Futbol
bayramı başlayır
Qətər-2022 mundialı bu gün start
götürür
Bu gün - 2022-ci il 20 noyabr təqvim günü - dünya futbol ictimaiyyətinin 4 il gözlədiyi idman bayramına Qətərin Əl-Hor şəhərindəki 60 min tamaşaçı tutumu olan "Al-Bayt" arenasında Qətər-Ekvador oyunu ilə start verilir. Futbol üzrə dünya çempionatını keçirən ilk ərəb ölkəsi kimi tarixə düşən Qətər dekabrın 18-dək diqqət mərkəzində olacaq.
Monarxiya bu hüququ hələ 2010-cu ildə alıb. Bu müddət ərzində turnirə hazırlığa nə qədər vəsait xərcləndiyini dəqiqliklə söyləmək çətindir. Hesablamalarda qeyri-müəyyənliyə səbəb Qətər hökumətinin dünya çempionatı ərəfəsində xərclədiyi pulların böyük əksəriyyətinin qeyri-futbol infrastrukturuna - yeni metropoliten sisteminin, hava limanının və yolların, 100-ə yaxın hotel və istirahət mərkəzlərinin tikintisinə sərf olunmasıdır. Bu investisiya layihələrinin əksəriyyəti Qətər hökumətinin qəbul etdiyi və ölkənin 2030-cu ilə qədər milli inkişaf və modernləşmə üzrə iddialı strategiyası olan "Qatar National Vision 2030" proqramının bir hissəsidir.
Mütəxəssislərin fikrincə, istənilən halda bu, 1930-cu ildən bəri keçirilən bütün dünya çempionatları arasında ən bahalısı olacaq.
Müxtəlif ekspert hesablamalarına və hesabatlarına görə, Dohanın ümumi xərcləri 200 milyard dolları keçəcək. Müqayisə üçün qeyd edək ki, əvvəllər futbol üzrə ən bahalı dünya çempionatları 2014-cü ildə Braziliyada, 2018-ci ildə isə Rusiyada keçirilən mundiallar olub və bu yarışların hər biri təşkilatçılara təxminən 15 milyard dollara başa gəlib.
Şeffild-Hallam Universitetinin idman maliyyəsi
üzrə eksperti Den
Plamli "Alman
dalğası" radiostansiyasına müsahibəsində deyib ki, 2010-cu ildə Qətər
2022-ci il Dünya
Çempionatına evsahibliyi etmək üçün seçiləndə potensial xərc artıq 65 milyard
dollar təşkil edirdi.
Bəzi son hesablamalar isə hazırda onun indi 200 milyard
dolları keçə
biləcəyini deməyə
əsas verir. Bu, hazırda rekord məbləğdir.
Öz növbəsində,
Amerikanın idman maliyyəsi üzrə məsləhətçi şirkəti
olan "Front Office Sports" Qətərdə keçirilən
dünya kubokunun xərclərini 220 milyard
dollar həcmində qiymətləndirib. Qətər-2022
Ali Komitəsinin davranış
və miras üzrə baş katibi Həsən Əl-Təvadi isə infrastruktur xərclərinin
200 milyard dollardan artıq olacağını
bildirib.
Plamli hesab edir ki,
Qətərin nail olmaq
istədiyi əsas qazanclar qeyri-kommersiya xarakterlidir: "Dünya çempionatına evsahibliyi
etmək üçün
əsas motivasiya beynəlxalq münasibətlərdir.
Bu, həm də
müdafiə və təhlükəsizlik strategiyası
kimi "yumşaq güclə" bağlıdır.
Pul Qətər üçün
heç də problem deyil. Aydındır ki, Doha
Dünya çempionatına
evsahibliyi etməyə
qadirdir və bununla bağlı itkiləri ödəməyə
hazırdır. Bir çox cəhətdən
DÇ-2022 maliyyə anomaliyasıdır".
Futbol çempionatlarının "mirası"
Amma bu, həqiqətən də maliyyə anomaliyası olsa belə, indiki çempionat da bütün keçmiş mundiallarda olduğu kimi, "miras" məsələsini
həll etməlidir. İdeya bundan
ibarətdir ki, hər hansı belə turnir özündən sonra bütün cəmiyyətin
həyatında uzunmüddətli
irəliləyişlər saxlamalıdır
və bu inkişaf dörd həftəlik futbol bayramı üçün
sərf olunan böyük maliyyə xərclərinə haqq qazandırmalıdır. Bu,
əksər dünya çempionatları üçün
əsas çətinliklərdən
biridir, lakin Qətər məsələsinə
gəldikdə, xüsusilə
ciddi şübhələr
ortaya çıxır.
Ən aşkar
problemlərdən biri
stadionlardır. Dünya çempionatının oyunlarına evsahibliyi edəcək səkkiz oyundan yeddisi turnir üçün xüsusi olaraq sıfırdan tikilib.
Qətər hakimiyyəti
stadionların tikintisinin
6,5 milyard dollara başa gəldiyini bildirir. Lakin dünyanın ən yaxşı futbolçuları evlərinə
qayıdanda, cəmi 2,8 milyon nəfər
əhalisi olan bir ölkənin bu qədər böyük idman arenalarına ehtiyacı olmayacaq.
Yerli mütəxəssislərin
dediyinə görə,
üç stadionda futbol matçlarının
keçirilməsi davam
edəcək, qalan beşi isə ya söküləcək,
ya başqa məqsədlər üçün
yenidən qurulacaq, ya da tutumları
xeyli azaldılacaq.
Liverpul Universitetinin
futbol maliyyəsi üzrə eksperti Kiran Maquayr isə
hesab edir ki, buna baxmayaraq,
gələcəkdə Qətər
Avropa Liqası və ya Çempionlar
Liqasının finalları
kimi böyük futbol yarışlarına
evsahibliyi etmək təklifini əsaslandırmaq
üçün yeni infrastrukturdan istifadə edəcək.
Dünya
kubokunun real dəyəri
- əmək miqrantlarının
həyatı
Lakin Dünya
çempionatının xərci
məsələsi son on ildə
Qətərdə stadionların
tikintisində çalışan
miqrant işçilərin
aqibətini ikinci plana çəkir. 2010-cu ildə dünya kuboku yarışını
keçirmək hüququ
qazandıqdan sonra Qətər xarici işçilərə münasibətinə
görə insan haqları təşkilatlarının
geniş tənqidi ilə üzləşib.
2016-cı
ildə Amnesty International (AI) Dohanı 2022-ci il
Dünya çempionatının
əsas arenalarından
biri olan "Xəlifə" beynəlxalq
stadionunun tikintisində
məcburi əməkdən
istifadə etməkdə
ittiham edib. Bundan əlavə, son on ildə
Qətərdə minlərlə
fəhlə miqrantın
həlak olduğu barədə məlumatlar
var.
2021-ci ilin fevralında Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb ki, 2010-20-ci illərdə Qətərdə Hindistan,
Pakistan, Nepal, Banqladeş və
Şri-Lankadan olan 6500
miqrant işçi dünyasını dəyişib.
İnsan haqları üzrə ekspertlər vurğulayırlar ki, ölənlərin əksəriyyəti məhz Dünya çempionatı
səbəbindən ölkəyə
gəlib.
Qətər hakimiyyəti son illərdə
əmək qanunvericiliyində
müəyyən islahatlar
həyata keçirib,
lakin insan hüquqları müdafiəçilərinə
görə, bu sahədə problemlər aktual olaraq qalır.
FİFA yenə böyük qazanc götürəcək
Bu arada, Beynəlxalq
Futbol Federasiyasına
(FIFA) gəldikdə, nə
əmək miqrantlarının
ölümü, nə
də Qətərdə
Dünya çempionatının
təşkili və keçirilməsinə çəkilən
xərclər onun yekun qazancına təsir göstərməyəcək. Bu baxımdan ekspertlər əmindirlər ki, bu turnir də
2018-ci ildə Rusiyada keçirilən əvvəlki
Dünya çempionatı
kimi, FİFA üçün
böyük maliyyə
qələbəsi olacaq.
"FİFA üçün Dünya çempionatı
hər dördillik dövr ərzində fəaliyyətini maliyyələşdirmək
üçün pul qazanmaq və gəlir əldə etməkdən ibarətdir",
- deyə Plamli bildirib. Mütəxəssis xatırladıb ki,
FİFA-nın DÇ-2018-dən əldə etdiyi gəlir gözləntiləri
xeyli üstələyib.
FİFA üçün Qətər turnirindən də analoji uğur gözləyin.
Bu, ev sahibi
ölkəyə çoxlu
pul bahasına başa gələ bilər, lakin çempionatın uğurunu
təmin etmək
FİFA-nın marağındadır
və yəqin ki, fantastik xərclər
bu beynəlxalq qurumu çox da narahat etmir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2022.- 20 noyabr.- S.15.