Mümkünsüzdür!
İlham Əliyev bir daha
qətiyyətlə bəyan etdi ki, Azərbaycanda erməni azlığına aid məsələlərin sülh
sazişinə daxil edilməsinə
razılıq verməyəcək
"Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır".
İkinci Qarabağ müharibəsinin qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz qətiyyətli mövqe bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanan sazişə imza atılacaq.
Qalib ölkənin mövqeyi
aydındır
Noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə İlham Əliyev bir daha Azərbaycanın mövqeyni bəyan edərək dedi ki, bu gün Ermənistanın sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edir.
Çünki Ermənistan həqiqətən sülh arzulayırdısa, Azərbaycanın əvvəlki təklifinə (torpaqların geri qaytarılmasından sonra barış sazişinin imzalanmasına) cavab verərdi. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən Azərbaycan olub. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin.
Qalib sərkərdə bir daha diqqətə çatdırıb ki, savaşdan sonra Azərbaycan məlum 5 prinsipdən ibarət sülh və bir növ çərçivəni, həmçinin delimitasiya komissiyasını yaratmağı təklif edib. Bu, münasibətlərin normallaşdırılması üçün əsasların müəyyən edilməsi cəhdi idi. Ermənistan isə bu prosesin ilkin mərhələsində çox tərəddüd etdi. İndi isə bu ölkə sülh haqqında danışır. Yəni Azərbaycan məğlub ölkənin anlamında sülhün nə olduğunu anlamır. Bununla belə, qalib ölkənin mövqeyi aydındır. Bunu İlham Əliyev dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktları zamanı qeyd edib. Bu istiqamətdə iki yol var - Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər.
Artıq iki ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi davam etməkdədir. Həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bir neçə görüş keçirilib. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan, nəinki İlham Əliyevin irəli sürdüyü 5 prinsipi qəbul edib, həmçinin Praqa və Soçi görüşlərində altına imzasını atdığı bəyanatlarla Azərbaycanın suverenliyini də tanıyıb. Bununla da Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyib.
Azərbaycanın istəyi bütün müttəfiqləri ilə qarşılıqlı və faydalı münasibətlərdir, lakin ilk növbədə milli maraqlarımızın təmini, müstəqilliyin daha da güclənməsi əsas hədəfdir.
Ermənistanla aparılan sülh danışıqları prosesində İlham Əliyevin ortaya qoyduğu mövqe birmənalı şəkildə hər kəsə bəllidir. Azərbaycan Prezidenti hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarı və təminatçısıdır. Artıq sadə ermənilər də yaxşı anlayırlar ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heç nə qazandırmayıb və qazandırmayacaq. Yeganə yol Azərbaycanla hesablaşmaqdır.
Ermənistanın dediyi sözlərlə
əməlləri və planları ziddiyyət təşkil edir
Lakin son vaxtlarda Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Ermənistan bir
tərəfdən bəyanatlara
imza ataraq Azərbaycanın ərazisini
və suverenliyini tanıdığını söyləyir,
digər tərəfdən
Azərbaycanda erməni
azlığına aid məsələləri
sülh sazişinə
salmaq istəyirlər.
Bu da təbii
ki, mümkün olan məsələ deyil.
Ona görə də İlham Əliyev bildirdi ki, artıq Ermənistan tərəfinin
əməlləri sözlərlə
deyil, addımlarla ölçülməlidir: "Əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli
ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı
İŞİD və "Əl-Qaidə"
ilə müqayisə
etmişdilər. Fikrimcə, bu,
çox təhlükəli
ritorikadır. Birincisi, onların
özləri İŞİD və "Əl-Qaidə"
kimi hərəkət
etmişdilər. Avropa İttifaqının
səfirləri azad edilmiş ərazilərə
baş çəkmişdilər.
Ermənilər tarixi və dini irsə
İŞİD və "Əl-Qaidə"nin eynilə etdiyi kimi yanaşmışdılar.
Biz yox. Onlar. Onlar terror aktları
törədiblər. Onlar soyqırımı
törədiblər. Onlar bizim
məscidləri uçurublar.
Biz yox".
Azərbaycan Prezidenti bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, əgər
Ermənistan Qarabağda
ermənilərin hüquqları
və təhlükəsizliyi
barədə söhbət
aparmaq istəyirsə,
bu, alınmayacaq. Çünki
Azərbaycan bu haqda Qarabağda yaşayan ermənilərlə
danışmağa hazırdır:
"Amma Moskvanın göndərdiyi, ciblərində
rus xalqından oğurladığı milyardlarla
pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.
Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq.
Biz buna hazırıq.
Yeri gəlmişkən,
bu proses başlayıb. Əgər
elə indicə qeyd etdiyim bəzi
ölkələrdən, yəni
kənardan müdaxilə
olmasa və həmin prosesi dayandırmaq cəhdləri
edilməsə, onda hesab edirəm ki, proses daha
dinamik gedə bilərdi. Lakin bunun Paşinyana
və onun hökumətinə heç
aidiyyəti yoxdur".
Bir sözlə, İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan qalib ölkə kimi həm də diktə edən tərəfdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə ölkəmizin böyüklüyünü, gücünü bir daha nümayiş etdirir. Sülh müqaviləsinin hazırlanması da qalib komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Azərbaycanın daxili işi olan Qarabağ mövzusu da artıq müzakirə edilmir. Eyni zamanda Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq. İstənilən etirazı, təxribatı isə "dəmir yumruq" əzəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 19 noyabr.- S.1; 6.