Azərbaycan Fransaya
nota verib
Noyabrın 16-da Fransanın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.
Xarici
İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Fransa
Senatında qəbul edilmiş tamamilə həqiqətdən
uzaq, yalan və iftira dolu müddəaların əks
olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə
rədd edildiyi diqqətə çatdırılıb.
Qətnamənin
açıq təxribat xarakteri daşıdığı və
sülh prosesinə öz töhfəsini vermək
iddiasında olan Fransanın növbəti dəfə ermənipərəst,
qərəzli və birtərəfli mövqeyini bariz şəkildə
nümayiş etdirdiyi bildirilib.
Fransanın
bu addımının regionda sülhün bərqərar
olmasına, xüsusilə də, ölkəmizin israrlı
olduğu Azərbaycanla Ermənistan arasında münasibətlərin
bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığının qarşılıqlı
tanınması və hörmət edilməsi əsasında
normallaşmasına ciddi zərbə vurmaq məqsədi
daşıdığı, bölgədə sülhə
qarşı olan revanşist qüvvələri həvəsləndirdiyi
vurğulanıb.
Sözügedən
qətnamənin, beynəlxalq hüququn norma və prinsiplərini
kobud şəkildə pozmaqla yanaşı, Azərbaycan
Respublikası ilə Fransa Respublikası arasında “Dostluq,
qarşılıqlı anlaşma və əməkdaşlıq
haqqında Müqavilə”nin (1993) xüsusilə 2-ci maddəsinin
3-cü bəndi çərçivəsində öhdəliklərə
tamamilə zidd olduğu qeyd edilib.
Azərbaycan
tərəfi görüşdə Fransa tərəfindən
bir daha Azərbaycanın beynəlxalq hüquqla qorunan
suverenliyi və ərazi bütövlüyünə
qarşı yönələn, onun daxili işlərinə
müdaxilə olan addım və bəyanatlardan çəkinilməsini
təkidlə tələb edib.
Fransanın
müvəqqəti işlər vəkili Azərbaycan tərəfinin
müraciətini aidiyyəti üzrə
çatdıracağını bildirib.
Azərbaycan.-2022.- 17 noyabr.- S.1-2.