"Böyük İyirmilik" həyəcan təbili çalır

 

Rusiya-Ukrayna müharibəsi ərzaq qiymətlərinin daha da artmasına səbəb olmaqla dünyanı ağır fəlakətə sürükləyir

 

 

Noyabrın 15-də İndoneziyanın Bali adasında rəsmi olaraq "Böyük İyirmilik" (G20) sammiti başlayıb. Zirvə toplantısının əsas mövzuları Rusiya-Ukrayna müharibəsi və onun iqtisadiyyata təsiri, ilk növbədə milyonlarla insanı yoxsulluq həddindən aşağı salan ərzaq qiymətlərinin artmasıdır.

"Böyük İyirmiliy"ə sədrlik edən İndoneziya Prezidenti Coko Vidodo açılış nitqində müharibəyə son qoymağa çağırıb. Onun fikrincə, müharibə bitməsə, irəliləmək çətin olacaq: "Biz dünyanı hissələrə bölməməliyik", - deyə İndoneziya Prezidenti bildirib.

Sammit ərəfəsində çıxış edənlər müharibənin qlobal iqtisadi sarsıntıya gətirib çıxardığını və yaranmış vəziyyətin qətiyyətlə pislənilməli olduğunu bildiriblər.

Balidə olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin jurnalistlərə verdiyi məlumata görə, "Böyük İyirmilik" sammitində iştirak edən ölkələrin nümayəndələri konfransın yekunlarına görə, dövlət başçıları tərəfindən imzalanmalı olan qətnamə layihəsi üzərində artıq razılıq əldə ediblər.

 "DPA" agentliyi xəbər verir ki, Rusiya tərəfi BMT-nin müharibə ilə bağlı mövqeyinin yekun bəyannamənin mətnində qeyd oluna biləcəyi ilə razılaşıb. Qeyd olunur ki, sammitdə Prezident Vladimir Putinin əvəzinə iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ən azı, yekun sənəddə hərbi münaqişələrdə nüvə silahından istifadənin yolverilməzliyinə istinadı açıq şəkildə dəstəkləyib.

 "Böyük İyirmilik" sammiti ərəfəsində ABŞ Prezidenti Co BaydenÇin lideri Si Cinpin arasında danışıqlar aparılıb. Bu, dövlət liderlərinin ilk rəsmi şəxsi görüşü olub. BaydenSi Cinpin digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər və bu münaqişədə nüvə silahının istifadəsinə qarşı çıxıblar. Amerika Prezidenti Çin lideri ilə söhbəti açıq və dürüst adlandırıb.

Jurnalistlərin ABŞ və Çin arasında Tayvan məsələsi ilə bağlı mümkün soyuq müharibə ehtimalı ilə əlaqədar sualına Bayden belə cavab verib: "Mən tamamilə əminəm ki, yeni soyuq müharibə olmayacaq... Çin tərəfindən Tayvanı işğal etmək üçün qaçılmaz cəhdlər olacağını düşünmürəm".

 Bayden rəsmi Vaşinqtonun Tayvanla bağlı siyasətinin dəyişmədiyinə və ABŞ-nin məsələlərin sülh yolu ilə həllini istədiyinə işarə edib. "Mən əminəm ki, Si Cinpin mənim nə danışdığımı dəqiq başa düşüb", - deyə Bayden əlavə edib.

Hər iki lider Ukraynada nüvə silahından istifadənin, eləcə də ondan istifadə ilə bağlı hədələrin yolverilməz olduğunu bəyan edib. Si Cinpin, bir neçə aylıq müharibədən sonra oradakı vəziyyətdən ciddi narahat olduğunu vurğulayıb. Pekin əvvəllər tərəfləri təmkinli olmağa çağırıb, lakin ÇXR-in mühüm ticarət tərəfdaşı olan Rusiyanın işğalını pisləməyib.

Evin görüşdən sonra yaydığı məlumata görə, Prezident BaydenPrezident Si Cinpin birgə rəy ifadə ediblər ki, nüvə müharibəsini başlamaq olmaz və belə savaşda qalib gəlmək mümkün deyil.

Sammitdə Ukraynaya Qara dəniz limanları vasitəsilə taxıl ixrac etməyə imkan verən saziş də müzakirə olunacaq.

Xatırladaq ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında Rusiya ilə əldə edilmiş taxıl sazişinin müddəti noyabrın 19-da başa çatır. Moskva artıq onu pozmaqla bağlı mövqeyini bildirib.

Bundan əlavə, sammitin sonunda Rusiyanın mövqeyinə görə ləğv edilə bilən "taxıl müqaviləsi"nin uzadılması barədə qərarın qəbul ediləcəyi gözlənilir.

Bundan əvvəl Aİ, ABŞ və Böyük Britaniyanın nümayəndələri anti-Rusiya sanksiyalarının tətbiqi qaydalarını izah edən bəyanat yayaraq sazişin müddətinin uzadılmasının zəruriliyini ayrıca qeyd ediblər.

Noyabrın 12-də isə "Böyük İyirmilik" ölkələri 1,4 milyard dollarlıq COVID-19 pandemiya fondunun yaradıldığını elan edib. Bu vəsait növbəti beş il ərzində səhiyyə sistemlərini gücləndirmək və büdcələrdəki boşluqları aradan qaldırmaq üçün istifadə olunacaq.

BMT-nin baş katibi Antoniu Quterreş Rusiyanın razılaşmanı uzadacağına ümid etdiyini bildiribbu razılaşmanın ərzaq təhlükəsizliyi üçün çox vacib olduğunu deyib.

BMT-nin məlumatına görə, sövdələşmə başlanandan bəri Ukraynadan 10 milyon ton taxıl və digər kənd təsərrüfatı məhsulları uğurla ixrac olunub ki, bu da qlobal ərzaq böhranının qarşısını almağa kömək edib.

İndoneziya hakimiyyəti ümid edir ki, sammitdə dünyanın aparıcı dövlətlərinin gələcək hərəkətləri barədə razılığa gələ biləcəklərini nümayiş etdirən birgə bəyanat qəbul olunacaq.

"Danışıqlar demək olar ki, başa çatıb, lakin biz heç nə vəd edə bilmərik" deyən yüksəkrütbəli İndoneziya rəsmisi "Frans Press" agentliyinə bildirib və əlavə edib ki, müharibə məsələsi əsas maneə olaraq qalır.

ABŞ-nin müttəfiqləri ümid edirlər ki, onların Putinə təzyiqin artırılması zərurəti ilə bağlı arqumentləri inflyasiyanın artmasından ciddi narahat olan digər "Böyük İyirmilik" ölkələrindən də dəstək tapacaq.

Rusiyanın "Böyük İyirmiliy"in yekun qətnamə layihəsi ilə ilkin razılaşması barədə məlumatlara baxmayaraq, sənəd imzalanmaya da bilər. Belə ki, Rusiya nümayəndələri son anda dəfələrlə beynəlxalq konfransların kommünikesinin, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransının nəticələrinə dair yekun sənədin imzalanmasına qarşı çıxıblar.

"Kyodo" agentliyinin məlumatına görə, Aİ və Böyük Britaniya sammitdə Rusiya nümayəndələrinin çıxışlarını boykot edə bilər və təşkilatçılar "Böyük İyirmiliy"in bir neçə ölkəsinin liderlərinin Sergey Lavrovla eyni şəkildə olmaqdan imtina etməsinə görə iştirakçıların ənənəvi birgə fotoçəkilişini ləğv ediblər. Oxşar vəziyyət iyulda Balidə keçirilən "Böyük İyirmiliy"in xarici işlər nazirlərinin sammitində də müşahidə olunub. Həmin vaxt rusiyalı nazir tədbir bitməmiş oradan ayrılıb və konfransdan sonra heç bir yekun bəyanat verilməyib.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 16 noyabr.- S.12.