Müstəqil dövlətçiliyin
siyasi istinadgahı
Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Bu zaman ərzində YAP-ın keçdiyi yola nəzər salsaq, onun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm tarixi rol oynadığının şahidi oluruq. Ötən illər ərzində YAP-ın əldə etdiyi uğurlar partiyanın qarşısına qoyduğu məqsədlərin xalqımızın maraqlarına söykənməsi, ölkəmizin daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Sübut olunmuşdur ki, ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, xarici siyasətlə bağlı partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna əsaslanmaqla layiqincə yerinə yetirilmişdir.
1992-ci il noyabrın 21-də təsis edilməsindən keçən qısa müddət ərzində YAP-ın ümumxalq partiyasına çevrilməsi ona Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsindən və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsindən, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməkdən irəli gəlmişdir. Partiya yaranarkən "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarı onun əsas devizi olmuşdur ki, bu da təsadüfi deyildir. Çünki 1990-cı ilin əvvəlində Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi dövlət hakimiyyəti, eləcə də siyasi partiyalar qarşısında ciddi vəzifələr qoyurdu. Əsas prinsipial məqsəd Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etməkdən, demokratik siyasi sistemi və bazar iqtisadiyyatı münasibətlərini formalaşdıraraq inkişaf etdirməkdən ibarət idi. Təəssüflər olsun ki, həmin dövrdə hakimiyyətdə olan dairələr göstərilən vəzifələrin həyata keçirilməsi üçün yaranmış tarixi-siyasi şəraiti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Onların naşı siyasət aparmalarının nəticəsində Azərbaycan xalqı illərdir böyük arzusunda olduğu dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi.
YAP-ın yaradılmasının bəyan edilməsi hətta beynəlxalq aləmdə böyük maraqla qarşılandı ki, bunun da bir çox səbəbləri var idi. Çünki mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda baş verən hadisələr dünya dövlətləri tərəfindən ciddi şəkildə izlənilirdi. Məlumdur ki, həmin dövrdə respublikamızda qeyri-müəyyən ictimai-siyasi vəziyyət hökm sürürdü. Ümummilli birlik və vətəndaş həmrəyliyi demək olar ki, yox dərəcəsində idi, ictimai-siyasi proseslər idarəolunmaz xarakter almışdı, Ermənistanın hərbi təcavüzü və respublikamızın suverenliyini təhdid edən separatçı meyillər güclənirdi. Buna görə də Heydər Əliyev kimi müdrik şəxsiyyətin sədri olduğu YAP-ın böhran vəziyyətində olan Azərbaycanın xilası ilə bağlı mövqeyi xalqımız tərəfindən ümid və inamla qarşılanmış, hərtərəfli müdafiə olunmuşdur. Heydər Əliyevin respublikamızda və xarici ölkələrdə nəşr edilən KİV-ə verdiyi müsahibələrə böyük diqqət yetirilirdi. Dünyanın nüfuzlu politoloqları öz şərhlərində Ulu Öndərin fikirlərini Azərbaycanı üzləşdiyi vəziyyətdən çıxara biləcək rasional yanaşma kimi dəyərləndirirdilər.
YAP yaranarkən onun əsas məqsədi yalnız hakimiyyətə gəlməkdən ibarət deyildi. Bununla bağlı olaraq Heydər Əliyev partiyanın I Qurultayındakı çıxışında bildirmişdir: "Beləliklə, biz 1992-ci ilin noyabr ayında Naxçıvanda partiyamızı - onun proqramı və nizamnaməsi haqqında burada deyildi - ağır, çətin bir şəraitdə yaratdıq. Nizamnamədə də var, bu partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranır, bu partiya parlament tipli bir partiyadır. Yəni biz tamamilə demokratiya yolu ilə gedirdik. ...Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı". Partiyanın proqramında əksini tapmış vəzifələrin yerinə yetirilməsi və ideoloji prinsiplərə riayət edilməsi vasitəsilə Azərbaycanın üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları göstərilirdi. Respublikamızın şəhər və rayonlarında tez bir vaxtda YAP-ın yerli şöbələrinin yaradılması və onun üzvlərinin sayının dinamik artımı, xüsusilə xalqımızın intellektual təbəqəsini təmsil edən insanların partiya sıralarına kütləvi şəkildə qoşulması nəticəsində YAP Azərbaycanın siyasi sistemində güclü sosial bazası olan təşkilat kimi böyük nüfuz qazanmağa başladı.
YAP-a böyük uğur gətirən əsas xüsusiyyətlərdən biri yeni iqtisadi və siyasi sistemə keçidlə bağlı partiyanın tutduğu mövqeyi ilə bağlı olmuşdur. Məlumdur ki, 1990-cı ilin əvvəllərində Azərbaycanda demokratik siyasi sistemə və bazar iqtisadiyyatı münasibətlərinə keçidlə bağlı müxtəlif yanaşmalar mövcud idi. Bəzi ictimai-siyasi təşkilatlar həmin keçidin inqilabi yolla reallaşdırılmasının tərəfdarı kimi çıxış edirdilər ki, bu da cəmiyyətdə kəskin siyasi-iqtisadi böhranın və qarşıdurmaların yaranmasına gətirib çıxara bilərdi. Lakin onlardan fərqli olaraq YAP cəmiyyətin inkişaf qanunauyğunluğuna əsaslanıb yeni iqtisadi-siyasi sistemə keçidin təkamül və islahatlar yolu ilə mümkünlüyünün vacib olduğunu bəyan edirdi və bu yanaşma partiyanın əsas ideoloji prinsiplərindən biri idi. Buna görə də Heydər Əliyev həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən, həm də sonrakı dövrdə - Azərbaycan Respublikasının Prezidenti kimi xalqımızın müstəqil dövlətçilik ənənələrinin qorunması, eyni zamanda yeni iqtisadi-siyasi sistemə səmərəli keçidin təmin edilməsi üçün təkamülə və varislik prinsipinə üstünlük vermişdir.
YAP yaranmamışdan əvvəl Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, Ali Sovetinin isə Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərindən olan üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması və Azərbaycanın dövlət gerbinin hazırlanması məqsədilə müsabiqənin elan edilməsi haqqında vəsatət qaldırılmışdır.
1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, həm də YAP-ın fəaliyyətində yeni inkişaf mərhələsinin bünövrəsini qoydu. YAP-ın proqramında öz əksini tapmış daxili və xarici siyasət, ideoloji məsələlərlə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu sahədə əldə olunmuş uğurlar partiyanın proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin obyektiv reallığa, dövrün tələblərinə əsaslandığını və ən başlıcası xalqımızın maraqlarını ifadə etdiyini göstərdi.
1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda müstəqil dövlət quruculuğunun tərkib hissəsi kimi genişmiqyaslı islahatlar aparıldı. Heydər Əliyevin YAP-a sədrliyi dövründə Azərbaycan dövlətinin bütün sahələrində böyük uğurlar əldə olundu. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafı istiqamətində mühüm addımlar atıldı. Daxili və xarici dairələrin təxribatlarının, destruktiv fəaliyyətlərinin qarşısı qətiyyətlə alınıb ictimai-siyasi sabitlik təmin olundu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlıq siyasətinin mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və respublikamızın işğal olunmuş ərazilərinin azad edilməsi üçün fəal siyasi-diplomatik mübarizə aparıldı. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün vahid komandanlığa malik olan Azərbaycanın Silahlı Qüvvələri yaradıldı.
Azərbaycanın siyasi sistemində demokratikləşmə prosesləri geniş vüsət aldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Çoxpartiyalı siyasi sistem formalaşaraq inkişaf etdi, fikir və söz azadlığının təmin edilməsi üçün mühüm addımlar atıldı. Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması ictimai münasibətlərin inkişafına keyfiyyətcə yeni xüsusiyyətlər gətirdi. Milli və dini münasibətlər azərbaycançılıq məfkurəsi əsasında formalaşaraq inkişaf etməyə başladı, milli birlik və vətəndaş həmrəyliyi yaradıldı.
Müharibə şəraitində yaşamasına və keçid dövründən irəli gələn obyektiv çətinliklərə baxmayaraq, iqtisadi sahədə böyük nailiyyətlər əldə olundu. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi və ölkəmizə xarici sərmayə qoyuluşunun həcmi ildən-ilə artmağa başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyuldu. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. Ölkəmizdə elm, mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildi, bu sahədə çalışan insanların sosial məsələlərin həllinə böyük qayğı ilə yanaşıldı.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar həm də YAP-ın proqramında qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi demək idi. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq 1995-ci il noyabrın 12-də keçirilmiş parlament seçkilərində və 1999-cu il dekabrın 12-də bələdiyyə seçkilərində YAP-ın qələbə qazanması partiyanın aparıcı siyasi qüvvə kimi ümumxalq partiyası olduğunu göstərdi. YAP-ın 1999-cu il dekabrın 20-21-də keçirilmiş I Qurultayında partiyanın təsis konfransında qəbul etdiyi proqram və Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. YAP-ın müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar və seçkilərdəki qələbələri, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi partiyanın məqsədlərinin realist və praqmatik xarakter daşıdığından irəli gəlmişdir.
YAP-ın inkişafında ən mühüm əlamətdar hadisələr içərisində cənab İlham Əliyevin partiyanın I Qurultayında Partiya sədrinin müavini, II Qurultayında partiya sədrinin birinci müavini, III Qurultayında isə partiyanın sədri seçilməsi xüsusi yer tutur. Bundan sonra partiya yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuş, onun sosial və intellektual bazası daha da güclənmiş, xüsusilə gənclərin partiyaya üzv olması prosesi daha da sürətlənmişdir. Prezident seçkilərində YAP-ın namizədi kimi cənab İlham Əliyevin qələbə qazanması xalqımızın partiyanın sədrinə olan böyük inam və etimadından irəli gəlmişdir. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin irəli sürdüyü "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışı əsasında Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazanmış, regionun aparıcı dövləti kimi dünya birliyində mövqeyini daha da möhkəmləndirmişdir.
Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti özündə ümummilli maraqları ehtiva etməklə müasir dövrün çağırışlarına cavab verir. Bunun nəticəsidir ki, cəmiyyətin bütün sahələrində əldə olunmuş uğurlar Azərbaycanı dünyaya modernləşmə yolu ilə inkişaf edən, güclü iqtisadi potensiala və inkişafa malik olan qüdrətli dövlət kimi tanıdır. Xarici siyasətdə əldə olunmuş uğurlar, regional və beynəlxalq əhəmiyyət daşıyan enerji-nəqliyyat layihələrinin reallaşmasında yaxından iştirakı, qlobal problemlərin həllinə həsr olunmuş beynəlxalq tədbirlərə evsahibliyi etməsi Azərbaycanın dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə təsir imkanlarını daha da artırır.
Ölkəmizin bütün sahələrinə diqqət yetirsək, davamlı inkişafın şahidi oluruq. Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə, region dövlətləri arasında qabaqcıl yer tutur. İşsizlik və yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində prinsipial addımlar atılır, əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafı məqsədilə xeyli sayda dövlət proqramlarının həyata keçirilməsi nəticəsində rayon, şəhər, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılır. Davamlı inkişafın demoqrafik vəziyyətə müsbət təsir göstərməsinin nəticəsidir ki, əhalinin sayında dinamik artım baş verir.
Azərbaycanın sarsılmaz təməlini təşkil edən Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müasir dövrün çağırışlarından irəli gələn tələblərə obyektiv, yaradıcı şəkildə yanaşılması ölkəmizin tərəqqisinin əsasında dayanır. Bu proses ümummilli maraqların prioritetliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, xalq-hakimiyyət birliyi və demokratik dəyərlərin cəmiyyətdə özünə dərin kök salması kimi xüsusiyyətlərlə xarakterizə olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunması, dini-mədəni müxtəlifliyin təmin edilməsi, multikultural və tolerant ənənələrin inkişafı üçün hərtərəfli şəraitin yaradılması milli birliyi və vətəndaş həmrəyliyini möhkəmləndirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkan kimi dünya mədəniyyətinin və sivilizasiyasının inkişafına mühüm töhfələr verir.
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində əldə olunmuş uğurlar parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinin, Müzəffər Ali Baş Komandan kimi qətiyyətli mövqeyinin və prinsipial diplomatik mübarizə apardığının şahidi oldu. Ötən illər ərzində Azərbaycan dövlətinin qazandığı uğurlar və dünya birliyində böyük nüfuzu, xalq-iqtidar birliyi Vətən müharibəsində şanlı qələbənin əldə edilməsində böyük rol oynamışdır. Azərbaycan müharibədə erməni faşizmini darmadağın etməklə öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bütün dünyaya göstərdi.
Yüksək intellektual səviyyəyə malik olan, Vətənini sevən Azərbaycan gəncləri partiyanın fəaliyyətində yaxından iştirak edirlər. YAP-da onların bilik və bacarıqları yüksək qiymətləndirilir, dövlət və yerli idarəetmə orqanlarında lazımi səviyyədə təmsilçiliyinə böyük önəm verilir. Bundan əlavə, YAP-ın üzvü olan gənclərin yerli və ümumrespublika səviyyəsində, habelə xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirakı və çıxış etmələri partiyanın yüksək inkişaf perspektivlərinin olduğunu göstərir. YAP gender bərabərliyini təmin etməklə dövlət və yerli idarəetmə orqanlarında qadınların təmsilçiliyini diqqət mərkəzində saxlayır.
İnformasiya-Kommunikasiya texnologiyalarının inkişafının sürətlənməsi, qlobal səviyyədə keyfiyyətcə yeni siyasi və iqtisadi proseslərin baş verməsi, ölkəmizin sürətli inkişafı YAP-ın qarşısında yeni hədəflər və vəzifələr qoymuşdur. Bütün bunlar partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayındakı çıxışlarda öz əksini tapmışdır. Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında yeni dövrün reallıqlarını nəzərə alaraq partiyanın qarşıdakı mərhələdə fəaliyyət istiqamətləri ilə bağlı bildirmişdir: "Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə Heyətinə tapşırıq verirəm ki, üç ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin". Bundan irəli gələrək YAP-ın "Biz birlikdə güclüyük!" şüarı altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur.
Proqramda sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və digər sahələrin inkişafını nəzərdə tutan dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələr müəyyən edilmişdir. Onların yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün hərtərəfli imkanlar yaradır. Partiya qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyən edərkən Heydər Əliyevin siyasi kursuna söykənir ki, bunun da ciddi siyasi-ideoloji əsasları vardır. Çünki məhz bu halda hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti inkişaf edir, iqtisadi tərəqqiyə nail olunur, xalq-hakimiyyət birliyi möhkəmlənir, multikultural və tolerant dəyərlər cəmiyyətdə özünə mühüm yer tutur.
Azərbaycanın siyasi sistemində YAP konstruktiv fəaliyyətə, partiyalararası dialoqa üstünlük verən iqtidar partiyası kimi böyük nüfuza malikdir. Partiyaya görə, siyasi həmrəylik şəraitində partiyalararası qarşılıqlı etimad təmin olunur ki, bu da ümummilli məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Çünki qarşılıqlı əməkdaşlıq və siyasi həmrəylik cəmiyyətdə ictimai-siyasi sabitliyi daha da möhkəmləndirir, ümummilli məsələlərin həllində vacib əhəmiyyət kəsb edir. Konstruktiv mövqe tutan siyasi partiyaların Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətə dəstək verməsi siyasi həmrəyliyin və dialoqun bariz nümunəsidir.
Azərbaycançılıq məfkurəsinin ictimai fikirdə aparıcı yer tutmasının təmin edilməsi partiyanın əsas prinsiplərindən biridir ki, bu da təsadüfi deyildir. Çünki bu məfkurənin milli ideologiya səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq milli həmrəyliyin möhkəmləndirilməsi, milli-mədəni irsin və mənəvi-əxlaqi dəyərlərin qorunması, müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı etimadın yaradılması, xarici ölkələrdə yaşayan həmvətənlərimizin təşkilatlanması kimi vəzifələrin həyata keçirilməsində tarixi əhəmiyyət daşıyır.
YAP güclü və qüdrətli dövlət naminə fəaliyyətində xalqımızın iradəsindən çıxış edir, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinin, iqtisadi inkişafın ölkəmizin maddi və intellektual potensialı ilə sıx şəkildə bağlı olduğunu nəzərə alır. Bütün bunların əsasında davamlı iqtisadi inkişafa nail olunur, cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq və milli həmrəylik qorunur.
YAP-ın fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri insan faktoruna və sosial ədalətə böyük əhəmiyyət verilməsidir. Partiya ölkə vətəndaşlarının hərtərəfli inkişafına, sosial və mənəvi ehtiyaclarının ödənilməsinə vacib vəzifələrdən biri kimi yanaşır.
Azərbaycan dünyada tolerant dəyərlərin və multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdiyi dövlət kimi tanınır. Multikultural və tolerant mühit müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dinc yanaşı yaşamanı təmin edir. YAP multikulturalizmin inkişafı ilə bağlı Prezident İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliğində yaxından iştirak edir. YAP-ın cəmiyyətdə nüfuzunu artıran xüsusiyyətlərdən biri partiya idarəçiliyinin və partiyadaxili fəaliyyətin demokratik prinsiplərə söykənməsidir.
YAP-la bir sıra xarici ölkələrin siyasi partiyaları arasında sıx əməkdaşlıq mövcuddur. Buna nümunə olaraq Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə YAP-ın əməkdaşlığını göstərmək olar. YAP həmçinin Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" Daimi Komitəsinin üzvü kimi bu qurumun fəaliyyətində yaxından iştirak edir.
Heydər Əliyev yolu özündə Azərbaycan xalqına və dövlətinə sadiqliyin parlaq nümunəsini birləşdirir, ölkəmizin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Ulu Öndərin siyasi irsi ictimai fikirdə dövlətçilik və vətənpərvərlik kimi dəyərlərin özünə mühüm yer tutması üçün tarixi əhəmiyyət daşıyır. Buna görə də YAP Heydər Əliyev yolunu əsas amalı hesab edir və fəaliyyətini ona uyğun olaraq müəyyənləşdirir. Bütün bunlar hazırda 770 min nəfərdən çox üzvü olan YAP-ın möhtəşəm zirvələrə yol açan ümumxalq partiyası olduğunu, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı "Biz birlikdə güclüyük!" çağırışı ilə böyük əzm və qətiyyətlə yerinə yetirdiyini sübut edir.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
üzvü
Azərbaycan.-2022.- 16 noyabr.- S.6.