Azərbaycan-Albaniya münasibətlərində
yeni mərhələ başlayır
Prezident İlham Əliyevin bu
ölkəyə dövlət səfəri əlaqələrin
inkişafına güclü təkan verdi
Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur.
Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri isə Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi. Elə Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər münasibətlərin daha da gücləndirilməsinə müsbət impuls vermiş oldu.
Diplomatik münasibətlər, reallaşdırılan birgə layihələr
İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada "Azərbaycan həftəsi"nin təşkil olunması planlaşdırılır.
İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
Albaniyanın Baş naziri Edi Rama 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edib. Bu ölkənin keçmiş Prezidenti İlir Meta isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci il iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.
İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Onu da vurğulayaq ki, Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksəksəviyyəli rəsmiləri (nazir və ya nazir müavini səviyyələrində) "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər.
Ümumiyyətlə, TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin 31 dekabr tarixində TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər.
TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib, layihə həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib.
TAP-ın layihəsi ümumilikdə Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırdıb. Layihə ömrü ərzində (tikinti və 25 il istismar mərhələsi dövründə) ölkəyə gözlənilən vergi ödənişlərinin həcmi 285 milyon avro dəyərindədir.
Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı
Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərir.
2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon dollar, o cümlədən idxalın həcmi 0,66 milyon, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub.
2020-ci illə müqayisədə, 2021-ci ildə Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa edilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon dollar, o cümlədən idxalın həcmi 1,14 milyon, ixracın həcmi 0,31 milyon dollar təşkil edib.
Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib. 2019-cu il 26 noyabr tarixdə Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.
Qarşılıqlı iradənin təzahürü
Noyabrın 15-də prezidentlərin mətbuata birgə bəyanatları zamanı Bayram Beqay Azərbaycan Prezidentinin Albaniyaya səfərini əlaqələrin tarixində ilk mühüm dövlət səfəri olduğunu deyərək vurğuladı ki, belə yüksəksəviyyəli görüşlər münasibətlərin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradənin təzahürüdür. Bu səfər həm də qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Bayram Beqay həmçinin bildirdi ki, gələn il diplomatik münasibətlərin 30-cu ildönümü qeyd ediləcək: "Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada "Azərbaycan həftəsi"ni keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür".
Bayram Beqay Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verdiyini söyləyərək dedi ki, hər iki ölkə arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq edilir.
Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər əlaqələrin inkişafına güclü təkan verəcək. Siyasi dialoqa gəldikdə isə, İlham Əliyev Albaniya prezidentlərinin əvvəlki illərdə Azərbaycana dəfələrlə səfərlərini xatırlatdı və vurğuladı ki, bu təmaslar siyasi dialoqun çox gözəl təzahürlərinin olduğunu və çox güclü dinamizmim mövcudluğunu təsdiqləyir.
Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz təchizatını iki dəfə artırmaq fikrindədir
Azərbaycan Prezidenti TAP layihəsindən söz açaraq bildirdi ki, hər iki ölkə TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri çox fəal iştirak ediblər.
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Həmin memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək: "Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni bu layihə - "Cənub qaz dəhlizi" cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq "Cənub qaz dəhlizi"nin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni bu onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük".
İlham Əliyev Azərbaycanın həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına da töhfə verə biləcəyini qeyd edərək dedi ki, bu ölkədə indiyədək qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və buna hazırdır.
Göründüyü kimi, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, Albaniya səfərində də bir daha sözünə sadiq etibarlı tərəfdaş olduğunu və tam müstəqil siyasət yürütdüyünü göstərdi. Bu səfər Azərbaycanın Albaniya ilə əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. Eyni zamanda bir daha bəlli oldu ki, hazırda Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır. Çünki bugünkü dövrün şərtləri bunu tələb edir. Avropa İttifaqının Rusiya ilə münasibətlərində yaranan qarşıdurmada Qərbin əsas planlarından biri Avropa ölkələrinin Rusiyadan asılılğını aradan qaldırmaqdır. Bu siyasi xəttin icra olunmasında Azərbaycan Avropa üçün olduqca böyük önəm daşıyır. Ona görə də əminliklə deyə bilərik ki, tezliklə Azərbaycan Avropaya qaz təchizatını daha da artıracaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 17 noyabr.- S.6.