Elgün
İsmayılov adına…
"Azərbaycan" qəzeti
şəhid əməkdaşının xatirəsinə həsr
edilən növbəti yaradıcılıq müsabiqəsinə
yekun vurdu
Vətən eşqi dünyadakı ən ali, ülvi hissdir. Şəhidlik məqamı isə Vətənə məhəbbətin zirvəsidir. Sinələrini düşmən gülləsinə sipər edən, qanları ilə qara torpağı suvarıb laləzar Vətənə çevirən qəhrəman oğulların pak ucalığıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban edərək əbədiyyətdə yolçuluğa çıxan müqəddəs şəhidlərimizdən biri də 48-ci doğum günü onsuz keçirilən, şəhidliyinin 28 ili tamam olan Elgün Dağbəyi oğlu İsmayılovdur.
1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilən Elgün Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb.
1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilib. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülüb. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olub. Burada düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinə qədər döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Elgün İsmayılov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun əziz və unudulmaz xatirəsi yalnız dünyaya göz açdığı ailədə, oxuduğu məktəbdə deyil, həm də çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında daim anılır, ehtiramla yad edilir.
2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi də keçirilir.
Hər il doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il də Elgünün xatirəsi ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzüldü və ruhuna dualar oxundu.
Sonra anım
mərasimi redaksiyada davam etdirildi. Vətən uğrunda
canından keçmiş
şəhidlərimizin xatirəsi
birdəqiqəlik sükutla
anıldı.
Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq bildirdi ki, vətənpərvərlik
mövzusu "Azərbaycan"
qəzetində dərc
olunan yazılar içərisində hər
zaman qırmızı
xətt kimi keçir. Elə Elgün İsmayılovun
xatirəsinə həsr
olunmuş yaradıcılıq
müsabiqəsinə redaksiya
əməkdaşlarının məhz vətənpərvərlik
mövzusunda yazdıqları
məqalələri təqdim
etmələri də bunun bariz göstəricisi,
eyni zamanda "Azərbaycan" qəzetində
vətənpərvərlik mövzusunda yaradıcılığa
geniş meydan verilməsinin əyani təsdiqidir.
Baş redaktor söylədi ki, artıq iki ildir ki, Elgünün
xatirəsinə həsr
olunmuş yaradıcılq
müsabiqəsi əvvəlki
illərdən daha fərqli ab-havada, böyük zəfər ruhu ilə qeyd
edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən
müharibəsində qazandığı
tarixi hərbi-siyasi qələbə sayəsində
xalqımızın milli
qüruru özünə
qayıdıb. "Dəmir
yumruğ"un zərbəsi
cəmi 44 gün ərzində mənfur düşmənin belini qıraraq torpaqlarımızı
30 illik işğaldan
azad edib, yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinə birdəfəlik son qoyub, müqəddəs şəhidlərimizin
ruhunu şad edib: "30 ildir təqvimlərimizdə yer
alan qara günlərin yerini indi al-qırmızı bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini
bizə ürəklərində
vətən sevgisi daşıyan, bu uğurda gözlərini qırpmadan ölümə
atılan qəhrəman
oğullarımız bəxş
ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda qəhrəmanlıqla
mübarizə aparan, xalqımızın azadlığını
hər şeydən uca tutan, bu
yolda həyatlarını
qurban verən igidlərimizin hər birinin ömür yolu gənclərimizə örnəkdir".
"İndi xalqımız Qarabağda və Şərqi Zəngəzurda
müzəffər lider
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
böyük quruculuğun,
Böyük qayıdışın
təntənəsini yaşayır",
- deyən Bəxtiyar Sadıqov vurğuladı ki, budəfəki müsabiqəyə təqdim
olunmuş jurnalist yazılarının hər
birinin Vətən müharibəsindəki qələbəmiz,
Qarabağ və Şərqi Zəngəzurda
gerçəkləşdirilən bərpa-quruculuq işləri
ilə bağlı olması heç də təəccüblü
deyil: "Biz bu gün torpaqlarımızı
işğaldan azad etsək də, hərbi vətənpərvərlik
tərbiyəsinə daim
diqqət ayırmalı,
şəhidlərimizin xatirəsini
əziz tutmalı və belə mövzulara həsr edilmiş müsabiqələrdə
qələmimizi sınayaraq
təkmilləşdirməliyik".
Sonra Bəxtiyar
Sadıqov müsabiqənin
nəticəsini elan etdi. Builki müsabiqənin
yekunlarına görə,
redaksiyanın əməkdaşları
- İqtisadiyyat şöbəsinin
redaktoru Flora Sadıqova
- "İqtisadiyyatımız Vətən müharibəsi
günlərində" rubrikasında
dərc olunmuş silsilə məqalələrinə,
Beynəlxalq həyat,
idman və informasiya şöbəsinin
redaktoru Rəşad Baxşəliyev
- İşğaldan azad
edilmiş bölgələrdə
aparılan quruculuq və bərpa işlərindən hazırladığı
silsilə reportajlarına,
Parlament və siyasət şöbəsinin
müxbiri Yasəmən
Musayeva - Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərdən, şəhid ailələrindən
hazırladığı silsilə
publisistik reportajlarına
görə
"Azərbaycan" qəzetinin fəxri diplomu və pul mükafatları ilə təltif olundular.
Qaliblərdən Flora Sadıqova söylədi ki, bu müsabiqədə
təltif olunmaq mənim üçün böyük fəxrdir. Ona görə ki, bu, "Azərbaycan" qəzetinin təsis etdiyi, həm də kollektivimizin əməkdaşının adına olan mükafatdır. Artıq 20-ci dəfədir ki, Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq
müsabiqəsini keçiririk
və mən burada sayca 5-ci mükafatımı alıram.
Bu da əlavə
fəxr hissi bəxş edir.
Qaliblərdən biri, özü
də 44 günlük
Vətən müharibəsinin
könüllü iştirakçısı
olmuş Azərbaycan Silahlı Qüvvələrinin
ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev
qeyd etdi ki, istənilən müsabiqədə qaliblər
sırasında olmaq jurnalist üçün fərəhlidir. Amma vətənpərvərlik mövzusu,
xüsusən də şəhidlərimiz haqqında
yazılar, reportajlar hazırlayıb qalib olanda iftixar hissi keçirirsən:
"Etiraf edim ki, bundan öncə
keçirilən müsabiqələrdə
qaliblər sırasında
olsam da, bugünkü hissləri heç zaman yaşamamışdım. Çünki 20 yaşında canını
Vətən uğrunda
fəda edən qəzetimizin əməkdaşı,
qəhrəman kəşfiyyatçımızın
və Birinci Qarabağ müharibəsində
şəhidlik zirvəsinə
ucalan bütün igidlərimizin ruhları işğal dövründə
şad deyildi. 44 günlük Vətən
müharibəsindəki zəfərimiz
şəhidlərimizin qanını
yerdə qoymadı".
R.Baxşəliyev deyir ki, artıq iki ildir ki, bu
müsabiqədə ürəklə,
fəxr hissi ilə iştirak edir: "Bəlkə də, bu gün
hamıdan çox sevinən mənəm. 44 günlük Vətən müharibəsində qazanılan
şanlı Zəfərimizdə
payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam
ki, mən həm də "Azərbaycan" qəzetində
Elgünün davamçısı
oldum və şəhid qardaşımızın
qisasını alıb
qazi kimi redaksiyamıza qayıtdım.
Qürurluyam həm də
ona görə ki, geriyə əliboş dönmədim.
Ali Baş Komandan
İlham Əliyevin məni təltif etdiyi "Qubadlının
azad olunmasına görə" medalı məhz Elgünün ölməz ruhu üçün ən əziz xatirə nişanı oldu. Çünki Elgün Qubadlıda
doğulub boya-başa
çatmışdı. Bu torpaqların azadlığı
uğrunda canından-qanından
keçmişdi ki, onun sakinləri şad-xürrəm yaşasınlar".
Özü də keçmiş
məcburi köçkün
olan Yasəmən Musayeva söylədi ki, parlaq Qələbəmiz,
həm də 30 ildir ki, torpağından
didərgin düşərək
vətəndə qəribçilik
çəkən insanlarımızın
nisgilinə son qoydu:
"Mən də vətənimə - Kəlbəcərə
ziyarətə getdim,
o yerlərimizi bir daha dünya gözü ilə gördüm. Eyni zamanda jurnalist
olaraq azad torpaqlarımızdan ilk reportajımı
hazırladım. Bugünkü müsabiqədə məhz
həmin yazılarımla
qalib seçildim.
Bu sadaladıqlarım isə mənim üçün böyük
xoşbəxtlik, bir zamanlar bəlkə də gerçəkləşməsi
çətin görünən
möcüzənin özüdür".
Şəhid Elgün İsmayılovun
atası, Əməkdar
jurnalist, AzƏrTac-ın
İdarə Heyəti
sədrinin müavini Dağbəyi İsmayılov
Vətən uğrunda
canlarından keçən
hər bir şəhidin şərəfli
ömrünün örnək
olmasını təbliğ
edən "Azərbaycan"
qəzetinin baş redaktoruna və kollektivinə ailəsi adından təşəkkürünü
bildirdi. Şəhid atası vurğuladı ki, Elgünün xatirəsinin ona doğma olan iş yoldaşları tərəfindən hər
zaman ehtiramla yad edilməsi, redaksiyada
xatirəsinə həsr
olunmuş müsabiqənin
keçirilməsi onu
çox qürurlandırır.
Şəhid atası dedi ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
milli qürurumuzu geri qaytardı: "Bu sevinci, bu qüruru
bizə yaşadan isə şəhidlərimiz,
Ali Baş Komandanın
rəhbərliyi ilə
döyüşlərə qatılan rəşadətli
ordumuzdur. Övladım Elgün Murov
dağın Ömər
aşırımında şəhadətə
yüksəlmişdi. İkinci Qarabağ savaşında ordumuzun ilk uğurlarından
biri də oğlumun şəhid olduğu məhz həmin yüksəkliyin işğaldan azad edilməsi idi. Onda mən bir şəhid
atası kimi sevindim və qürurlandım ki, Elgünün qisası alındı, onun qanı yerdə qalmadı. Şükürlər olsun ki, şəhidlərimizin ruhu
şaddır, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımız indi Prezidentimizin də dediyi kimi, cənnətə çevrilir".
D.İsmayılov qeyd edib ki,
bu ənənənin davam etdirilməsi Elgünün ailəsi üçün qürurvericidir.
Nəzrin QARDAŞXANOVA,
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2022.-
17 noyabr.- S.8.