Azərbaycan və Albaniya
prezidentləri mətbuata bəyanatlarla çıxış
ediblər
Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə Albaniya dövlətinin
başçısı çıxış etdi.
Prezident Bayram Beqayın bəyanatı
- Hörmətli Prezident Əliyev.
Əziz dostlar.
Hörmətli iştirakçılar.
Bu gün mən Azərbaycan Prezidenti cənab İlham
Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm.
Cənab
Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə
apardığınız məhsuldar əməkdaşlığa
görə təşəkkürümü bildirmək istəyirəm.
Bu, əlaqələrimizin tarixində ilk
mühüm dövlət səfəridir. Azərbaycan
Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər
münasibətlərimizin inkişaf etdirilməsində,
xalqlarımız arasında əməkdaşlığın
genişləndirilməsində qarşılıqlı iradəmizin
təzahürüdür.
Ölkələrimiz arasında aparılan dialoqa görə
dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox
yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq
doğuran əməkdaşlığın yeni sahələrini
açır. Albaniya ilə Azərbaycan
arasında diplomatik əlaqələrin qurulmasının 30-cu
ildönümünün qeyd edilməsinə gəldikdə,
2023-cü ildə biz əməkdaşlığımızın
daha intensiv mərhələsinə qədəm
qoyacağıq. Biz burada Azərbaycan Həftəsini
keçirmək niyyətindəyik. Əslində,
bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq
olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin
açılması ilə əlaqədar iradəsini
bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq
və həmin addım ölkələrimiz arasında əməkdaşlığın
yaxşı təzahürüdür.
Bu gün aparılan müzakirələr xüsusilə
vacibdir, çünki biz gələcək üçün
yeni istiqamətləri müəyyən edirik, bizim
üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək
istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi
daha da möhkəmləndirə bilər. Beləliklə
Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı
və sənaye sahələrində əməkdaşlığın
genişləndirilməsində olduqca maraqlıdır.
Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri
Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək,
ölkələrimizin geosiyasi əhəmiyyətini
artırır və regional, o cümlədən Avropa səviyyəsində
qaz təchizatının şaxələndirilməsini
nümayiş etdirir. Bilirik ki, bu sahədə
ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi
var. Albaniya, həmçinin öz ərazisində tranzit
imkanlarından istifadəyə çox açıqdır və
hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə
tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin
əldə olunmasını səmimiyyətlə arzu edirik.
Beləliklə, biz əməkdaşlığımızın
yeni yollarını açırıq və bu məqsədlə
Azərbaycan tərəfinin göstərəcəyi səyləri
alqışlayırıq. Fikrimizcə,
birgə işləyərək öz imkanlarımızı səfərbər
edə biləcəyik və daha da genişləndirəcəyik.
Əslində, turizm ölkələrimizin
iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan
uğurlu təcrübəni özündə əks etdirir.
Biz bundan yararlana bilərik. Mən
cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan
tərəfindən qoyulacaq sərmayələri yüksək
dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət
sahəsində birgə işləməliyik ki,
xalqlarımız daha yaxın olsun, bir-birini tanısın.
Bununla bağlı iki tərəf arasında
yeni sazişlər imzalana bilər. Bilirik
ki, mədəniyyət və incəsənət sahəsinə
aid olan minlərlə eksponat nümayiş etdirilə bilər.
Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin
qorunmasına töhfə verəcəkdir. 2019-cu
ildə baş vermiş zəlzələdə də göstərilən
yardımı yüksək dəyərləndiririk.
İstərdik
bildirək ki, Ukraynada gedən müharibə və onun nəticələrinə
gəldikdə, biz ümumi mövqedən
çıxış edirik: diplomatiya və dialoq irəliyə
doğru aparan əsas yoldur. Bu, həmçinin
Cənubi Qafqaz və digər bölgələr
üçün də vacibdir. Albaniya Azərbaycanın
ərazi bütövlüyünü hər zaman dəstəkləyib
və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
icra olunmasına öz dəstəyini verib. Ukraynadakı müharibəyə gəldikdə, bəyan
edirəm ki, biz Ukraynanın ərazi
bütövlüyünü dəstəkləyirik və istəyirik
ki, bu məsələ sülh yolu ilə, beynəlxalq
hüquq normaları əsasında öz həllini tapsın.
Mən, həmçinin bildirdim ki, ölkələrimiz
arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa
Şurasında məhsuldar əməkdaşlıq
aparılır. BMT Təhlükəsizlik
Şurasına Albaniyanın namizədliyinə, o cümlədən
ATƏT-in sədrliyinə dəstək verilməsi ilə
bağlı müraciət etdim. Əlbəttə
ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız
bu baxımdan gələcəkdə də davam etdirilməlidir.
Digər
məsələlərə gəldikdə, mən cənab
Prezidentə bildirdim ki, Kosovo Albaniya üçün çox əhəmiyyətlidir
və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi
üçün vacibdir. Parlamentlərarası əməkdaşlığa
gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq
qrupları fəaliyyət göstərir. Bu istiqamətdə
atılacaq addımlar çox ola bilər.
İstərdik ki, parlamentlərimiz bir-biri ilə
sıx əməkdaşlıq etsinlər.
Yekun olaraq bildirmək istəyirəm ki, bizim ikitərəfli
münasibətlərimizə gəldikdə, gedəcəyimiz
yol və əldə edəcəyimiz nəticələr
çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə,
ölkələrimiz arasında münasibətlərə çox
yaxşı gələcək arzu edirəm.
Cənab
Prezident, gəldiyinizə görə çox sağ olun. Bir daha, Albaniyaya xoş gəlmisiniz. Çox sağ olun, cənab Prezident.
X X X
Sonra Azərbaycan dövlətinin başçısı
çıxış etdi.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli
cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, dəvətə
və göstərdiyiniz qonaqpərvərliyə görə
Sizə təşəkkürümü bildirmək istəyirəm.
Mən gözəl ölkənizə ilk dəfə səfər
edirəm və burada olmağımdan çox məmnunam. Əminəm
ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin
inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək
görüşdə bir çox məsələləri
müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək
yaxın əməkdaşlıq üçün çox
gözəl imkanlar vardır.
Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki
illərdə Azərbaycana dəfələrlə səfər
etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda
səfərdə idi. Eyni zamanda, bu ilin aprel
ayında Baş nazir Edi Rama da bizim qonağımız idi.
Bu gün mənim səfərim onu göstərir ki, siyasi
dialoqun çox gözəl təzahürləri var və
çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar,
əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan
marağı göstərir, eyni zamanda, imkan verir ki, çox
önəmli məsələlər müzakirə edilsin.
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız
da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz
ki, Albaniya həmişə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyib və bu dəstək
həmişə qarşılıqlı olub, biz bunu çox
yüksək qiymətləndiririk. Həm
işğal dövründə, həm İkinci Qarabağ
müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını,
Azərbaycanın ərazi bütövlüyünə
göstərilən dəstəyi biz çox yüksək
qiymətləndiririk.
Biz İkinci Qarabağ müharibəsinin nəticəsi
olaraq öz əzəli torpaqlarımızı
işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti
bərpa etdik.
Siz BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə toxundunuz. Qeyd etməliyəm
ki, bu qətnamələr 1993-cü ildə qəbul
olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan
bu qətnamələrin icrasına maraq göstərmirdi,
faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq
birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana
hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ
qaldırmışdır ki, Ermənistana qarşı
sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın.
Çünki Azərbaycan ərazisinin 20 faizini
işğal etmək böyük cinayətdir və
işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq
hərbi cinayətdir. Orada törədilmiş
dağıntılar faktiki olaraq o torpaqları tamamilə
cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər
işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan
etmişlər, qalan iki məsciddə isə heyvan - inək,
donuz saxlamışlar və bütün müsəlmanların
hisslərinə toxunmuşlar.
Biz bu məsələni təkbaşına həll etdik,
ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi
Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara
qayıtmışıq və bu torpaqlara həyat
qayıdır. Xalqımız, dövlətimiz
üçün əsas olan məsələdə ölkənizin
bizə dəstək verməsi, əlbəttə ki, bizim
üçün çox önəmlidir və bir daha buna
görə Sizə təşəkkürümü bildirmək
istəyirəm.
Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.
O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.
Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.
Eyni zamanda, biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik.
Daha bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Buna görə də mən Sizə minnətdaram.
Çıxışımın
sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi
səfərə dəvət etmək istəyirəm. Dəvətə
və qonaqpərvərliyə görə bir daha təşəkkürümü
bildirirəm. Sağ olun.
Azərbaycan.-2022.- 16 noyabr.- S.3.