"Fransa yenə bizi aldadır"

 

 

Ermənistan ictimaiyyəti "böyük bacı"nın növbəti dəfə İlham Əliyevin yanında "quzuya" dönəcəyi qənaətindədir

 

 

Fransa növbəti dəfə ikili standartdan çıxış edərək Azərbaycan və Ermənistana münasibətdə qərəzli mövqe sərgilədi. Fransa senatında qəbul edilən anti-Azərbaycan xarakterli qətnamə bunun növbəti təzahürü oldu.

Ancaq bu qətnamənin qəbulu ermənilər üçün bir o qədər də cəlbedici olmadı və ya hansısa üstün nəticələrə gətirib çıxara bilməyəcək. Hər halda Ermənistan ictimaiyyətinə, sosial şəbəkələrə nəzər saldıqda bunu aydın görmək olar. Həmin fikirlərin təhlili göstərir ki, ermənilər özləri də bu qətnamənin adi kağız parçasından başqa bir şey olmadığını yaxşı anlayırlar. 

Siyasi ekspert Qriqori Qalustyan bildirib ki, Fransa senatının bizim xeyrimizə qətnamə qəbul etməsinin əvvəlkilərdən heç bir fərqi yoxdur: "Yəni nə dəyişəcək? Qətnaməni Paşiyanın mediası elə təqdim edir ki, sanki "Artsax"a (Xankəndi - red.) qayıdacağıq.  Təəssüflər olsun ki, yenə proqnozum özünü doğruldacaq. Bu, İlham Əliyevin yeni qələbəsi, Paşinyanın növbəti məğlubiyyəti olacaq. Paşinyanın, adətən, nüfuzlu tədbirlərə görə etdiyi səfərlər protokol xarakteri daşıyıb. Səfərlərin hamısında Emmanuel Makron da daxil olmaqla dünya liderləri İlham Əliyevin yanından əl çəkmirlər. Paşinyana isə üz çevirirlər. Özümüzü belə saysız-hesabsız qətnamələrlə aldatmayaq".

"4rd.am" saytında da Fransa senatının qəbul etdiyi qətnamə  ilə bağlı məqalə dərc olunub  xatırladılıb ki, artıq neçənci dəfədir bu cür hadisələr təkrarlanır. Müəllif qeyd edib ki, Fransa bu qətnamələri qəbul etməklə, guya, göstərir ki, Ermənistanın yanındadır: "Praktikada heç bir işə yaramayan bu qərarlar onu deməyə əsas verir ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdədir və bu hal Ermənistanın yox olan dövlətçiliyinə növbəti zərbədir".

Erməni ekspert Manvel Qasparyan isə vurğulayır ki, Fransa senatının sülh müqaviləsinin aktual olduğu bir dönəmdə belə qətnamə qəbul etməsi Ermənistan adına müsbət hal deyil.  Bir sözlə, təhlükə təbili çalınır: "Bir tərəfdən, Rusiyaya yalvarırıq, digər tərəfdən, Paşinyan gedib oturur Makronun sarayında. Yəni baş nazir başını itirib. Bizim hakimiyyət  Rusiya ilə münasibətiləri  xeyli pisləşdirə bilib".

Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar da İlham Əliyevin Ermənistanla yanaşı, Fransa üzərində də üstünlüyünün artması barədə ortaq rəydədirlər.

İrina Tevosyan adlı biri instaqramda paylaşılan xəbərə maraqlı bir şərhlə diqqət çəkib. Şəxsi məlumatlarında siyasi şərhçi yazılan istifadəçi yazıb: "Bu qətnamələrlə başımızı aldatmasınlar. Makron Azərbaycana meydan oxuyur, yanımızda olduğunu bəyan edir. Amma İlham Əliyevi görəndə "quzuya" dönür. Fransanın artıq kağızda qalan qətnamələri mənasızdır. Ermənistanın müttəfiqi və dostu kimi özünü təqdim edir. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil".

Aravik Babayan adlı feysbuk istifadəçisi Fransa senatının qəbul etdiyi qətnamə ilə bağlı yer alan xəbərə münasibət bildirib: "Belə qətnamələri o qədər görmüşük ki, sayını belə unutmuşuq. Fransa bizi yenə aldatdı. Makron cəsarətli biri deyil. Paşinyanla bir-birilərini yaxşı tapıblar. Maraqlıdır, görəsən, bundan sonra Paşinyan Putin və Əliyevin qarşısına hansı üzlə çıxacaq?"

Eduard Karapetyan adlı istifadəçi instaqram sosial şəbəkəsində xəbər portallarından birində  məlum qətnamənin əks olunduğu videoxəbərə münasibət bildirib: "Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən  çəkinməyək. Çox gülməlidir, elə deyilmi? Makron bizə düşmən olan ölkənin əleyhinə qətnamələr qəbul edir. Nə olsun? Nəticə varmı? Düşmən ölkənin rəhbəri olsa da, reallığı demək lazımdır. Görünür ki, İlham Əliyev bütün sahələrdə təkcə Ermənistan üçün yox, Fransa üçünböyük qorxu yaradıb. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik. Bunun ən böyük səbəbkarı isə hakimiyyətdir. Boş qətnamələrə qarnımız toxdur".

Levon Xaçaturyan  adlı birinin feysbuk sosial şəbəkəsindəki paylaşımı da maraqla qarşılanıb: "Acı reallıq olsa da, qəbul edək ki, bizim böyük dəstəkçimiz adlandırdığımız Rusiyadan bəxtimiz gətirmişdi ki, Fransa senatının qətnamələrindən də gətirə. Makronun pafoslu çıxışlarına, onun aktyorluğuna İlham Əliyev tədbirlərdə elə zərbələr vurub ki, səsi belə çıxmayıb. Kağız üzərində qalan boş qətnamələrə Azərbaycanda artıq reaksiya belə vermirlər. Bu gedişlə İlham Əliyev Makronu da yola gətirəcək. Ermənistana da od püskürür, bizimkinin isə susmaqdan başqa çarəsi yoxdur".

Aşot Dəmirçyan adlı birinin tviter sosial şəbəkəsində etdiyi paylaşım daha çox bəyənmə toplayıb. Profilində Respublika Partiyasının üzvü olduğu diqqətçəkən istifadəçi  yazır ki, Paşinyan bütün günü feysbuk canlı yayımlar təşkil edib, bəhanələr uydurmaqla ictimaiyyəti susdurmaqdansa, Makrona yalvarıb nəticəsiz qətnamələr qəbul elətdirməkdənsə gedib İlham Əliyevə tutarlı cavab versin:  "Xatırlayın, Praqadakı son görüşdə İlham Əliyev Paşinyanı da, Makronu da  şahmat dili ilə desək, mat etdi. Bunu etiraf etməyən lider yoxdur. Ermənistanı İlham Əliyev qarşısında niyə məğlub duruma salırsınız? Faktiki olaraq o, Ermənistanı əzir. Amma biz buna cavab verə bilmirik. Əliyev bəyan edir ki, Ermənistan sülh müqaviləsini imzalamasa, daha ağır vəziyyətə düşəcək. Əslində, bu belədir. Paşinyan hökuməti isə bunlara qarşı hansısa əks-həmlə edə bilmir".

Göründüyü kimi, qeyd edilənlərdən, ermənilərin öz mövqeyindən belə bəlli olur ki, bu qətnamələrin digərlərindən fərqi yoxdur.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 17 noyabr.- S.9.