Dirçəlişdən
müstəqilliyə gedən yol
Bu gün istiqlal tariximizin ən önəmli günlərindən biri olan Milli Dirçəliş Günüdür. Xalqımızın ən gözəl xüsusliyyətlərindən hesab edilən dövlət, torpaq sevgisinin, vətənin bölünməzliyi uğrunda mübarizənin başlandığı və bütün dünyaya nümayiş olunduğu milli birlik günüdür.
Ötən əsrin 80-ci illərində dünyanın siyasi səhnəsində ciddi hadisələr baş verməkdə idi. SSRİ adlanan sovet imperiyası özünün iqtisadi-siyasi-hərbi tənəzzülü dövrünü yaşayırdı. İş o yerə gəlib çatmışdı ki, dünyaya meydan oxuyan sovet imperiyası hərbi kontingentini Əfqanıstandan çıxarmağa məcbur olmuşdu. İmperiyanı qorumaq məqsədi ilə "yenidənqurma" adı altında sovet rəhbərliyinin başladığı islahatlarla da SSRİ-ni xilas etmək artıq mümkün deyildi. Dünyanın müxtəlif yerlərində "sosialist kaloniyasına" daxil olan ölkələrdə - Polşada, Çexoslovakiyada, ADR-də, Rumıniyada, Baltik respublikalarında və dünyanın bir sıra yerlərində imperiyaya qarşı etiraz dalğaları genişlənmişdi. Belə bir məqamda sovet imperiyasının vətənimizdə yaratdığı "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı süni qara yara irinləməyə başlamışdı.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurdundan qovulması, ermənilərin Topxana meşəsində törətdikləri özbaşınalıqlar, Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi, SSRİ rəhbəri Mixail Qorbaçova yaxın olan erməni akademik Aqambekyanın "Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır" kimi sərsəm fikirlər səsləndirməsi Bakıda milli hisslərin alovlanmasına təkan verdi, "Meydan hərəkatı"nın əsasını qoydu. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi.
17 noyabrdan başlanan mitinqlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Xalq yaxşı anlayırdı ki, Ermənistandakı separatçı qüvvələrin arxasında Moskva, SSRİ rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələr dayanır. Bunu bilən xalq meydanda digər tələblərlə yanaşı, "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" kimi şüarlar da səsləndirməyə başladı.
XX əsrin əvvəllərində qısamüddətli olsa da, istiqlalı görüb, azadlığın nə olduğunu duyan xalq yaxşı dərk edirdi ki, müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsət yaranıb. 1988-ci ildən başlanan meydan hərəkatı yavaş-yavaş Milli İstiqlal uğrunda mübarizəyə çevrilirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi hadisə oldu. Bununla da Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı Naxçıvanda Ulu Öndər tərəfindən qoyuldu.
İmperiya yeraltı, yerüstü sərvətlərlə zəngin olan, dotasiya hesabına yaşamayan Azərbaycanı asanlıqla əldən buraxmaq niyyətində deyildi. Öz əlaltıları vasitəsilə ölkəmizdə fitnə-fəsadlar törədib, xalqlar arasında qarşıdurma yaradır, qanlı qırğınlar törətməyə cəhd edirdi. Bir tərəfdən də erməni separatçıları xarici havadarları vasitəsilə hər gün torpaqlarımızın bir hissəsini işğal edib müstəqillik yoluna çıxan Azərbaycana mane olmağa çalışırdılar. Amma anlamaq istəmirdilər ki, zamanın təkərini geri çevirmək mümükün deyil.
1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir" deməklə düşmənə, xarici qüvvələrə tutarlı mesajını verdi.
Təməli 1988-ci il noyabrın 17-də qoyulan birliyimiz, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə elə 1988-ci ildən işğalına başlanan torpaqlarımızın azad olunması uğrunda zəfər yürüşünə çıxarkən xalqımız təkrar öz sarsılmaz birliyni bütün dünyaya nümayiş etdirdi. Xalq bir yumruğa dönüb torpaqlarını mənfur düşməndən birdəfəlik xilas etdi. 1988-ci ildə Topxana meşəsində ermənilərin qədim tarixi torpaqlarımızda başladıqları özbaşınalığa 2020-ci ildə birdəfəlik son qoyuldu. İndi Topxana da, Qarabağ da Azərbaycandır.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 17 noyabr.- S.7.