Taleyimizdə böyük rolu olan partiya

 

 

Yeni Azərbaycan Partiyası qarşıya qoyduğu məqsədləri uğurla gerçəkləşdirmişdir

 

 

 

Tarixdə bəzən elə anlar yaşanır ki, onların təsadüf deyil, qanunauyğunluq olduğunu dərk edirsən. Fikrimizi bir qədər də dəqiqləşdirsək, belə ifadə edə bilərik ki, mövcud mühitdəki saysız-hesabsız təsadüflər içində bir qanunauyğunluq baş verir və məhz o, bütün mühiti dəyişib, ümumi vəziyyətə həlledici təsir göstərir, zamanın axarını müəyyənləşdirir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan edərkən ölkədə çoxpartiyalı sistem elan olunmuşdu. Kommunist Partiyasının təxminən 70 il çəkən hökmranlığına son qoyulduqdan sonra  respublikada siyasi partiya yaratmağa maraq artmışdı, bir-birinin ardınca belə təşkilatlar elan olunurdu. Əksəriyyətini təsadüfi adamlar yaratdığı üçün bu partiyaların ölkədəki ictimai-siyasi proseslərə ciddi bir təsiri olmur, onlar siyasi mühitdə anidən göründükləri kimi, tez də gözdən itirdilər. Çünki bu partiyaları yaradanlar əsl liderlər deyildi, onların formalaşması cəmiyyətin sosial sifarişindən yox, az sayda fərdlərin müəyyən maraqlarından irəli gəlirdi. Həmin təşkilatların proqram və məramnamələrində çox təmtəraqlı sözlər, pafoslu müddəalar yazılsa da, bu partiyalar güc, nüfuz, təsir etibarilə həmin o yazılanları həyata keçirmək, milli mənafelərə əhəmiyyətli şəkildə xidmət göstərmək imkanlarından məhrum idilər və daha çox öz yaradıcılarının şəxsi maraqlarına xidmət göstərirdilər.

 

 

 

Xalqın yaratdığı partiya

 

 

 

Belə bir zamanda Yeni Azərbaycan Partiyası 1992-ci ilin 21 noyabrında tarixi zərurət, qanunauyğunluq kimi meydana çıxdı, 30 il ərzində müstəqil dövlətimizin  taleyində əhəmiyyətli rol oynadı. Azərbaycanın müstəqillik tarixi bu partiyanın fəal iştirakı, rəhbərliyi, bələdçiliyi ilə yazıldı.

Yeni Azərbaycan Partiyasının yaranmasında o illərdə dövlətimizin, xalqımızın gələcək taleyinə görə narahatlıq hissi keçirən, vəziyyətin yaxşıya doğru dəyişməsini arzulayan milyonlarla insanın fədakar əməyi, zəhməti var. Heydər Əliyev ideyaları ətrafında, bu böyük dövlət adamının şəxsiyyəti işığında həyat qazanmış Yeni Azərbaycan Partiyasının yaradıcısı xalqdır, ötən əsrin 90-cı illərinin o çətin və təlatümlü günlərində cəmiyyətdən gələn sosial sifarişdir.

Həmin illərdə Moskvadan Vətənə yenicə dönmüş, blokada şəraitindəki Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərərək bütün gücü ilə bölgəni qorumağa çalışan Heydər Əliyevi belə bir partiyanın yaradılmasında iştirak etməyə və ona rəhbərliyi üzərinə götürməsinə razı salanlar, Ümummilli Liderin müsbət cavabından sonra təşkilati işləri qısa zamanda həyata keçirənlər xalqın istəyini, israrlı tələblərini yerinə yetirirdilər.

 

 

 

Ağır sınaq anı

 

 

 

Azərbaycanın tarixi taleyinə çox mühüm təsir göstərən hadisələrin, proseslərin baş verdiyi 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində xalqımızın bu prosesləri doğru istiqamətə, gələcək inkişafa yönəltməyə qabil güclü liderə həyati dərəcədə ehtiyacı olsa da, cəmiyyətdə lider böhranı yaşanırdı. Təsadüflər nəticəsində hakimiyyətə gələn naşı siyasətçilər ali hakimiyyət kürsülərində bir-birini əvəz edir, onların qısamüddətli fəaliyyətləri dövründə verdikləri yanlış qərarlar dövlət, xalq üçün yeni-yeni problemlərə yol açırdı. Vəzifə uğrunda didişmələr ölkədə vəziyyəti vətəndaş müharibəsi təhlükəsinə qədər gətirib çıxarmışdı. Bir qədər də belə davam edərsə, Azərbaycanın parçalanaraq dünya xəritəsindən silinməsi ehtimalı çox real idi. Ölkə rəhbərlərinin yanlış qərarları xarici güclərin maraqlarına toxunduğundan, regionla bağlı geostrateji reallıqları nəzərə almadığından və balans yarada bilmədiyindən artıq Azərbaycana qarşı çox qorxulu planların addım səsləri eşidilirdi. Bütün sahələrdə ağır tənəzzül hökm sürürdü. Qurulu iqtisadiyyatın, sosial sistemin bir anda dağıdılması nəticəsində yerini itirən insanlarımızda sabaha inam qalmamışdı. Misli görünməmiş inflyasiya adamların illərlə dar gün üçün yığdıqları vəsaitləri qəpik-quruşa çevirirdi. Mağazalar bomboş idi, yavan çörəyi belə tapıb almaq üçün günlərlə növbəyə durmaq lazım gəlirdi. Ən pisi isə bu acınacaqlı duruma görə heç kim məsuliyyəti üzərinə götürmək, yol verilən yanlışları etiraf etmək və vəziyyəti az da olsa düzəltmək üçün təşəbbüs göstərmək niyyətində görünmürdü. Bir tərəfdən də mənfur ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi davam edirdi, xəyanətlər nəticəsində, hakimiyyət davalarının təzahürü, kürsü uğrunda bir-biri ilə didişən tərəflərin qarşılıqlı təsir vasitəsi kimi torpaqlarımız düşmənə təslim edilir, igid oğullarımız cəbhədə şəhid olur, faciəni xalq yaşayırdı. Hər siyasi qüvvənin özünün qeyri-qanuni silahlı dəstəsi vardı və onlar cəbhədəki uğursuzluqlara görə böyük məsuliyyət daşımaqla yanaşı, vətəndaşlarımızın həyat və sağlamlığını da təhdid altında saxlayırdılar. Sifarişli qətllər, ayrı-ayrı şəxslərin fiziki cəhətdən aradan götürülməsi adi həyat hadisələrinə çevrilmişdi. SSRİ-nin süqutundan sonra birdən-birə gün işığına çıxan kriminal qruplaşmalar artıq hüquq-mühafizə orqanlarına meydan oxuyurdular. Onlar azad bazar iqtisadiyyatı yoluna yenicə qədəm qoymuş ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə xərac kəsir, mülki mübahisələrin həllinə müdaxilə edir, böyük problemlər yaradırdılar.

 

 

 

Cəmiyyətdən gələn sosial sifariş

 

 

 

Hər dəfə ölkədə rəhbərlik dəyişdikcə, hakimiyyət kürsüsündəkilər bir-birini əvəz etdikcə və durum daha da gərginləşdikcə, insanlarda belə qənaət formalaşırdı ki, Azərbaycanı üzləşdiyi bütün bu bəlalardan yalnız Ulu Öndər Heydər Əliyev öz qətiyyəti, müstəsna idarəetmə təcrübəsi, dövlətçilik təfəkkürü ilə xilas edə bilər. Azərbaycanın çətin günlərində ölkəyə rəhbərliyin ağır yükünü öz üzərinə götürüb xalqı, dövləti fəlakətdən qurtarmağa, nicat yoluna çıxarmağa qadir şəxsiyyət kimi insanlarımız yalnız Heydər Əliyevi görürdülər. Əslində, o zaman Azərbaycanı uçuruma sürükləyən səriştəsiz rəhbərlər də anlayırdılar ki, ölkəni belə faciəli vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilər. Bununla belə onlar arasında tarixi qanunauyğunluğa müqavimət göstərib Ümummilli Liderin hakimiyyətə qayıdışını əngəlləməyə çalışanlar da vardı. Belə zamanlarda xalqımızın sayılıb-seçilən ziyalıları, eləcə də sadə zəhmət adamları ölkənin hər yerindən dəstə-dəstə Naxçıvana gedir, Heydər Əliyevi Azərbaycanın taleyində yaxından iştirak etməyə çağırır, xalqın israrlı tələblərini ona yetirirdilər. Bu arzuda olan insanların təşkilatlanması, cəmiyyətin ictimai-siyasi həyatında vahid güc kimi mütəşəkkil iştirakı üçün siyasi partiyanın yaradılması çox vacib sayılırdı. Ona görə də Heydər Əliyevə belə bir partiyanın yaradılması və ona rəhbərlik etməsi ilə bağlı  çağırışlar olurdu. Nəhayət, Ümummilli Lider öz qəti qərarını elan etdi. 1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın adını da Ulu Öndər təklif etmişdi. Yeni formalaşan siyasi təşkilata qoyulmuş Yeni Azərbaycan Partiyası adı yeniliklərə hər zaman açıq olan, müsbət dəyişikliklərə inkişafın, tərəqqinin əsas şərti kimi baxan və müstəqilliyini yenicə elan etmiş Azərbaycanın həyatın bütün sahələrində yenilənməsi ehtiyaclarını aydın görən Heydər Əliyevin ölkəmizlə bağlı arzularının, strateji hədəflərinin ifadəsi idi.

Yeni Azərbaycan Partiyası elan olunan kimi Azərbaycanın bütün regionlarından bu partiyanın sıralarına axın başlandı, partiya yerlərdə çox sürətlə təşkilatlandı. Xüsusilə müxtəlif bölgələrimizdə yaşayıb fəaliyyət göstərən ziyalılarımızın, el-obanın sayılıb-seçilən, sözü, mövqeyi başqaları üçün də mötəbər sayılan şəxslərin Yeni Azərbaycan Partiyasında təmsilçiliyə marağı böyük idi. Dövlətimizin gələcəyinə görə məsuliyyət hissi duyan, reallıqları düzgün qiymətləndirməyi bacaran insanlar bilirdilər ki, bu partiya xalqın gələcək taleyinin partiyasıdır, siyasətdəki hansısa təsadüfi kəsin, cılız dəstələrin yaratdığı oyuncaq firqə deyil. Partiya üzvlərinin sayının artması, Azərbaycanın siyasi həyatında nüfuzunun güclənməsi çox qısa müddətdə elə miqyas aldı ki, buna çoxəsrlik demokratik ənənələri ilə tanınmış bir çox ölkələrin siyasi partiyaları belə qibtə edə bilərdilər. Yeni Azərbaycan Partiyası faktoru göstərdi ki, şəxsiyyət amili, əsl Lider fenomeni bütün dövrlərdə,  bütün şəraitlərdə aktualdır. Azərbaycanda da on minlərlə insanı qısa zamanda bu partiyanın sıralarında bir araya gətirən məhz Heydər Əliyev şəxsiyyətinin gücü, ona olan inamın sarsılmazlığı idi. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Xüsusi qeyd edilməlidir ki, müstəqil, güclü və qüdrətli dövlətçilik YAP-ın birinci əsas prinsipi idi.

 

 

 

Yeni siyasi mədəniyyətin təmsilçisi

 

 

 

Yeni Azərbaycan Partiyasının varlığı onun vasitəsilə Azərbaycanın xilas yollarını geniş xalq kütləsinə aydın göstərməkdən, milli birliyə, siyasi sabitliyə nail olmaqdan, ölkədə qaragüruh düşüncədən uzaq yeni siyasi mədəniyyət formalaşdırmaqdan ötrü Heydər Əliyev üçün geniş imkanlar yaratdı. Yeni Azərbaycan Partiyası müxalifətdə olduğu bir neçə ayda da öz fəaliyyəti, davranışları ilə nümunə ortaya qoydu. Konstruktiv müxalifət olmağın örnəyini meydana çıxartdı. Göstərdi ki, bu partiyanın yeganə məramı hakimiyyətə gəlmək deyil, cəmiyyətdəki köklü problemləri yoluna qoymaqdır və bununla bağlı əsaslandırılmış, aydın, nəticələri proqnozlaşdırıla bilən plana malikdir. O dövrdə hakimiyyətdə olanların qısqanc münasibətinə, partiyanın yaradılmasında iştirak edənlərə qarşı hücumlara, təzyiq və təhdidlərə rəğmən Yeni Azərbaycan Partiyası cılız didişmələrdən hər zaman yüksəkdə durmağı bacardı. Hətta ən kritik məqamlarda belə təmkinini qorudu, Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı heç bir addımı özünə rəva görmədi. Eyni zamanda müstəqil dövlətimizin taleyi ilə bağlı məsələlərdə hakimiyyətlə əməkdaşlıqdan, səmərəli dialoqdan, məsələlərin qarşılıqlı müzakirəsindən də çəkinmədi.   

1993-cü ilin 15 iyununda Azərbaycan xalqının israrlı tələbləri ilə Ulu Öndər Heydər Əliyevin ölkənin ali rəhbərliyinə qayıdışından sonra bu partiya Heydər Əliyev partiyası kimi böyük siyasi missiya yerinə yetirdi. Cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin olunmasında, milli-strateji inkişaf ideyalarının aktuallaşdırılmasında, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların, hüquqi dövlət quruculuğunun məqsədlərinin geniş xalq kütlələrinə düzgün çatdırılmasında, baş verən dəyşikliklər ətrafında ictimai polemikaların təşkilində, ziddiyyətlərin diskussiya məcrasına yönləndirilməsində və fikir müxtəlifliyi mühitinin yaranmasında, sivil mübarizə ənənələrinin təməlinin qoyulmasında müstəsna rol oynadı. Yeni Azərbaycan Partiyası ölkə siyasətinə təşkilati mədəniyyət gətirdi. Bütün seçkilərdə fəal iştirak ənənələrini formalaşdırdı. Seçkilərə yüksək səviyyədə hazırlaşmağın, ən uğurlu namizədləri müəyyənləşdirməyin, onların kampaniyalarını təşkil etməyin, seçicilərin mütləq əksəriyyətinin səsini qazanmağın beynəlxalq təcrübədə özünü doğrultmuş yollarını göstərdi, hətta rəqiblərə də öyrətməyə çalışdı və bu gün də çalışır. Çünki Yeni Azərbaycan Partiyasının ali niyyəti təkcə seçkilərdə qalib olmaq deyil, həm də ölkəmizdə müasir Azərbaycanın inkişaf reallıqlarına uyğun siyasi konfiqurasiyanın qurulmasına, sivil siyasi münasibətlərin formalaşmasına töhfə vermək və bununla ölkəmizin siyasi inkişafına nail olmaqdır. Yeni Azərbaycan Partiyası eyni mərama, dövlətin milli mənafelərinə xidmət göstərmək istəyən hər bir siyasi qüvvə ilə əməkdaşlığa hazır olubbu güneyni mövqedədir.

 

 

 

Zəfər partiyası

 

 

 

Yeni Azərbaycan Partiyası adındakı yenilik ruhuna daim sadiqdir. Partiya zaman-zaman yenilənir və müasir reallıqlara, dövrün dəyişən şərtlərinə inamla uyğunlaşaraq gücünü, ölkənin, ümumilikdə isə Cənubi Qafqazın ən böyük partiyası kimi regionun ictimai-siyasi həyatına təsir imkanlarını qoruyur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP yeni inkişaf mərhələsindədir. Sonuncu qurultayında partiyanın idarəetmə strukturlarında böyük dəyişikliklər həyata keçirilib, partiyanın rəhbər orqanlarına yeni şəxslər seçilib. Bu da Yeni Azərbaycan Partyasının 30 il ərzində yerinə yetirdiyi tarixi missiyanın önəmli bir hissəsidir. Hakim partiya uzun illər ərzində ölkəmiz üçün yüksək dövlətçilik düşüncəsinə malik layiqli kadrlar yetişdirib, onların potensialını kəşf edib, cəmiyyətə tanıdıb, fərdi və karyera uğurlarına dəstək olub. Eyni xətt yenə davam etdirilir. Bu mənada Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyinin partiyasıdır, gənclərin axın etdikləri, özlərini reallaşdırmağa münbit mühit tapdıqları yerdir. Yeni Azərbaycan Partiyasına rəhbərlik missiyasını üzərinə götürərkən Ulu Öndərin bir arzusu da elə bu idi. Onun rəhbərliyi ilə yaradılmış partiya Azərbaycan gəncliyi üçün sağlam mühit yarada bildi, onları siyasi oyunlarda vasitə olmaqdan, fitnəkar qrupların ziyanlı təsirlərindən qorumağı bacardı, Azərbaycan gəncliyinə inkişafın ən düzgün yolunun oxuyub öyrənməkdən, müasir dövrün bilik və bacarıqlarına yiyələnməkdən keçdiyini göstərdi və bu gün də göstərir.

Yeni Azərbaycan Partiyasının ölkəmizdə qadın fəallığı ənənələrinin güclənməsində də rolu çox böyükdür. Partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bu cəhətdən xanımlarımız üçün mükəmməl örnəkdir. Bəşəri amallar uğrunda çalışan Mehriban xanımın Azərbaycan qadınının adını layiq olduğu ən yüksək zirvələrə yüksəldən nəcib əməlləri xanımlarımızın, o cümlədən gənc qızlarımızın bu partiyaya marağını artırır, onları cəmiyyət üçün faydalı fəaliyyətə təşviq edir.

Yeni Azərbaycan Partiyasının - Heydər Əliyev partiyasının formalaşmasında yaxından iştirak etdiyi Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində böyük tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Yeni Azərbaycan Partiyasının tarixi taleyinə bir də Zəfər partiyası olmaq qisməti yazıldı.

Partiya yaranmasının 30-cu ildönümünü böyük nailiyyətlərlə qeyd edir və qəlbi Azərbaycan adı ilə döyünən hər bir kəs bu nailiyyətlərin, bu yubiley önilliklərinin davamlı olmasını arzulayır. Çünki Yeni Azərbaycan Partiyası elə Azərbaycan deməkdir!

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 20 noyabr.- S.11.