Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr genişləndirilir

 

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün daha böyük potensial mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikri Kişineuda səfərdə olan Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli ilə görüşündə Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.

Spiker vurğulayıb ki, Moldova bir çox sahələrdə Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

“Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi olduqca əhəmiyyətlidir. Moldova Avropa İttifaqı ölkələri ilə sərhəddə yerləşən dövlət kimi əlverişli mövqeyə malikdir. Ölkəmizdə birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanlar mövcuddur”, - deyə İqor Qrosu əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdıran Əli Hüseynli isə Moldova parlamentinin sədrinin Azərbaycana səfərini xatırladaraq bildirib ki, bu gün iki ölkə parlamentləri arasında əlaqələr dostluq münasibətlərinə söykənib.

Əli Hüseynli dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində əhəmiyyətindən danışıb və vurğulayıb ki, bu sənədlərin əhatə dairəsinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycan regionun lider dövləti kimi ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil siyasət həyata keçirirbu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tərəflər Azərbaycan və Moldovanın qanunvericilik orqanlarının qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparıblar, parlamentlərarası dostluq qruplarının fəaliyyətini, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə edilib.

Müzakirələrdə Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 11 noyabr.- S.7.