Türk birliyi - zamanın
çağırış və reallığı
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bütün
sahələrdə əlaqələrin möhkəmləndirilməsi
ölkəmizin xarici siyasətinin
prioritetlərindəndir
Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq.
Bir zamanlar yalnız arzularımızda, düşüncələrimizdə yer alan Türk dünyasının birliyi bu gün artıq reallaşdırılmaqda olan möhtəşəm gerçəklikdir. Türk dövlətlərinin hazırda var olan və gün keçdikcə daha da möhkəmlənən bu birgəliyində, sıx əməkdaşlığında Azərbaycanın özünəməxsus və aparıcı rolu var.
Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Təşkilatın nüfuzunun daha da yüksəldilməsi
istiqamətində mühüm səylər
2009-cu ildə qədim türk diyarı Naxçıvanda təməli qoyulan Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatının) qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ötən müddət ərzində Azərbaycan müxtəlif istiqamətlərdə yürütdüyü siyasətlə türk birliyini daha da gücləndirib, bu təşkilatın dünyada nüfuzlu təşkilata çevrilməsi üçün əzmlə çalışıb.
Hələ 2019-cu ildə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşündə İlham Əliyev söyləmişdi ki, sədrliyi qəbul edən Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.
Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib, ölkəmizin sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərib. Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub.
Azərbaycanın zəfəri türk
dünyasının etnosiyasi
coğrafiyasını da bərpa etdi
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sürən Vətən müharibəsi zamanı əldə etdiyi parlaq zəfər sayəsində tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edərək türk dünyasına ən böyük töhfəsini bəxş etdi. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, gücü ilə qazanılan bu şanlı qələbə yeni türk tarixinin ən parlaq zəfəri türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi salnamələrə qızıl hərflərlə həkk olundu.
Vətən müharibəsi sayəsində Azərbaycan işğal altında olan ərazilərini azad etməklə yanaşı, türk dünyasının birliyinə və bərabərliyinə də müstəsna xidmət göstərdi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda da təsnifini tapdığı kimi, nəqliyyat və logistika sahəsində bütün bölgə üçün yeni imkanlar yaradacaq və Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizinin açılması ilə həm də türk dünyası bir-birinə bağlanacaq.
44 günlük Vətən müharibəsi günlərində, eləcə də ondan sonrakı dövrdə türk dövlətləri xalqlarının Azərbaycan xalqına yüksək dəstəklərini gördük. Bu gün də qardaş xalqların nümayəndələri Azərbaycanın əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirir, milli qürur hissi yaşayırlar.
O da təsadüfi olmadı ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Azərbaycan Prezidenti 30 ilə yaxın davam edən işğala cəmi 44 günə son qoyması, xarici məkrli qüvvələr tərəfindən türk dünyası arasına çəkilmiş süni "erməni divarı"nı uçurması səbəbindən bu ordenə layiq görüldü.
Həmin Zirvə görüşündə İlham Əliyev özü də söylədi ki, "...Bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir..."
Milli maraqların, məkanın və zamanın tələbi
Türk Dövlətləri Təşkilatı təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönəlik siyasət yürüdür. Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı çıxışında "Türk dünyası böyük bir ailədir" söyləyən İlham Əliyev dedi ki, "Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Dövlətimizin başçısı onu da xüsusi qeyd etdi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, coğrafi sərhədləri daha genişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".
Hazırda türkün türkə dəstək siyasətinin ən möhtəşəm nümunələrindən biri kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq işlərinə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını göstərə bilərik.
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, həmçinin Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşa olunacaqları da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın göstəricisidir.
Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlarımıza üç dəfə səfər etməsi, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olması Azərbaycan xalqına dəstəyin yüksək təzahürüdür.
Bu gün dünyada böyük siyasi güc oyunları, geosiyasi üstünlük uğrunda mübarizə gedir. Dünyanın politik qarmaqarışıqlıq yaşadığı bu çətin dönəmin fonunda isə türk birliyinin vacibliyi daha qabarıq şəkildə önə çıxır. Biz bunun əyani nümayişini, əhəmiyyətini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Şahid olduq ki, baş verən qlobal siyasi böhranlara, milli maraqlarımıza qarşı olan bütün güclərə türkün güclü birliyi ilə cavab vermək dövlətlərimizə əlavə qüvvət verir. Bizi hər zaman qalib edir. Əminik ki, qarşıdakı zamanda da Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin hər birinin bu istiqamətdə yürütdüyü siyasət sayəsində möhkəmlənəcək, güclənəcək və "böyük türk dünyası ailəsi"nin həmrəyliyini daha yüksək zirvələrə daşıyacaq.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.-15 noyabr.- S.1; 8.