlxalq sərhədlərinin
toxunulmazlığı və siyasi müstəqilliyini
qarşılıqlı şəkildə
tanınmasını, bu dövlətlərin bir-birilərinə
qarşı ərazi iddialarının olmamasının
qarşılıqlı təsdiqi və gələcəkdə
belə bir iddianın qaldırılmayacağına dair
hüquqi öhdəliyin götürülməsini nəzərdə
tutur. Dövlətlərarası münasibətlərdə
tərəflərin təhlükəsizliyinə hədə
törətməkdən, siyasi müstəqillik və ərazi
bütövlüyünə qarşı gücdən istifadə
etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə
uyğun olmayan digər hallardan çəkinmək də bu
prinsiplərə daxildir. Bundan başqa, Azərbaycan
dövlət sərhədlərinin delimitasiyası və
demarkasiyasını, diplomatik münasibətlərin
qurulmasını, nəqliyyat və kommunikasiyaların
açılmasını, digər müvafiq
kommunikasiyaların və qarşılıqlı maraq
doğuran başqa sahələrdə əməkdaşlığın
yaradılmasını təklif edir. Ermənistanın
bu baza prinsiplərini qəbul etməsindən sonra hazırda
iki ölkə bu şərtlər əsasında intensiv,
substantiv və nəticəyə yönələn
danışıqlar aparmaqla ikitərəfli sülh
sazişinin imzalanmasına çox yaxındır.
Danışıqlar çərçivəsində
əldə olunan ilkin razılaşmalar, elan edilən bəyanatlar
Azərbaycanın milli maraqlarına uyğundur. Belə ki,
danışıqların ümumi məzmunu dövlətlərin
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
aləmdə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsiplərinə hörmət, onlar
arasında nəqliyyat-kommunikasiya əlaqələrinin
inkişafına dəstəyin hər kəs tərəfindən
qəbul edildiyini göstərir ki, Azərbaycanın da istədiyi
məhz budur. Heç bir halda status məsələsi
və "Dağlıq Qarabağ" ifadəsinin
danışıqların predmeti olmaması, heç bir sənəddə
bununla bağlı ifadələrin öz əksini tapmaması
da Azərbaycan diplomatiyasının ciddi uğurlarıdır.
Postmünaqişə
həqiqətləri
Bütün bunlara paralel olaraq informasiya
savaşında da Ermənistan üzərində
üstünlüyün qorunub saxlanması, ermənilərin hələ
də səsləndirməkdə olduqları yalanların
ifşası, təxminən 30 ilə qədər çəkən
işğal dövründə onların Azərbaycan ərazilərində
törətdikləri vandalizm əməllərinin dünyaya
göstərilməsi və ölkəmizə külli miqdarda
ziyan vurmuş bu cinayətlərə görə onların ədalət
mühakiməsi qarşısında cavab verməsinə nail
olmaq da bu gün Azərbaycanın həyata keçirdiyi xarici
siyasətin mühüm istiqamətlərindən birini təşkil
edir. İşğaldan azad edilmiş bölgələrimizə
mütəmadi şəkildə xarici diplomatların, ölkəmizə
gələn qonaqların, beynəlxalq media qurumlarını təmsil
edən jurnalistlərin səfərləri təşkil olunur,
onların mövcud vəziyyəti öz gözləri ilə
görüb işıqlandırmalarına, beləliklə,
postmünaqişə həqiqətlərinin obyektiv şəkildə
göstərilməsinə şərait yaradılır.
Ermənistanın
dağıdıcı əməlləri fonunda Azərbaycan
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq
tədbirləri ilə bölgənin əsl inkişaf məkanına
çevrilməsi üçün ardıcıl addımlar
atır, quruculuq əzmini, regionda sülh, təhlükəsizlik
məramını bütün dünyaya nümayiş etdirir.
Azərbaycanın
beynəlxalq nüfuzu daha da güclənir
Bu gün baş verən
qlobal proseslər Azərbaycanın dünya üçün
önəmini daha da artırır. Ölkəmizin Avropa
qitəsinin enerji təhlükəsizliyinin təminatçısı
statusunu gücləndirir. Prezident İlham
Əliyevin son onilliklərdə böyük bir qitənin
enerji təhlükəsizliyinin təmin olunması istiqamətində
atdığı addımlar, irəli sürdüyü təşəbbüslər
ölkəmizin beynəlxalq nüfuzunu da yüksəldir,
qlobal proseslərə təsir imkanlarını da genişləndirir.
Azərbaycan qazının
birbaşa Avropa bazarına çıxışını təmin
edən "Cənub qaz dəhlizi" layihəsi artıq
reallıqdır. Ölkəmiz nail olduğu belə qlobal təşəbbüslərlə
bir tərəfdən, Avropa üçün enerji təhlükəsizliyi,
enerji mənbələrinin şaxələndirilməsi və
azad rəqabət imkanları yaradır, digər tərəfdən
isə, istehsalçı, istehlakçı və tranzit
dövlətlər arasında balansı təmin edir. Bütün bunlar enerji məsələlərindən
siyasi alət kimi istifadə meyillərinin
qarşısını alır.
Bu baxımdan 2022-ci ilin
iyulunda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun
imzalanması son illərin ən mühüm diplomatik
uğurlarındandır. Dövlətimizin
başçısının da bəyan etdiyi kimi, bu memorandum
gələcək üçün bir növ yol xəritəsidir.
Hazırda enerji təzyiqləri ilə üzləşən
Avropa İttifaqı mövcud problemi minimallaşdırmaq
üçün Azərbaycandan Avropa məkanına qaz nəqlini
iki dəfə artıracaq. Bundan başqa,
Azərbaycanın zəngin alternativ enerji potensialından
istifadə ilə bağlı da genişmiqyaslı layihələr
nəzərdə tutulur. Bütün bunlar
beynəlxalq aləmdə Azərbaycana olan yüksək
etimadı, ölkəmizin etibarlı tərəfdaş imicini
göstərir.
Dövlətimiz mədəniyyət
diplomatiyasını da uğurla davam etdirir, ümumbəşəri
dəyərlərin qorunması və təbliğı istiqamətində
mühüm işlər görür, sivilizasiyalararası
dialoqa, multikulturalizm
ideyalarının yayılmasına əhəmiyyətli
töhfələr verir, öz təcrübəsi ilə
başqa ölkələr üçün örnək
yaradır, bütün bunların Azərbaycanda bir həyat tərzi olduğunu bəyan
edir.
Bu gün Zəfər tarixi
dirçəliş tarixi ilə davam etdirilir. Torpaqlarımızda
genişmiqyaslı quruculuq işləri vüsət alır.
Qüdrətli ordumuzun başladığı
işi, qazandığı möhtəşəm Qələbəni
güclü iqtisadiyyatımız davam etdirir. Aparılan məqsədyönlü siyasət Azərbaycanın
hərbi zəfərinin diplomatik təntənəsidir və
xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə
əldə edilən bütün bu nailiyyətlərlə Zəfər
tarixinin davamını yazır.
İradə ƏLİYEVA
Azərbaycan.- 2022.- 6 noyabr.- S.16.