Müxalifətdən hakim partiyaya təbrik:

 

Yeni Azərbaycan Partiyasının liderləri tariximizin həlledici məqamlarında üzərlərinə götürdükləri missiyaların öhdəsindən layiqincə gəliblər

 

 

Yeni Azərbaycan Partiyasının təsis olunmasından 30 il ötür. YAP 30 illik yubileyini nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi qarşılayır.

Mövzu ilə bağlı qəzetimizə danışan siyasi partiyaların rəhbərləri də Yeni Azərbaycan Partiyasının xalqımızın müstəqil dövlətçilik ənənələrinin qorunub saxlanmasındakı və ölkəmizin siyasi həyatındakı rolundan bəhs ediblər.

 

 

 

30 illik şərəfli yol

 

 

 

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirdi ki, Yeni Azərbaycan Partiyasının 30 illik dövrü, partiyanın həyata keçirdiyi uğurlu siyasət göz qabağındadır: "Məhz bu partiyanın iqtidarı dövründə, partiyanın Sədri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Qarabağ və Şərqi Zəngəzur düşmən işğalından azad edildi. Həmin günlərdə İlham Əliyev bütün millətin liderinə çevrildi, dünya  azərbaycanlılarını vahid məqsəd uğrunda birləşdirdi və beləliklə, Azərbaycan dövlətinin qarşısında duran ən başlıca vəzifələri yerinə yetirdi. İlham Əliyev bu tarixi uğura imza atarkən ölkədəki siyasi partiyaların da dəstəyini qazanmağı bacarıb. 44 günlük Vətən müharibəsi dövründə əksər müxalif partiyalar Ali Baş Komandanımıza və rəşadətli ordumuza birmənalı dəstək nümayiş etdirirdi".

Partiya sədri dedi: "Etiraf etməliyik ki, YAP öz adını tarixə yazmağı bacarıb. Azərbaycanın müstəqillik dövrünün böyük hissəsi YAP-ın adı ilə bağlıdır. Bu illərdə xeyli uğurlar qazanılıb, ölkəmizin ərazi bütövlüyü təmin edilib. İqtidar partiyasını, rəhbərlik və bütün üzvlərini yubiley münasibətilə təbrik edir və Azərbaycanın yüksək rifahı naminə nailiyyətlər arzulayıram".

 

 

 

YAP ölkənin aparıcı siyasi partiyasıdır

 

 

 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucu lideri Heydər Əliyev və Prezident İlham Əliyev tariximizin həlledici məqamlarında üzərlərinə götürdükləri missiyaların öhdəsindən layiqincə gəliblər. "Bu partiyanın yarandığı dövr olduqca təlatümlü olub. Həmin vaxtda Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş və dərhal düşmən təcavüzü ilə üz-üzə qalmışdı. Həmçinin Azərbaycanda bir sıra dövlətlərin iqtisadi və siyasi maraqları toqquşurdu, regionda, Azərbaycanın müstəqilliyini qəbul etməyənlər var idi. Bütün bu güclərlə üz-üzə dayanmaq, eyni zamanda ölkə daxilindəki ziddiyyətli problemləri həll etmək olduqca ciddi fəaliyyət tələb edirdi. Həmin dövrdə yeni partiyalar təsis edilməyə başlanılırdı, ölkə çoxpartiyalı sistemə keçid edirdi. Rəqabət mühitində ayaqda qala bilmək, müstəqilliyimizi qoruyub saxlamaq uğrunda mübarizəyə qalxmaq bütün partiyaların üzərinə böyük məsuliyyət qoyurdu. YAP yarandığı vaxtdan nəinki rəqabətə davam gətirdi, eyni zamanda ətrafında ölkənin bir sıra ictimai-siyasi xadimlərini, aparıcı ziyalılarını toplayaraq təxminən bir il ərzində hakimiyyətə gəlməyi bacardı", - deyə A.Əlizadə bildirib.

Partiya sədri deyib ki, YAP artıq 30 ildir ki, Azərbaycanın hakim və aparıcı partiyası kimi fəaliyyət göstərir: "Ötən dövr ərzində dövlətçiliyimizin qorunması, Azərbaycanın siyasi və iqtisadi gücünün artırılması və regionun əsas aparıcı dövlətinə çevrilməsi hakim partiyanın uğurlarından xəbər verir. Ölkədəki bütün siyasi partiyaların dövlət və milli maraqların kəsişdiyi nöqtədə eyni mövqedən çıxış etməsi ölkəmizin regionun aparıcı dövlətlərindən birinə çevrilməsində həlledici amildir. Bu mənada hakim partiya olaraq Yeni Azərbaycan Partiyasının üzərinə çox böyük məsuliyyət düşür. Ona görə də rəqib partiya olmağımıza baxmayaraq, 30 illik yubileyində YAP-a böyük uğurlar arzu edirik".

 

 

 

Müasir dövlətçiliyimizin siyasi sütunu

 

 

 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov qeyd edib ki, tarix müstəqil Azərbaycanla az qala yaşıd sayılan Yeni Azərbaycan Partiyasının üzərinə sanki xüsusi bir missiya - dövlətçiliyimizin möhkəmləndirilməsi və qorunub saxlanması  missiyasını qoyub: "Mən YAP-ın yaxın 30 ildəki fəaliyyətinə ilk növbədə məhz bu aspektdən yanaşmağı və qiymətləndirməyi təklif edərdim. Dövlət yaratmaq olduqca çətin və məşəqqətli prosesdir. Dövlət qurmaq bəzilərinin təsəvvür etdiyi kimi heç də üç-beş nəfərin yığışıb sadəcə bəyannamə oxuması ilə və ya ad elan etməsilə olmur. Bunun üçün ortada ilk növbədə bir toplumun fərdlərinin iradəsilə formalaşmış siyasi qüvvələr, siyasi institutlar və siyasi iradə mövcud olmalıdır. Siyasi institutların ən önəmli elementi isə siyasi partiyalardır. İstənilən dövlətin taleyində siyasi partiyalar həlledici rol oynayır. Bu mənada YAP da müasir Azərbaycan dövlətçiliyinin strateji sütunlarından biri sayılır. Bu partiya yarandığı ilk günlərdən gənc Azərbaycan dövlətini üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməli olub".

Ə.Hüseynov deyib ki, YAP ölkəmizin ən uzunömürlü siyasi institutlarından biri kimi daim dövlət marağına uyğun fəaliyyət göstərib, Azərbaycanın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak edib: "YAP-ın tarixi müstəqil Azərbaycanın tarixi ilə paralel şəkildə təşəkkül tapıb. Partiyanın yarandığı dövrdə Azərbaycanda dərin siyasi və iqtisadi böhranın hökm sürməsi faktı hamıya məlumdur. Həmin dövrdə bir tərəfdən Ermənistanın hərbi təcavüzü və işğalçılığı nəticəsində ölkəmiz ağır humanitar fəlakətlə üz-üzə qalmışdı, digər tərəfdən isə Azərbaycanda sözün tam mənasında siyasi xaos, anarxiya və hərc-mərclik hökm sürürdü. YAP və onun böyük lideri Heydər Əliyev məhz belə bir məqamda Azərbaycanın gələcək taleyini müəyyən edən mühüm qərarları ilə ən yeni tariximizdə dərin iz buraxıblar".

Partiya sədrinin sözlərinə görə, YAP-ın uğurlarının ikinci mərhələsi Azərbaycanın inkişaf və yüksəliş mərhələsidir ki, bu da bilavasitə Prezident İlham Əliyevin adıyla bağlıdır. İlham Əliyev hakim partiyanın sıravi üzvlüyündən tutmuş liderlik zirvəsinə qədər uzun bir yol keçib. "Yeni Azərbaycan Partiyasının Sədri və dövlətimizin başçısı İlham Əliyev  "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" şüarı ilə yola çıxaraq Heydər Əliyevin siyasi kursunu yeni tarixi şəraitə uyğun formada davam etdirdi və Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər qazanmasında, regionun aparıcı dövlətinə çevrilməsində, eləcə də dünya birliyində mövqelərinin daha da möhkəmləndirilməsində həlledici rol oynadı. İlham Əliyevin  ümummilli mənafelərimizə, böyük hədəflərimizə əsaslanan siyasəti  nəticəsində 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində tarixi Qələbə qazanıldı, torpaqlarımız işğaldan azad olundu. Bu möhtəşəm qələbə həm də milli həmrəyliyimizin təntənəsi idi", - deyə o bildirib.

Ə.Hüseynov qeyd edib ki, dövlət başçısının digər uğuru isə ondadır ki, məhz onun iradəsi nəticəsində son illərdə ölkədə təşəkkül tapmış yeni siyasi konfiqurasiya hakim partiya ilə müxalifət partiyaları arasında normal münasibətlərin formalaşmasında, konstruktiv əməkdaşlıq imkanlarının yaradılmasında mühüm rol oynayır: "Hakim partiya ilə ölkənin digər siyasi qüvvələri arasında əməkdaşlıq mühitinin formalaşması, siyasi həmrəylik mədəniyyətinin təşəkkül tapması ümummilli hədəflərimizə çatmaqda önəmli rol oynaya bilər. Biz bunun bariz nümunəsini

44 günlük Vətən müharibəsi və postmüharibə dönəmində əyani surətdə gördük. Milli Həmrəylik Partiyası hər zaman siyasi partiyalar arasında sıx əməkdaşlıq münasibətlərinin tərəfdarı kimi çıxış edib. Fürsətdən istifadə edib hakim Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə həm partiyanın lideri və dövlət başçısı cənab İlham Əliyevi, həm də partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm".

 

 

 

YAP ölkədə siyasi həmrəylik formalaşdırıb

 

 

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında çox gərgin və qarışıq dövrə təsadüf edib: "Belə gərgin bir dövrdə böyük siyasi xadim Heydər Əliyev YAP-a rəhbərlik edib və qısa müddətdə təşkilatı ölkənin hakim partiyasına çevirməyi bacarıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn və ölkənin idarəçilik məsuliyyətini öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində siyasi xaosun, vətəndaş qarşıdurmasının  qarşısı alınıb. Məhz Ümummilli Liderin səyləri nəticəsində Azərbaycanın parçalanması və dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırılıb, siyasi sabitlik və iqtisadi inkişaf yoluna qədəm qoyulub. Belə təlatümlü yollardan keçib indiyədək hakimiyyətdə qalmaq həm də partiyanın Sədri, Prezident İlham Əliyevin rəşadəti, uzaqgörən siyasəti nəticəsində mümkün olub və bu, YAP-ın ən böyük uğurlarından biri hesab olunmalıdır".

Partiya sədrinin sözlərinə görə, əvvəllər Yeni Azərbaycan Partiyası ilə digər partiyalar arasında münasibətlər formal xarakter daşıyırdı: "Lakin dövlət başçısının iradəsi ilə başlayan siyasi islahatlar partiyalara qarşı münasibətin müsbətə doğru dəyişməsində mühüm rol oynadı. İnanırıq ki, ölkəmizdə partiyalararası dialoq prosesi bundan sonra da dərinləşəcək və siyasi həmrəylik şəraitində qarşılıqlı etimad tam təmin olunacaq".

E.Musayev bildirib ki, hazırda ölkəmiz növbəti sınaq qarşısındadır və belə bir dövrdə milli həmrəylik nümayiş etdirmək hər bir azərbaycanlının, eləcə də ölkənin siyasi sferasını əhatə edən partiyaların borcudur: "44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bütün siyasi təşkilatların, xüsusən də hakim partiya olan YAP-ın qarşısında yeni vəzifələr qoyur. Ölkə Prezidenti və YAP Sədri cənab İlham Əliyev başda olmaqla, Yeni Azərbaycan Partiyası üzvlərini 30 illik yubiley münasibətilə təbrik edir, ölkəmizin siyasi həyatındakı fəaliyyətlərində uğurlar arzulayıram".

 

 

 

Demokratik məramlara sadiq partiya

 

 

 

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib ki, 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası ötən əsrin sonlarında müşahidə edilən mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin təzahürü kimi yaranan partiyadır. Yaradılmasından qısa müddət sonra iqtidar partiyası statusunu qazanan YAP ölkəmizdə sivil siyasi münasibətlərin formalaşmasına, siyasi mühitin inkişafına əhəmiyyətli təkan verib. Qısa zamanda Azərbaycanın siyasi palitrasındakı milli, vətənpərvər, siyasi prosesləri düzgün qavrayan və təhlil edən, maraqlarımıza uyğun inkişaf xətti seçmiş partiyalarla əlaqələr möhkəmləndirilib, beynəlxalq münasibətlər yaradılıb.

"Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını alıb, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirilib. Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verib. Məhz böyük xilaskarımızın Bakıya gəlməsindən bir neçə ay sonra vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün olub, millətimiz və dövlətimiz dəhşətli bəladan qurtulub və Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub", - deyə partiya sədri qeyd edib.

Ə.Kazımovanın dediyinə görə, Yeni Azərbaycan Partiyası yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, partiyanın Sədri İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən əsas məramlarına - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılması kimi məramlara hər zaman sadiqlik nümayiş etdirib.

Partiya sədri bildirib ki, Prezident İlham Əliyevin hərtərəfli, çoxşaxəli daxili siyasəti daim islahatlara əsaslanıb: "Bu mənada artıq bir neçə ildir ki ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyada Yeni Azərbaycan Partiyasının nümayiş etdirdiyi birliyə və həmrəyliyə yönəlik fəaliyyəti xüsusi qeyd edilməlidir. Nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən mütəşəkkil partiyası olan Yeni Azərbaycan Partiyası bütün siyasi həmkarları ilə siyasi dialoq, müzakirələr aparmağa, milli mənafenin qorunmasında həmrəylik nümayiş etdirməyə hazır olduğunu bildirir.  Bir sözlə, Yeni Azərbaycan Partiyası öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir və ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi Yeni Azərbaycan Partiyasının təşəbbüsləri ilə zənginləşir".

Ə.Kazımova vurğulayıb ki, Azərbaycan Sosial Rifah Partiyası da hər zaman milli maraqlar, sosial, ədalətli, hüquqi cəmiyyətin inkişafı yönündə Yeni Azərbaycan Partiyasının mövqeyini dəstəkləyib: "Partiyamız Prezident İlham Əliyevin yürütdüyü siyasətin birmənalı dəstəkçisidir. Bir daha bütün partiya üzvlərimiz adından Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, partiya Sədrinin birinci müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı və bütün partiya üzvlərini təbrik edir, partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edirik. Partiyaya gələcək fəaliyyətində uğurlar arzulayırıq".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 20 noyabr.- S.9.