Heydər Əliyevin ucaltdığı bayraq

 

 

İndi Qarabağ və Şərqi Zəngəzurda zəfər rəmzi kimi dalğalanır

 

 

 

Bir neçə gün əvvəl Vətən müharibəsinin başa çatmasının ikinci ildönümü tamam oldu. Bu savaşda qazanılan qələbə xalqımızın böyüklüyünün, Azərbaycanın yüksəlişinin, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin təcəssümü oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinin fonunda isə tarixi zəfərimizin quruculuq meydanındakı təntənəsi yaşanır.

 

 

Azadlığa gedən yol

 

 

Vətən müharibəsindəki qələbədən sonra xalqımız milli bayramlarımızı və əlamətdar günlərimizi daha yüksək əhvali-ruhiyyədə, qalibiyyət  ovqatında qeyd edir. Bu gün isə Milli Dirçəliş Günüdür. Xalqımızın müstəqillik və milli azadlıq uğrunda mübarizəsinin mərhələlərindən biri olan milli dirçəliş hərəkatının növbəti ildönümü də xalqımızın zəfər sevincini həm də quruculuq meydanında davam etdirdiyi günlərə təsadüf edir.

Ötən əsrin 80-ci illərinin sonunda xalqımızın öz milli azadlığına qovuşması üçün tarixi şərait yaranmışdı. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddialarının baş qaldırması, sovet rəhbərliyinin bu məsələdə ermənilərə dəstəyi, o cümlədən ermənilərin Ağdamda iki azərbaycanlı gənci qətlə yetirmələri, Topxana meşələrində törətdikləri vəhşiliklər xalqımızın səbir kasasını daşdırmış, milli hissləri alovlandırmışdı. Artıq 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almağa başlamışdı. Həmin ilin noyabrında yüz minlərə azərbaycanlının toplaşdığı paytaxtımızın Azadlıq meydanında səslənən tələblərin mahiyyəti dəyişmiş, müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilmişdi. Həmin günlərdə baş verənlər təsdiq edirdi ki, Azərbaycan xalqı tezliklə dövlət müstəqilliyinə nail olacaq.

 

 

 

Heydər Əliyev milli mücadiləni yeni mərhələyə yüksəltdi

 

 

 

Ermənilər Azərbaycana qarşı ərazi iddialarına Ulu Öndər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən sonra başlamışdılar. Nə qədər ki Ulu Öndər sovet rəhbərliyində təmsil olunurdu, ermənilər öz planlarını həyata keçirə bilmirdilər.

Heydər Əliyev qüdrətli şəxsiyyət, xalqın inandığı və ətrafında birləşdiyi bir lider idi. Bu mənada Ulu Öndərin sovet dövlətinin rəhbərliyindən istefa versə belə, öz siyasi müdrikliyi ilə xalqımızın milli azadlıq mücadiləsinə tarixi töhfələr verirdi. Belə ki, Heydər Əliyevin 1990-cı ilin iyul ayında respublikamıza qayıdışı milli azadlıq prosesini tamamilə yeni mərhələyə yüksəltdi. Eyni zamanda Heydər Əliyev öz böyük dühası ilə Naxçıvanı erməni işğalından qorudu.

Ümumiyyətlə, tariximizdə baş verənlər göstərir ki, xalqımızın istiqlal hərəkatı 1988-ci ildən başlasa da, bu istiqamətdə əsas proseslər Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışından və Naxçıvan Ali Məclisinə üzv seçilməsindən sonra başlayır. Məhz həmin vaxtdan milli dirçəliş prosesi daha da güclənərək bütün respublikamızda aparıcı milli ideyaya çevrildi.

 

 

 

Ulu Öndərin dalğalandırdığı bayraq

 

 

 

Heydər Əliyevin Naxçıvanda Ali Məclisin deputatı seçilməsi ilə müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret addımlar atılmağa başladı. O dövrdə respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana gəlmələri, o cümlədən Ali Məclisin qərarları bütün ölkədə baş qaldıran milli azadlıq hərəkatının daha da mütəşəkkil forma almasına əhəmiyyətli təsir etdi.

Bu baxımdan Naxçıvan Ali Məclisinin 1990-cı il noyabrın 17-də  qəbul etdiyi qərarlar müstəqillik mübarizəsi tariximizin ən əlamətdar hadisələridir. Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin iclasda məhz Ulu Öndərin təşəbbüsü və təklifi ilə qəbul edilən tarixi qərarlardan biri müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olması barədə idi. Qərarda həmçinin Azərbaycan Respublikasının Ali Qanunverici Orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.

Beləliklə, 32 il əvvəl - 1990-cı il noyabrın 17-də, hələ sovet dövlətinin mövcud olduğu bir şəraitdə Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə üçrəngli bayrağımız Naxçıvanda ucaldıldı. Bayrağımızın rəsmən ucaldılması milli azadlıq hərəkatını yeni mərhələyə yüksəltdi, dirçəliş mübarizəsinin daha da vüsət almasına səbəb oldu. Bu mənada 17 noyabr tarixi həm də üçrəngli bayrağımızın 70 ildən sonra yenidən dövlət rəmzi elan olunduğu gündür.

 

 

 

Qalib dövlət

 

 

 

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin qoruduğu müstəqilliyimiz, memarı olduğu müasir dövlətçiliyimiz Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə daha da möhkəmlənib və qüdrətlənib. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regiondaqlobal miqyasda söz sahibi, öz mövqeyi olan dövlətə çevrilib. Respublikamız həm də regionun aparıcı dövlətidir.

İki il əvvəl Vətən müharibəsində qazandığımız tarixi zəfər isə Azərbaycanın beynəlxalq nüfuzunuimicini daha da yüksəltdi. Bu qələbədən sonra Azərbaycan yalnız regionun lideri olan dövlət kimi deyil, həm də müharibədə qalib gəlmiş dövlət kimi tanınır.

Bu qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını Qarabağda və Şərqi Zəngəzurda ucaltdı. İndi Qarabağın tacı olan Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Hadrutda üçrəngli bayrağımız dalğalanır.

Vətən müharibəsi yeni reallıqlar yaradıb. Bunlardan biri də hələ milli azadlıq hərəkatının başlandığı ilk vaxtlarda xalqımızın meydanda səsləndirdiyi arzularının həyata vəsiqə almasıdır. Bəli, bu zəfərlə Ermənistanın saxta  iddialarına, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması niyyətinə birdəfəlik son qoyuldu. Əbədi müstəqilliyimizi və qüdrətli dövlətçiliyimizi təmin edən siyasətin qarşısında istənilən təhdid və riyakar plan isə iflasa məhkumdur.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 17 noyabr.- S.7.