BTC-nin uğur salnaməsi
davam edir
23 il əvvəl
kəmərin marşrutunu
müəyyənləşdirən sənədin imzalanması
ilə bu salnamənin mühüm səhifəsi yazıldı
Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri
2006-cı ilin ortalarında
istismara veriləndən
bu ilin üçüncü
rübünün sonunadək
ümumilikdə təqribən
524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql
edib. Bu neft
həcmləri Ceyhanda
5163 tankerə yüklənərək
dünya bazarlarına
göndərilib.
Səngəçal terminalından Azərbaycan, Gürcüstan
və Türkiyədən
keçməklə ixrac
olunan neftin yüklənildiyi 5000-ci tanker isə
Ceyhan terminalından cari il martın 23-də yola salınıb. Bu, BTC-nin növbəti uğuru idi və kəmərin salnaməsi belə mühüm hadisələrlə
zəngindir.
Həmin şanlı salnamənin
ilk səhifələri 1990-cı illərin sonlarında yazılırdı. "Əsrin
müqaviləsi" çərçivəsində
neft hasilatı artdıqca, mövcud olan kəmərlərdən
əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranırdı.
Belə bir şəraitdə müəllifi Ümummilli
Lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi ideyası
irəli sürüldü.
1998-ci il oktyabrın
19-da Ankarada kəmərin
inşa edilməsi haqqında bəyannamə
imzalandı. 1999-cu il noyabrın 18-də
İstanbulda, ATƏT-in Zirvə
toplantısında xəttin
çəkilişi ilə
bağlı növbəti
sazişə imza atıldı. Bu, xam
neftin BTC vasitəsilə
Azərbaycanın, Gürcüstanın
və Türkiyənin
əraziləri ilə
nəql edilməsinə
dair saziş idi. Kəmərin tikintisi üçün
həlledici rol oynayan həmin mühüm sənədi Azərbaycanın, Gürcüstanın,
Türkiyənin, Qazaxıstanın
və ABŞ-nin ovaxtkı prezidentləri imzaladılar. BTC qarşısında "yaşıl
işıq" yandıran
həmin sazişin imzalanması "Əsrin
müqaviləsi"ndən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb
edən daha bir böyük hadisə idi. Bu, Ulu Öndər
Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün oldu.
Məlum olduğu kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə də "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində çıxarılan nefti dünya bazarlarına nəql etmək üçün boru kəmərləri çəkilməli idi. 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri istifadəyə verildi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idi və böyük maliyyə vəsaiti hesabına reallaşdı. Tikintinin müvəffəqiyyətlə başa çatdırılması bir daha göstərdi ki, Azərbaycan böyük işlər görməyə, həm də onları qısa müddətdə həyata keçirməyə qadirdir.
Zaman özü də məhz belə layihələrin gerçəkləşməsini tələb edirdi. Yəni BTC-nin tikilməsi zərurəti "Əsrin müqaviləsi"nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dayanırdı və hasilatın ildən-ilə artacağı yəqin idi. Fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü isə getdikcə artan neft həcmlərini nəql etmək üçün kifayət deyildi.
2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC barədə demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".
Hazırda BTC əsasən AÇG-nin neftini və "Şahdəniz"in kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Yeri gəlmişkən bir yeniliyi də qeyd edək. Qazaxıstan mediasının bildirdiyinə görə, bu ölkə gələn ildən başlayaraq BTC vasitəsilə ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Bu barədə respublikanın Baş naziri Əlixan Smailov məlumat verib: "Bizim gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə 1,5 milyon ton neft nəqli ilə bağlı razılaşmamız var və bunun 6-6,5 milyon tona çatdırılması üzərində işlər gedir".
Smailovun sözlərinə görə, Qazaxıstanda neft ixracının şaxələndirilməsi istiqamətində yol xəritəsi hazırlanıb. Bu, əsasən, neftin Aktau limanından Bakı limanına daşınmasını, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlini nəzərdə tutur. Qazaxıstan həmçinin Bakı-Supsa və Bakı-Batumi kəmərləri vasitəsilə də neft nəqlini planlaşdırır. Belə ki, Batumi limanında Qazaxıstanın terminalı mövcuddur.
Göründüyü kimi, BTC getdikcə daha böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu boru kəmərinin ən uğurlu qlobal enerji layihələrindən olduğunu bildirib. Ərdoğan bunu cari il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən
IX Zirvə Görüşündə çıxışı zamanı deyib və qeyd edib ki, türk dövlətlərinin ortaq coğrafiyası strateji enerji dəhlizlərinin kəsişməsində yerləşir: "BTC boru kəməri ən uğurlu qlobal enerji layihələrindən biridir. Buna görə də təşkilatımız çərçivəsində enerji sahəsində birgə layihələrə böyük əhəmiyyət veririk".
BTC haqlı olaraq regionda enerji ixracının başlıca arteriyası sayılır. Kəmər istifadəyə verilərkən layihənin tərəfdaşları ona Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifini irəli sürmüşdülər və bu təşəbbüs yekdilliklə bəyənilmişdir. BTC bu uca adı şərəflə daşıyır.
Xatırladaq ki, hazırda BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 18 noyabr.- S.13.