Azərbaycan Sizin yolunuzu gözləyir

 

 

HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT

 

 

 

Möhtərəm Heydər bəy!

 

Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali Hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.

Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir.

Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar görünür demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə, biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.

Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksəkixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır.

Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir.

Xalqımıza qarşı törədilən ən böyük dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlər hələ cəzalarına çatmayıblar. Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda "sürətli artım" ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.

Möhtərəm Heydər bəy!

İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli tövhəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.

Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.

Heydər bəy!

Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.

 

Hörmət və ehtiramla:

 

1. Ziya Bünyadov - Azərbaycan Respublikası EA-nın akademiki

2. Fərəməz Maqsudov - Azərbaycan Respublikası EA-nın akademiki

3. Ömər Eldarov - heykəltaraşlıq akademiyasının akademiki

4. İqrar Əliyev - Azərbaycan EA-nın müxbir üzvü

5. Kərim Kərimov - Azərbaycan EA-nın müxbir üzvü

6. Məmmədtağı Cəfərov - Azərbaycan EA-nın müxbir üzvü

7. Sabir Hacıyev - Azərbaycan EA-nın müxbir üzvü

8. Xəlil Rza Ulutürk - Xalq şairi

9. Sirus Təbrizli - yazıçı, publisist

10. Zeynəb Xanlarova - Xalq artisti

11. Əli Ömərov - Azərbaycan Respublikasının xalq deputatı

12. Eldar İbrahimov - Azərbaycan Respublikasının xalq deputatı

13. Mixail Zabelin - Azərbaycan Respublikasının xalq deputatı

14. Əlfəddin Abdullayev - Azərbaycan Respublikasının xalq deputatı

15. Murtuz Ələsgərov - Əməkdar hüquqşünas

16. Əkbər Bayramov - Əməkdar elm xadimi

17. Zahid Qaralov - Əməkdar müəllim

18. Həsən Quliyev - Əməkdar müəllim

19. Adil Qasımov - Əməkdar müəllim

20. Əjdər İsmayılov - Əməkdar müəllim

21. Fikrət İsmayılov - respublika dövlət mükafatı laureatı

22. Şahlar Əskərov

23. Mübariz Əhmədov

24. Əli Nuriyev

25. Ədalət Fərəcov

26. Həsən Mirzəyev

27. Zahid Xəlilov

28. Vilayət Əliyev

29. Abbas Səmədov

30. Ağababa Mahmudov

31. Şəmistan Mikayılov

32. Səfyar Musayev

33. Əsədulla Qurbanov

34. Musa İlyasov

35. Tələt Qayıbov

36. Məmməd Məmmədov

37. Rafiq Əmənzadə

38. Lalə Hacıyeva

39. Eldar Abbasov

40. Əli İnsanov

41. Fuad İsmayılov

42. Əlişir Musayev

43. Hüsü Kərimov

44. Rafiq Məmmədhəsənov

45. Məmməd Nəsirov

46. İbrahim İsayev

47. Faiq Cəfərov

48. Sudef İmamverdiyev

49. Liliya Luqovaya - dosent, Əməkdar həkim

50. Hacıbala Abutalıbov - elmlər doktoru

51. Novruz Quliyev - elmlər doktoru

52. Əmir Mərdanov - elmlər doktoru

53. Sabir Xəlilov - dosent

54. Pənah Mahmudov

55. İskəndər Quliyev

56. Zakir Sərdarov

57. Əli Əhmədov

58. Əli Nağıyev

59. Maqsud Nəcəfov

60. Heydər Hüseynov

61. Nəbi Əskərov

62. Allahverdi Hacıyev

63. Tofiq Hüseynov

64. Məmməd Məmmədov

65. Musa Heydərov

66. Hacı Hacıyev - elmlər namizədi

67. Nəzir Əhmədov

68. Allahyar Hüseynov

69. İbrahim Əzizov

70. Aydın Əhmədzadə

71. Vidadi Acalov

72. Sabirə Dünyamalıyeva

73. Georgi Savoskin - Sodrujestvo cəmiyyətinin üzvü

74. Lüdviq Muradov - Azərbaycan-Rusiya cəmiyyətinin məsul katibi

75. Rafael Allahverdiyev - Azərbaycan-Rusiya cəmiyyətinin vitse prezidenti

76. Asif Cahangirov - BXTŞ-nin müdiri

77. Rafiq Qasımov - "Azərelektroterm"in baş direktor müavini

78. Kərim Kərimov - Bakı Kondisioner zavodunun şöbə müdiri

79. Munis Bayramov - Azərbaycan Əlillər cəmiyyəti sədrinin köməkçisi

80. Möhsün Möhsünov - yazıçı, jurnalist

81. Ağabəy Əsgərov - elmlər namizədi, "Səs" qəzetinin baş redaktoru

82. Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru

83. Rizvan Cəbiyev - "Naxçıvan" qəzetinin baş redaktoru

84. Ariz Abduləliyev - "Axtarış" qəzetinin baş redaktoru

85. Əziz Axundov - "Gənc müəllim" qəzetinin baş redaktoru

86. Mirzə Əsgərov - "Real" agentliyinin direktoru

87. Xeyrəddin Qoca - "Açıq söz" qəzetinin redaktor müavini

88. Səlahəddin Quliyev - jurnalist

89. Ziya Paşa - jurnalist

90. Vüqar İsmayılov - jurnalist

91. Tahir Məmmədov - jurnalist

 

15 oktyabr 1992-ci il

 

Azərbaycan.-2022.- 20 noyabr.- S.4.