İlham Əliyevdən türk dünyasına çağırış

 

 

Azərbaycan Prezidenti qardaş ölkələrin liderlərini Qarabağ və Şərqi Zəngəzura dəvət etdi

 

 

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa, yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirir, həyat qaynamağa başlayır.

Prezident İlham Əliyevin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf" konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı şəhər"lərin yaradılması ümumilikdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir. 30 ildə daşı daş üstündə qoymayan ermənilər də şahidlik edirlər ki, İlham Əliyev cəmi 2 ildə bu torpaqlarda möcüzələr yaradır.

Böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektriksu xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, tarixi-mədəni dini abidələrimiz bərpa edilir. Bütün bunlar isə, İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin heç kimdən yardım almadan yalnız öz iqtisadi qüdrəti hesabına həyata keçirilir.

 

 

Heç bir ölkədən, təşkilatdan, donordan bir manat yardım almamışıq

 

 

Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada hərbçilərimiz qarşısında çıxış edən Ali Baş Komandan bir daha bu məsələlərə toxunaraq bildirdi ki, indi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək".

Atılan addımlar bir daha ölkə rəhbərinin bu ərazilərin bərpasına xüsusi diqqət ayırdığını, görülən bütün işlərin birbaşa onun nəzarəti altında həyata keçirildiyini göstərir. Bunu İlham Əliyevin işğaldan azad olunan ərazilərdə görülən işlər, təməlqoyma mərasimlərinin keçirilməsi ilə bağlı  vaxtaşırı həmin ərazilərə səfərlərindən də görmək mümkündür.

Ümumiyyətlə, Azərbaycan daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma işlərinə iki il ərzində təxminən 5 milyard manata yaxın vəsait ayırıb. Bu da işğaldan azad olunmuş torpaqlara tezliklə həyatın qayıdacağından, öz dədə-baba yurdlarından didərgin düşənlərin qısa zamanda geriyə dönəcəyindən xəbər verir. 

 

 

 

Türk dövlətləri bütün sahələrdə əməkdaşlığı fəallaşdırmalıdırlar

 

 

 

Azərbaycanın öz əzəli torpaqlarında gördüyü möhtəşəm işlər göz qabağındadır. Bunu Qarabağa, Şərqi Zəngəzura səfər edən xarici qonaqlar da təsdiqləyirlər. İki il ərzində müxtəlif vaxtlarda həmin ərazilərə baş çəkənlər dəyişiklikləri, həyata keçirilən işləri gördükcə təəccüblərini gizlədə bilmirlər.

Belə qısa zamanda dövlətimizin ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizi necə cənnətməkana çevirdiyini görüb bu heyrəti gizlətmək də mümkün deyil.

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən İlham Əliyev bir daha ölkəmizin iki il ərzində işğaldan azad edilən torpaqlarımızda yaratdığı möhtəşəm layihələr barədə məlumat verdi, həmin torpaqlarda müasir infrastruktur yaradan qardaş ölkələrə təşəkkürünü bildirdi.

Türk dünyasının böyük bir ailə olduğunu deyən İlham Əliyev bəyan etdi ki, dost ölkələr bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

Prezident dedi ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən Yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerləyeksan edib, qalan 2 məscidə isə ciddi zərər vurubonlardan donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiyatürkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olubya ağır yaralanıb.

Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanılıb. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.

İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edir və həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirir. Qeyd edir ki, bütün bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

 

 

 

Zəngəzur dəhlizinin açılmasından qardaş ölkələr də faydalana bilərlər

 

 

 

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Eyni zamanda bu dəhliz TDT-nin üzv dövlətləri üçüniqtisadi dividendlər gətirmək iqtidarındadır.

Hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində aparır. Zəngəzur və ya Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması isə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.

Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu da İpək younun bərpası deməkdir.

Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçünböyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 2017-ci ildə işə düşən layihənin əhəmiyyəti 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artıb.

Oktyabrın 13-də Astanada səfərdə olan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bu gün gündəlikdə Orta dəhlizin inkişafı məsələsi durur: "Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Trans-Xəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik".

Həmin gün Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edən İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Ölkəmiz Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.7.