"Ağdam
çəkdiyim fotolardakı kimi xəyalımda
füsunkar qalıb"
"Hələ işğal olumamışdan əvvəl Ağdama dəfələrlə getmişəm. Qarabağın bu qədim şəhərinin gözəlliklərini fotolentin yaddaşına köçürmüşəm, Çörək, Tarix-diyarşünaslıq muzeylərini, tarzən Qurban Pirimovun Xatirə Muzeyini, Ağdam Şəkil Qalereyasını çəkmişəm... İndi isə bir televiziya ekranından yerləyeksan olmuş Ağdama, bir də 30 ilin o üzündə çəkdiyim həmin şəkillərdəki abad Ağdama baxıram. Ürək ağrısı ilə görürəm ki, daha Ağdam o Ağdam deyil..."
O, 80 illik həyatının böyük hissəsini - 60 ilə yaxınını fotojurnalistliyə həsr edib. Bu dünyanın çox ecazkar mənzərələrini, çox acılı-şirinli anlarını həm fotolentin, həm də ruhuna, beyninin yaddaşına həkk edib. Özü isə hər zaman deyir ki, "Vladivostokdan Anqolayacan, Pribaltikadan Orta Asiyayacan çox yerlər gəzmişəm, amma Azərbaycanın bölgələrindən hazırladığım fotoreportajlar mənim üçün daha doğma olub. Xüsusilə də Qarabağdan, Ağdamdan".
Əməkdar incəsənət işçisi, "Azərbaycan" qəzetinin təqaüdə çıxmış keçmiş əməkdaşı Ağaəli Məmmədov danışır ki, hələ sovet illərində dəfələrlə Ağdama fotoreportajlar hazırlamağa gedib: "İldə iki dəfə Ağdama ezamiyyətə gedirdim. Kənd təsərrüfatı, o zaman Ağdamda aparılan quruculuq işləri ilə bağlı fotoreportajlar hazırlayırdım. Ağdam bazarından, Çörək Muzeyindən, Xalçaçılıq fabrikindən, məşhur Çay evindən demək olar ki, Ağdamın bütün gəzməli, görməli yerlərindən şəkillər çəkmişəm. Ağdamın kəndlərindən, o cümlədən səfalı və füsunkar təbiətli Gülablıdan da fotoreportaj hazırlamışam. Kənddə "Gülablı" adlı möhtəşəm sanatoriya da tikilmişdi və dünyanın hər yerindən insanlar ora dincəlməyə gəlirdilər. Bu sanatoriyadan xatirə olan xeyli fotolar çəkmişəm".
A.Məmmədov deyir ki, Ağdamda 1988-89-cu illərdə, Qarabağda hadisələrin ən qızğın zamanlarında da, sonuncu dəfə isə 1992-ci ildə "Xarıbülbül" festivalı keçiriləndə olub: "Həmin vaxt gördüm ki, daha Ağdamın o cah-cəlalından əsər qalmayıb, onun ağır günlərini çəkmək mənim üçün çox əzabverici idi".
O, işğaldan sonra yenə də Ağdamın Azərbaycanda olan ərazilərinə ezamiyyətə gedib, fotolar çəkib, amma çəkdikləri heç cür ürəyinə yatmayıb: "Axı bu həmin Ağdam deyildi... Amma bilirdim ki, o gün gələcək ki, Ağdamı Gülablıdan Şelliyəcən, Kolanıdan Paprəvəndəcən qarış-qarış çəkəcəm, özü də daha heç vaxt o şəkillərdə qəm, kədər öz əksini tapmayacaq..."
Qocaman fotojurnalist Zəfərdən sonra televiziya ekranlarında Ağdamın yerləyeksan olunan kadrlarına baxdıqca qəhərlənir, bir zamanlar ev-ev, küçə-küçə hər qarışına bələd olduğu bu əsrarəngiz şəhərin tanınmaz hala düşdüyünə yanıb yaxılır: "İllər əvvəl Ağdamda Cümə məscidinin qülləsinə çıxaraq şəhəri başdan-başa çəkmişdim. Ağdam bütün görkəmi ilə bu fotolarda əks olunmuşdu. İndi o Ağdamdan əsər-əlamət qalmayıb".
Amma Ağaəli Məmmədov sevinclə əlavə edir ki, Azərbaycan dövlətinin bütün işğaldan azad edilən ərazilərimizdə olduğu kimi, Ağdamda da apardığı tikinti, quruculuq işləri Qarabağın bu qədim şəhərinin əzəmətini yenidən özünə qaytaracaq: "Bu gün oxucularımla paylaşdığım şəkillər Ağdamın illər əvvəlki bəxtəvər, qayğısız, həm də dar günündə çəkdiyim fotolarıdır. Qismət elə gətirib ki, mən həm Ağdamın ən xoşbəxt, kədərli anlarının şahidi, həm də o anları donduraraq tarixin yaddaşına çevirən biri olmuşam. Şükürlər olsun ki, Ağdamın azadlığını görmək qismətim oldu. İndi isə bir arzum var, yaşımın bu çağında yenidən Ağdama gedib orada yaşanan Zəfər qürurunu, gerçəkləşdirilən abadlıq işlərini də fotolentə köçürərək tariximizin fəxarətli yaddaşına həkk edim".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 20 noyabr.- S.14.