Avropa
İttifaqının nümayəndə heyəti Milli Məclisdə olub
Noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Səməd Seyidov qonaqları salamlayaraq, Azərbaycanın Şərq Tərəfdaşlığının bir hissəsi olduğunu vurğulayıb. O, bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Regiondakı mövcud vəziyyət barədə danışan komitə sədri bildirib ki, Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıdır. Eyni zamanda, erməni xalqı da Azərbaycanla sülh istəyir, lakin buna mane olan qüvvələr var. O, həmçinin vurğulayıb ki, Azərbaycan qonşu dövlətlərlə yaxşı əlaqələrin qurulması üçün səylərini əsirgəmir.
Söhbət zamanı Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən də danışan Səməd Seyidov deyib ki, sülh prosesində vasitəçi olan bir ölkə kimi Fransanın bu mövqeyi qəbuledilməzdir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi və mövcud geosiyasi vəziyyətlə, yeni yanaşmalarla bağlı müzakirələr aparmaqdır. O, eyni zamanda, Azərbaycanın mövqeyinin əhəmiyyətli olduğunu söyləyib.
Azərbaycanın çox mühüm coğrafiyada yerləşdiyini deyən Dirk Şuebel Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhə töhfə vermək istədiyini vurğulayıb.
Cənubi Qafqaz üzrə xüsusi elçi, Şərq Tərəfdaşlığı üzrə səfir, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Bris Rökföy çıxışında deyib ki, Senatın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Fransa Hökumətinin mövqeyini əks etdirmir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 18 noyabr.- S.2.