Fransanın riyakarlığı

 

Bu ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçi ola bilməz

 

 

 

Noyabrın 15-də Fransa senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib. Bu qətnamə Fransanın siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bir daha göründü ki, bu ölkə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesində vasitəçi ola bilməz. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

 

Fransaya adekvat cavab verməyin vaxtı çatıb

 

 

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa senatının Azərbaycan əleyhinə qətnaməsini əsassız və məntiqsiz adlandırıb. Deputat bildirib ki,  44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə Fransanın Cənubi Qafqazla bağlı siyasətində ikili standartlar açıq-aydın ortadadır: "Azərbaycan Fransa ilə əlaqələrə həmişə xüsusi önəm versə də, indiyə qədər baş vermiş bir çox hadisələr bizim cəmiyyətdə Fransaya etimadı tamamilə sarsıdıb. Bir tərəfdən, Fransa hökuməti, dövlət rəhbərliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal iştirak etmək niyyətini bəyan edir, digər tərəfdən, bu ölkənin parlamentində Azərbaycan əleyhinə sənədlər qəbul olunur. Fransanın bəzi dövlət rəsmiləri Azərbaycanla bağlı heç bir əsası olmayan ittihamlarla çıxış edirlər. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərdə qarşı tərəfin davranışlarına adekvat addımlar atmağın zamanı çatıb".

S.Məmmədov deyib ki, Əlcəzairdə törədilmiş soyqırımı ilə bağlı məsələyə Fransada hələ də rəsmi səviyyədə obyektiv hüquqi-siyasi qiymət verilməyib: "Halbuki təkcə 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, ümumilikdə 1,5 milyon nəfər Fransanın həyata keçirdiyi zorakı əməliyyatlar nəticəsində məhv edilib. Fransa tərəfindən irqçi, diskriminativ qanunlar tətbiq edilərək əlcəzairlilər "Fransanın ərəb müsəlmanları" adlandırılıb, əhali torpaq və mülklərindən məhrum edilib. İndi isə qəbul edilən qətnamə layihəsində "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyayaya istinad edirlər. Bu konvensiyanı kobud şəkildə pozmuş bir ölkənin başqa bir ölkəyə heç bir əsası olmadan irqi ayrı-seçkiliklə bağlı ittiham irəli sürməsi, sadəcə, təəccüb doğurur".

Deputat bildirib ki, Azərbaycan dəfələrlə Fransa siyasətçilərinə, parlament üzvlərinə Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli olmaq, beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etmək barədə çağırışlar edib. Lakin son qətnamə bu ölkənin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını təsdiq edir.

 

 

 

Fransada hökm sürən siyasi korrupsiyanın nəticəsi

 

 

 

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin sözlərinə görə, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir: "Bütün bunların arxasında Fransada hökm sürən siyasi korrupsiya dayanır. Erməni lobbiçiliyi, erməni diasporunun hiylələri belə rüsvayçı qətnamənin qəbul edilməsini şərtləndirib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Fransada türkofobiya, islamafobiyarasizm sürətlə artmaqdadır. Məscidlərə edilən hücumlar, təxminən 60 min yəhudinin ölkəni tərk etməyə məcbur edilməsi, polislərin qaradərili fransızlara qarşı çox kobud və təhlükəli reaksiyaları belə faktlardan bəziləridir. Fikrimcə, senatda qəbul edilən sənədi Fransanın Avropa dəyərlərinə zidd olan davranışlarının təzahürü adlandırmaq olar".

Deputat bildirib ki, Fransanın bəzi rəsmilərinin ölkəmizlə bağlı ittihamları tamamilə əsassızdır: "Layihədəki təklif və tələblər tarixi həqiqətləri təhrif və bölgədə yaradılmış yeni reallıqları təkzib edir. Fransa öz ənənəvi siyasətini davam etdirir, Ermənistana dəstək verməkdən çəkinmir. Azərbaycan Fransanı Cənubi Qafqazla bağlı məsələlərdə ədalətli mövqe sərgiləməyə, beynəlxalq hüquq normalarına əməl etməyə çağırır".

 

 

 

Bu ölkə riyakarlıqdan əl çəkməyənə qədər vasitəçi ola bilməz

 

 

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə bu ölkənin müstəmləkəçilik və imperializm siyasətinin cəzasızlıq mühitində yenidən dirçəlməsidir. Onun dediyinə görə, dünya birliyi Fransanın Əlcəzairdə, Ruandada, Malidə, habelə Kamboca və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinə vaxtında reaksiya versəydi, bu gün Paris özünü "qlobal ombudsman" kimi aparmağa cürət etməzdi. Yalnız Əlcəzairdə 10 milyon, Ruandada 800 min insanın qətl edilməsi əmrini vermiş Fransa dövləti bu gün beynəlxalq hüquq adına söz haqqına malik olmamalıdır.

Deputat bildirib ki, Fransada Azərbaycana qarşı qəbul olunan sənəd beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə açıq müdaxilədir: "Paris bu qətnamə ilə dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə qarışmamaq,  habelə beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinin kobud pozuntusuna yol verdi. Birinci addım kimi Azərbaycan parlamentində Fransa senatının beynəlxalq hüquqa təcavüzü kəskin pislənməlidir. Əslində, bir müddət əvvəl Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı Şəhidlər muzeyinin xatirə kitabında ifadə etdiyi fikirlər bizim üçün aydın yol xəritəsidir".

B.Məhərrəmov əlavə edib ki, Fransanın Əlcəzairdə törətdiyi soyqırımı və müstəmləkəçilik siyasəti ilə bağlı Milli Məclis dinləmələrinin keçirilməsinin artıq zamanı çatıb: "Biz yekdilliklə qəti mövqe ortaya qoymalı, dövlət səviyyəsində insanlıq əleyhinə əməllər və müharibə cinayətləri törətmiş Fransanın əsl simasını bir daha ifşa etməliyik. Həmçinin parlamentimiz Fransanın 30 illik işğala və Ermənistanın təcavüzkar siyasətinə verdiyi açıq dəstəyini, bununla da bölgədə sülh perspektivləri üçün aşkar maneəyə çevrildiyini rəsmən pisləyən sənəd qəbul etməlidir. Əlbəttə, bizim mövqeyimiz aydındır, amma qəbul edəcəyimiz sənəd bir daha cinayətkar Fransanın təcavükar niyyətlərindən əl çəkməyənə qədər hansısa formada vasitəçi missiya yerinə yetirə bilməyəcəyinin ifadəsi ola bilər. Beləliklə, biz  Fransanın Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında iştirakının mümkünsüz olduğunu məhz qanun qüvvətli aktla müəyyən etməliyik".

 

 

 

E.Makron Fransanı yox, "kiçik bacı"  Ermənistanı təmsil edir

 

 

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Fransa senatı belə qətnamə qəbul edərək həyata keçirdiyi siyasətin mahiyyətini ortaya qoymaqla yanaşı, həm beynəlxalq hüquq normalarını pozduğunu bütün dünyaya sübut etdi: "Unutmaq olmaz ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı qəbul etdilyi 4 qətnaməsində torpaqlarımızın işğala məruz qalması Ermənistanın həmin ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi vurğulanmışdı. Senatın qəbul etdiyi qətnamə isə BMT qətnamələri ilə tamamilə ziddiyyət təşkil edir. Görünən odur ki, Fransa bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Senat, şəxsən prezident Emmanuel Makron fransızları yox, "kiçik bacıları"  Ermənistanı təmsil edir, onların arzu istəklərini yerinə yetirirlər".

Deputatın sözlərinə görə, vaxtilə bir fransız siyasətçi Makronun Fransanın yox, orada yaşayan ermənilərin prezidenti olduğunu deyib: "Qəbul edilən qətnamə bu yanaşmanı bir daha təsdiqlədi. Həmçinin sübut olundu ki, Fransa Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda vasitəçi ola bilməz. Yəni Makronun Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə peyda olaraq özünü vasitəçi kimi təqdim etməyə çalışması absurddur. Fransa bu məsələdə tərəfdir, vasitəçi deyil, açıq şəkildə Ermənistanı dəstəkləyir. Fransa bu əməlləri ilə bölgədə sülh əmin-amanlıq mühitinin formalaşmasına əngəl törədir", - deyə deputat bildirib.

Fransa senatının qəbul etdiyi qətnamə layihəsi milli dözümsüzlük, irqçilik, eləcə ölkədə geniş vüsət almış türkofobiya islamofobiyanın təzahürüdür. Həmin qətnamə tamamilə qərəzlidir. Qətnamədə Fransanın digər Avropa İttifaqı ölkələrinin "Azərbaycandan idxal edilən qaz neftə embarqo tətbiq etmək" çağırışının yer alması, ölkəmizin beynəlxalq cinayət məhkəməsi ilə təhdid edilməsi qəbuledilməzdir. Fransa Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalmamalı, bölgədə gərginliyi artırmaq sülhə mane olmaq cəhdlərinə birdəfəlik son qoymalıdır.

Bütün bunlar bir daha sübut edir ki, Fransa Ermənistanın işğalçılıq siyasətinə göstərdiyi açıq dəstəyi davam etdirir. Bu sənəddə ikili standartlar, qərəzçilik açıq-aydın görünür, reallıqlar təhrif olunur. Qətnamə beynəlxalq hüquq norma prinsiplərinə tamamilə ziddir. Amma bu sənəd Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 17 noyabr.- S.9.