Ermənistan
sülh istəyirsə, təhlükəli ritorikadan əl
çəkməlidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də
Avropa İttifaqının Şərq Tərəfdaşlığı
üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik
etdiyi, Avropa İttifaqının və bir sıra üzv
ölkələrin Şərq Tərəfdaşlığı
üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, böyük nümayəndə heyəti ilə görüşmək o deməkdir ki, müzakirə olunmalı çox məsələ var.
Dirk Şuebel: Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox təşəkkür edirik. Bizimlə görüşmək üçün vaxt ayırmağınız bizim üçün şərəfdir. Mən qısaca olaraq özümü, həmkarlarımı və nümayəndə heyətini təqdim etməklə başlaya bilərəm. Mənim adım Dirk Şuebeldir. Mən Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsiyəm. Lakin bu, Azərbaycana ilk səfərim deyil, ötən illər ərzində əvvəlki vəzifələrdə dəfələrlə burada olmuşam və yenidən burada olduğum üçün şadam. Biz buraya bir neçə üzv dövlətin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrindən, səfirlərindən ibarət nümayəndə heyəti ilə gəlmişik.
Bizim hamımız hazırkı vəziyyətdə Şərq Tərəfdaşlığının həyata keçirilməsi, ola bilsin ki, Şərq Tərəfdaşlığının yenilənməsi, müasirləşdirilməsi üçün xüsusi nümayəndə təyin olunmuşuq. Bilirik ki, hazırkı geosiyasi vəziyyətdə yeni ideyalara, yeni stimullara, xüsusi yanaşmalara ehtiyac var, bizim burada olmağımızın bir səbəbi də budur. Bunun Sizin nöqteyi-nəzərinizdən necə göründüyünü dinləmək istəyirik: nəyi daha yaxşı edə bilərik, Azərbaycanla əməkdaşlığımızda xüsusi nələri edə bilərik?
Düşünürəm ki, son bir neçə ildə əməkdaşlıq çox yaxşı inkişaf edib. Biz bir sıra müstəvidə irəliləyirik. Sözsüz ki, enerji sahəsi. Lakin düşünürəm ki, siyasi müstəvidə də biz bir çox səylər göstərmişik. Prezident Mişel çox fəaldır, Siz dəfələrlə görüşmüsünüz və Siz onun, eləcə də bizim hamımızın, Avropa İttifaqının ədalətli vasitəçi olduğunu görmüsünüz. Bilirsiniz ki, bizim gizli gündəliyimiz yoxdur, xüsusi gündəliyimiz yoxdur. Biz sadəcə yaxşı əməkdaşlıq etmək və əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Bir çox dialoqlar - təhlükəsizlik sahəsində və bir sıra başqa sahələrdə dialoqlar qurulub. Biz daha çox məsələni nəzərdən keçirməyə hazırıq. Lakin sözsüz ki, əsas məsələni, münaqişəni unutmaq istəmirik.
Cənab
Prezident, sirr deyil ki, biz Ermənistandan gəlmişik. Ermənistanda olduq. Deməliyəm
ki, orada yaxşı danışıqlar apardıq. Düşünürəm ki, Ermənistanda
aldığımız əsas mesaj ondan ibarətdir ki, Ermənistan
da sülhün əldə olunmasında maraqlıdır.
Biz, həmçinin burada da Sizin bunda
maraqlı olduğunuzu eşidirik. Ona görə
də biz davamlı sülhə öz töhfəmizi verə
bilərik ki, bunu birdəfəlik kənara qoyaq, Cənubi
Qafqaz regionunun qonşu ölkələrlə birlikdə
çiçəklənməsi istiqamətində hərəkət
edək. Düşünürəm ki,
bizim çatdırmaq istədiyimiz əsas diləyimiz bu
olacaq.
İkitərəfli məsələlərə gəlincə,
sonuncu məsələ bizim sazişimizdir. İstərdik,
Sizdən xahiş edək ki, bunu həyata keçirmək
üçün daha bir təkan verək. Bildiyiniz
kimi, razılaşdırılası çox məqam
qalmayıb. Ona görə də əgər
biz ikitərəfli sazişi razılaşdıra bilsək,
bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda
daha bir mühüm addım olacaq. Ümumilikdə
isə biz burada dinləyici qismindəyik. Böyük
məmnuniyyətlə Sizin fikirlərinizi, ideyalarınızı
dinləyərik. Biz onları müvafiq
olaraq paytaxtlarımızda öz rəhbərliklərimizə
çatdıracağıq. Ümumilikdə
isə biz sadəcə burada olmağa şadıq və bizi qəbul
etdiyinizə görə minnətdarıq, cənab Prezident.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, çox
sağ olun. İlk növbədə, gəldiyinizə
görə təşəkkür edirəm. Mən bu səfəri yüksək qiymətləndirirəm.
Düşünürəm ki, bu, gələcəkdə
görməli olduğumuz işlərin düzgün qiymətləndirilməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycan
və Avropa İttifaqı arasında əməkdaşlığın
məzmunu olduqca genişdir. Biz müxtəlif
sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər
sahələrdə əməkdaşlığımızın
səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq Tərəfdaşlığına
gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan
onu güclü şəkildə dəstəklədi və
Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə
fəal iştirak etdi.
Hazırda isə sizinlə razıyam ki, onun müasirləşdirilməsinin
və görülən işlərin nəzərdən
keçirilməsinin vaxtıdır. Çünki bu
proqramın yaradılmasından on ildən çox keçir
və Şərq Tərəfdaşlığına üzv
ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri
Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir
formata qoşulmayıb. İqtisadi göstəricilərimiz,
siyasi və iqtisadi sabitlik və əlbəttə ki, ərazilərimizin
azad olunması xarici siyasətimizin praqmatizm üzərində
qurulduğunu və hədəfə hesablanmış
olduğunu nümayiş etdirir. Başlıca hədəf
isə Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi idi və biz
buna iki il əvvəl nail olduq.
Beləliklə, biz Şərq Tərəfdaşlığı
ilə bağlı yeni imkanların nədən ibarət
olduğunu nəzərdən keçirməliyik. Bizə gəldikdə,
biz bu proqramı və bu platformanı üzv ölkələr
arasında əməkdaşlıq deyil, Avropa İttifaqı
ilə əməkdaşlığı gücləndirmək
üçün əlavə imkan hesab edirik.
Çünki Şərq Tərəfdaşlığına
üzv olan digər beş ölkə ilə
bizim fərqli münasibətlərimiz var. Bizə isə
Avropa Komissiyası ilə əlavə əməkdaşlıq
mexanizminin əldə edilməsi vacib idi. İndi
isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə
bunu yenidən nəzərdən keçirmək
lazımdır.
Bizə gəldikdə, biz, eyni zamanda, Avropa
İttifaqına üzv olan dövlətlərlə ikitərəfli
əsasda fəal işlədik. Üzv ölkələrin
doqquzu ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat,
yaxud saziş imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir.
Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı
qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə
həqiqətən nail olub. Beləliklə,
bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı
ilə sazişimizin müzakirəsi üçün təməl
hesab edirik. Saziş üzərində iş uğurla,
lakin ləng gedir. Uğurla gedir ona görə
ki, sazişin bəndlərinin 90 faizi
razılaşdırılıb. Ləng
gedir ona görə ki, orada hər iki tərəfdən siyasi
iradə tələb edən və necə deyərlər,
ilişib qaldığımız məsələlər var.
Azərbaycanda bununla bağlı müəyyən
narahatlıqlar var, çünki bizim
imzaladığımız və ya imzalamağı
planlaşdırdığımız hər hansı saziş
bizə və tərəfdaşlarımıza əlavə
fayda verməlidir. Biz orta və ya
uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada
biləcək hər hansı bir sənədi imzalaya bilmərik.
Yəni, ləngiməyə səbəb olan bəndlər
iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə
bağlı nümayəndə heyətimizə artıq təlimat
vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması
üçün fürsət var. Zənnimcə bu, bizim əməkdaşlığımız
üçün daha bir mühüm nailiyyət olacaqdır.
Biz əlbəttə ki, enerji inkişafı və
enerjinin şaxələndirilməsi layihələri
haqqında da danışacağıq və müzakirələrin
nədən ibarət olduğunu biləcəyik.
Siz Ermənistana səfərinizi və orada Ermənistan
rəhbərliyindən sülh mesajı
aldığınızı qeyd etdiniz. Biz
işğalın davam etdiyi bütün illər ərzində
bu mesajları eşitmişik. Lakin onlar səmimi
deyildi. Biz də sülh arzulayırdıq,
lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər.
Fərq bunda idi. Beləliklə,
biz münaqişəni güc yolu ilə, daha sonra isə
siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında
danışmasını bir növ manipulyasiya hesab edirəm.
Çünki onlar həqiqətən sülh
arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər.
Müharibə başa çatdıqdan dərhal
sonra sülh sazişi üzərində danışıqlara
başlamağı təklif edən biz olmuşuq. Bu dünya tarixində nadir hallardandır ki, ərazisi
uzun illərdir işğal altında olan, ədaləti
güc yolu ilə bərpa edən, düşməni məğlub
edərək torpağından qovan ölkə sülh təklif
etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin
dağıdılması və viran qoyulması, azərbaycanlıların
əzab-əziyyət çəkməsinə baxmayaraq,
sülh təklif etdik.
Biz məlum
beş prinsipdən ibarət sülh və
bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını
yaratmağı təklif etdik. Məhz biz
münasibətlərin normallaşdırılması
üçün əsasları müəyyən etməyə
çalışdıq. Ermənistan bu
prosesin ilkin mərhələsində çox tərəddüd
edirdi. İndi isə onlar sülh
haqqında danışırlar, lakin biz onların anlamında
sülhün nə olduğunu anlamırıq. Bununla belə, bizim mövqe çox aydındır.
Bu, dəfələrlə ictimaiyyət qarşısında, o
cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi
və normallaşma prosesində iştirak etmiş, hazırda
iştirak edən ölkələrin, yəni, Birləşmiş
Ştatların və Rusiyanın liderləri ilə
kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz
olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin
normallaşdırılması prosesi və həmçinin
hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda,
Qarabağda erməni azlığına aid məsələlər.
Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır.
Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox.
Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır.
x x x
Görüşdə Azərbaycan
ilə Avropa İttifaqı arasında münasibətlərin
inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq
məsələləri müzakirə edildi, ölkəmizin
regional nəqliyyat-logistika qovşağı olması
vurğulandı. Söhbət zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülh sazişinin
imzalanması, sərhədlərin delimitasiyası, regional təhlükəsizlik
və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 18 noyabr.- S.1-2.