Milli Məclisdə Yeni Azərbaycan
Partiyasının yaradılmasının 30 illiyinə həsr
olunmuş tədbir keçirilib
Noyabrın 19-da parlamentdə Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Milli Məclisin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin abidəsi önünə gələrək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, abidənin önünə tər çiçəklər düzüblər.
Tədbir iştirakçıları, həmçinin parlamentin foyesində yerləşən “Zəfər Guşəsi”nin önünə gələrək burada əks olunmuş məlumatlarla tanış olub, guşənin önünə tər çiçəklər düzüblər, Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad ediblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbiri giriş sözü ilə açaraq, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın ən mütəşəkkil və qüdrətli siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu olduğunu qeyd edən Milli Məclisin sədri deyib: “Tamamilə məntiqlidir ki, dövlətimizin xaos və anarxiyadan, tənəzzüldən, məhv olmaq təhlükəsindən xilas edilməsində, davamlı sabitlik və inkişaf yoluna çıxarılmasında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü Azərbaycanın hər bir guşəsində təntənəli surətdə qeyd olunur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı olduğunu sübuta yetirmişdir”.
Yeni Azərbaycan Partiyasının yaradılmasını Ulu Öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri olduğunu vurğulayan Milli Məclisin sədri partiyanın siyasi səhnəyə çıxması Azərbaycan insanının özünə güvənini qaytardığını bildirib. Qeyd edib ki, xalqımız öz gələcəyinə inamla baxmağa başlayıb, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlanıb, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul edib. Yeni Azərbaycan Partiyasının yaradılmasından bir neçə ay sonra xalqın təkidli tələbi ilə Ulu Öndərin ali hakimiyyətə qayıtdığını deyən Sahibə Qafarova vurğulayıb ki, bu qayıdışla başlanan xilaskarlıq missiyası xalqımızın və dövlətimizin gələcək taleyini müəyyən etdi.
Ən böyük milli sərvət olan dövlət müstəqilliyini xalqımızın XX əsrdə iki dəfə əldə etdiyinə diqqət çəkən Milli Məclisin sədri bildirib ki, əsrin əvvəlində dövlət müstəqilliyimizi birinci dəfə qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın dövlət müstəqilliyi bərpa olunduqda onu məhz Heydər Əliyev xilas etmişdir. Sahibə Qafarova Azərbaycanın strateji inkişaf yolunun bu gün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Yeni Azərbaycan Partiyasının təmsilçilərindən formalaşmış iqtidar komandasının qarşıya qoyulan hər bir mürəkkəb vəzifənin öhdəsindən gəlməyə qadir olduğunu əməli işləri ilə nümayiş etdirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 30 il ərzində Yeni Azərbaycan Partiyası şərəfli yol keçərək monolitliyini qorumuş və daha da güclənmiş, ölkəmizdə keçirilən bütün seçkilərdə qalib gəlib.
Ötən dövrdə ölkə həyatında bir çox mühüm hadisələrin baş verdiyini söyləyən Milli Məclisin sədri onların arasında 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində tarixi ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasını ən önəmli hadisə kimi vurğulayıb. Sədr qəti bir inamla bildirib ki, qarşıdakı illərdə də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarixi nailiyyətlər qazanacaq, daha yüksək strateji zirvələri fəth edəcəkdir. Qalib xalqın qalib partiyası olan Yeni Azərbaycan Partiyası da ümummilli vəzifələrin yerinə yetirilməsinə kömək göstərməklə, ölkəmizin dayanıqlı və dinamik inkişafına dəyərli töhfələr verəcəkdir.
Parlamentin sədri Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxcəhətli fəaliyyətinin həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə dərin rəğbətlə qarşılandığını məmnunluqla qeyd edib, onun həyata keçirdiyi işlərin bütün digər məsələlərlə yanaşı, partiyaya ictimai dəstəyin daha da artmasına böyük kömək göstərdiyini vurğulayıb.
Danılmaz həqiqətdir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin avanqard institutudur, ölkəmizdə siyasi mədəniyyətin inkişafına, siyasi sistemin təkmilləşməsinə birbaşa töhfələr verən ümumxalq partiyasıdır. Eyni zamanda, partiyamız malik olduğu resurslara, ictimai-siyasi nüfuzuna, fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə görə Cənubi Qafqazın da ən güclü və mütəşəkkil siyasi qüvvəsidir.
YAP-ın gənclərə geniş imkanlar yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına böyük diqqət yetirdiyini xüsusi qeyd edən Milli Məclisin sədri partiyanın cəmiyyətə və dövlətə yararlı olmaq istəyən istedadlı gəncləri öz ətrafında birləşdirməklə, yeni nəslin hərtərəfli inkişafı üçün mühüm işlər gördüyünü deyib.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində də mühüm rol oynamasına toxunan Sahibə Qafarova partiyanın həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirdiyini, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunduğunu bildirib.
Respublikamızın qazandığı nailiyyətlərdə Milli Məclisin də özünəməxsus xidmətləri olduğunu deyən sədr qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş parlamentarizm ənənələri bu gün də uğurla davam etdirilir. Qanunvericilik orqanında xalqımızın layiqli nümayəndələri təmsil olunublar. Həmişə olduğu kimi, 2020-ci ildə də azad və şəffaf şəraitdə keçirilmiş demokratik seçkilər nəticəsində formalaşan altıncı çağırış Milli Məclisdə mandatların əksəriyyətini YAP-ın üzvləri qazanmışlar.
Milli Məclisin sədri bildirib ki, parlament dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, deputat isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Azərbaycan parlamenti öz işini bu prinsiplər üzərində qurur və daha da təkmilləşdirir.
Parlament rəhbəri diqqətə çatdırıb ki, ölkəmizin inkişafının indiki tarixi mərhələsində qarşımızda mühüm vəzifələr dayanır. Biz dövlətimizi daha qüdrətli etmək, Azərbaycan vətəndaşlarını firavanlığa qovuşdurmaq, sabitliyi və inkişafı qorumaq, uğurlarımızı daha da artırmaq əzmindəyik. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məramını məhz bu amallar təşkil edir.
Çıxışının sonunda sədr Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə hamını ürəkdən təbrik edib, ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlı olan, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə gündən-günə daha da inkişaf edən Yeni Azərbaycan Partiyasına yeni yüksək zirvələr arzulayıb.
İclasda Yeni Azərbaycan Partiyasının yarandığı tarixdən bu günədək keçdiyi şərəfli və uğurlu yoldan bəhs edən Milli Məclis tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev çıxış edərək, 30 illik yubileyi qeyd olunan Yeni Azərbaycan Partiyasının xalqımız üçün tarixi missiyanı gerçəkləşdirən ümummilli lider Heydər Əliyevin qüdrətli əsəri olduğunu vurğulayıb. Şərəfli yol keçmiş, o dövrün mürəkkəb siyasi situasiyasında yaradılmış Yeni Azərbaycan Partiyasının xalqının arzu və istəklərinin ifadəçisi olduğunu qeyd edib.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, YAP-ın 30 illik yubileyi mühüm tarixi hadisələr dövrünə təsadüf edir. Ötən il dövlət müstəqilliyinin bərpasının 30 illiyi tamam oldu. Bu il Vətən Müharibəsində qələbənin 2-ci ildönümü qeyd edildi. Noyabrda Dövlət Bayrağı Günü və Konstitusiya Günü də artıq ərazi bütövlüyünün bərpa olunduğu şəraitdə keçirilir. Bu tarixi hadisələri səciyyələndirən ən başlıca amil isə Ulu Öndərin siyasəti, onu uğurla davam etdirən Prezident İlham Əliyev və bu siyasəti icra edən Yeni Azərbaycan Partiyasıdır.
Əli Hüseynli Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi kəşməkəşli yola nəzər salıb, dövlətimizin suverenliyi uğrunda mübarizədə verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının xalqımızın müstəqilliyi naminə mübarizəsində layiqli aparıcı siyasi qüvvə olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “YAP – dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsinin hər zaman aktual olduğunu deyib.
Sonra iclasda Milli Məclisin komitə sədləri Eldar İbrahimov, Səməd Seyidov, Hicran Hüseynova, deputatlardan Hikmət Məmmədov, Mixail Zabelin, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan söhbət açıblar. Ulu öndər Heydər Əliyevin partiyanın qurulmasında və möhkəmlənməsində göstərdiyi fədakarlıqlardan, qarşıya çıxan maneələri cəsarətlə dəf etməsindən danışıblar. Bildirilib ki, partiyada hər zaman multikultural dəyərlər yüksək tutulub, gənclərə diqqət və qayğı ilə yanaşılıb, qadınların ictimai-siyasi həyatda rolunun artmasına şərait yaradılıb.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevlə bağlı öz xatirələrini də bölüşüblər.
Sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev fərqlənən gənc partiya fəallarından bir qrupuna – Səməd Sultanova, Lalə Çələbizadə, İlahə Mehrəliyeva, Elman Aslanov və Seymur Əşrəfliyə Fəxri fərmanlar təqdim edib.
İclasda Milli Məclisin bir qrup əməkdaşı – Abbas Yusifov, Kamran Həsənzadə, Orxan Abdullayev, Əli Hüseynli, Sənəm Cəfərova YAP sıralarına qəbul olunublar.
Sonra Milli Məclisin sədri tərəfindən partiya sıralarına qəbul olunmuş parlament əməkdaşlarına Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.
İclasda gənclər adından Milli Məclisin əməkdaşları Lalə Çələbizadə və Elman Aslanov partiya tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
İclasda
deputat Nurlan Həsənov, Milli Məclis Aparatının rəhbəri
Fərid Hacıyev, İşlər müdiri Firudin Hacıyev,
parlamentin Ərazi Partiya Təşkilatının sədr
müavini Teymur Tağıyev, Aparatın şöbə
müdirləri və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-2022.- 20 noyabr.- S.2.