Azərbaycanın Pelesi

 

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da futbolun zəngin tarixi və ənənələri olub. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib. Belə futbolçulardan biriAnatoli Banişevski (1946-1997) idi. O, peşəkar karyerası ərzində "Neftçi" komandasında çıxış edib, qısa müddət ərzində vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilib.  Burada parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ milli komandasına cəlb edilib. Tezliklə o, məşqçilərin ümidlərini doğruldaraq yığmada keçirdiyi 3-cü oyununda 3 dəfə fərqlənib.

Eyni zamanda Banişevski Dünya çempionatında iştirak edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. O, 1966-cı ildə İngiltərədə təşkil olunmuş mundialda SSRİ yığmasının formasını geyib. Qrup mərhələsi çərçivəsində keçirilən SSRİ-Şimali Koreya matçı Azərbaycan futbol həvəskarlarının diqqət mərkəzində olub. Çünki koreyalılara qarşı oyunda qol vuran Banişevski həm də böyük hesablı qələbənin təməlini qoyub - 3:0.

Turnirin 3-cü yer uğrunda keçirilmiş Portuqaliya-SSRİ matçının oyun protokolunda qolun müəllifi kimi bir futbolçunun, mətbuatda isə digərinin adı yazılmışdı. Bu hadisə Azərbaycan futbolunun əfsanəvi siması Anatoli Banişevskinin başına gəlmişdir. Həmin görüşdə Anatolinin də formasını geydiyi SSRİ yığması Portuqaliya seçməsinə 1:2 hesabı ilə uduzur, oyunda komandasının yeganə qolunu Banişevski vurur.

Bunu illər sonra oyunun televiziya görüntüləri əsasında Rusiyanın "Sport-Ekspress" nəşri topu portuqaliyalıların qapısından Banişevskinin keçirdiyini dəqiqləşdirmişdir. Bu fakt adıçəkilən qəzetin, eyni zamanda "Sovetski sport"un DÇ-2012 üçün nəşr etdirdikləri xüsusi buraxılışlarında da öz əksini tapmışdır.

Bütün bunları nəzərə aldıqda Banişevskinin SSRİ yığmasında ümumilikdə, əksər mənbələrdə yazıldığı kimi, 19 deyil, 20 qol vurduğu məlum olur. Lakin bir çox mənbələr isə qolun müəllifi kimi Malofeyevya Metrevelinin adını yazır.

Banişevskiyə "Azərbaycanın Pelesi" də deyirdilər. Vaxtilə SSRİ yığma komandasının tərkibində Braziliyaya qalib gələndən sonra məşqçilər "Neftçi"nin hücumçusundakı fitri istedadı görüb qəzetlərə müsahibə verərək deyirmişlər ki, biz Banişevskini məmnuniyyətlə komandamıza dəvət edərdik. Jurnalistin "Banişevskinin gəlməsi üçün nə qədər pul verərdiniz" sualına "Onun qiyməti yoxdur…" cavabını vermişdilər.

 

E.CƏFƏROV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.15.