Azərbaycan əsilli fransızlar Fransa Senatı qarşısında etiraz aksiyası keçiriblər

 

Fransada bəzi siyasətçilərin ölkəmizə qarşı qərəzli mövqeyi Azərbaycan əsilli fransızların səbir kasasını daşırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan əsilli fransızlar senatorların qərəzli mövqeyinə etiraz olaraq Fransa Senatının binası qarşısında sakit etiraz aksiyası keçiriblər.

Fransa Senatında beş senator ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasına dair qətnamə layihəsi təqdim etməklə anti-Azərbaycan mövqelərini bir daha göstərib. Bu gün Senatda qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Fransanın Azərbaycan əsilli vətəndaşları isə bu ölkədə bir qrup ermənipərəst deputatın sosial şəbəkələrdə, eləcə də Fransa parlamentinin aşağı və yuxarı palatalarında bəzi deputatların çıxışlarından təngə gəldikləri üçün Fransa Senatının binası qarşısında sakit etiraz aksiyası keçirməyi qərara alıblar.

Senatın binası qarşısında təşkil olunan etiraz aksiyasının iştirakçıları “Ədalət tələb edirik!”, “Terrorizmə YOX deyirik!”, “Senat ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!”, “Erməni terrorizminə son qoyun!”, “Erməni yalanlarına uymayın!” kimi şüarlar nümayiş etdirib və səsləndiriblər. İştirakçılar əllərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamları, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, o cümlədən amansızlıqla qətlə yetirilmiş dinc azərbaycanlı qadın və uşaqların fotoşəkillərini nümayiş etdiriblər.

Avropa Azərbaycan Konqresi İdarə heyətinin üzvləri Zaur Sadıqbəyli və Mehriban Ovçuyeva Fransadakı Azərbaycan icması adından çıxış edərək, fransız senatorlarını ədalətli olmağa, balanslı debatlar aparmağa çağırıblar. Fransada bütün medianın, hətta “Public Senatteleviziya kanalında gedən debatların birtərəfli olduğunu pisləyiblər. Bildiriblər ki, Azərbaycan və Ermənistanın münasibətlərinə dair müzakirələr, hökumətə suallar, hətta qətnamələr, sistemli şəkildə deyilən fikirlər yalnız erməni lobbisinin mövqeyini əks etdirir. Vurğulayıblar ki, Brüno Rötayo (Bruno Retailleau) və onun bir neçə həmkarının təklif etdiyi qətnamə layihəsi ədalətsizdir və reallığı əks etdirmir. Bu, erməni lobbisi və onların havadarlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyadır. Soydaşlarımız bir daha diqqəti Fransada Azərbaycan əsilli fransızlara qarşı media blokadasına çəkərək, bunu demokratiyaya zidd olduğunu bildiriblər. Azərbaycanın yalnız sülhü təşviq etdiyi vurğulanıb.

Aksiya iştirakçıları fransalı senatorların Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli yanaşmalarına, eləcə də qətnamə təklifini irəli sürən beş senatorun yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pislədiklərini və rədd etdiklərini vurğulayıblar. İştirakçılar Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransanın bitərəf qalmasının vacibliyini xatırladıblar. Senat üzvlərinin belə düşünülməmiş addımının ciddi nəticələr doğuracağını, regionda münaqişəni yenidən alovlandıra biləcəyini qeyd ediblər. Etirazçılar bəzi fransız siyasətçilərin irqçi dünyagörüşünün və şəxsi ambisiyalarının, eləcə də erməni əsilli fransızların tutduqları mövqenin təhlükəli olduğunu və Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yarada biləcəyini vurğulayaraq, onları dərindən düşünməyə çağırıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda, fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir və qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər.

Qeyd edilib ki, Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutması çox vacibdir. Birtərəfli ittihamlarsanksiyalarla vəziyyəti gərginləşdirmək olmaz. Eyni zamanda vurğulanıb ki, Azərbaycana qarşı iqtisadi təzyiq siyasəti sadə avropalılara ancaq yeni problemlər və çətinliklər gətirər. Bu cür təhdidlər, heç şübhəsiz, sülh səyləri ilə uyğun gəlmir.

Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməni əsilli fransızların böyük əksəriyyəti Ermənistana heç vaxt ayaq basmayıblar. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağırırlar.

Sonda diqqətə çatdırılıb ki, Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olmalıdır.

 

Azərbaycan.-2022.- 16 noyabr.- S.5.