İlham Əliyevin yeni quruculuq
konsepsiyası
Böyük qayıdışa dair I Dövlət Proqramı Qarabağ
və Şərqi Zəngəzurun bərpasını sürətləndirəcək
Azad olunmuş ərazilərin bərpası yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsinə yol açacaq.
Qətiyyətin ifadəsi
Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqca ortaya çıxan mənzərələrdən ən dəhşətlisi şəhər və kəndlərimizin Ermənistan tərəfindən tamamilə dağıdılması idi. Əvvəllər də bununla bağlı məlumatlar olsa da, müharibə günləri və ondan sonra ortaya çıxanlar göstərdi ki, xəstə erməni xisləti həm də barbar təfəkkürünə söykənir. Düşmən şəhər və kəndlərimizi vandalizmə məruz qoymaqla kifayətlənməyib, təbiətimizə də qənim kəsilib, yaşı tarixlərə söykənən çinarları kəsib, sərvətlərimizi talayıb.
Qələbədən sonra dərhal Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlayan Azərbaycan dövləti düşmənin vurduğu yaraları tədricən sağaldır. Kənd və şəhərlərimiz sürətlə bərpa olunur, təbiətimiz yenidən canlanmağa başlayır. Milli ideyaya çevrilən, prioritet vəzifə kimi müəyyən edilən quruculuq işləri həm də ölkəmizin qətiyyətinin ifadəsidir. Zəfər yolunun salınması, Füzuli və Zəngilan hava limanlarının tikilib istifadəyə verilməsi, Ağalı kəndinin bərpası, Kəlbəcərdə dağlardan keçən tunellərin, elektrik xətlərinin çəkilməsi kimi meqalayihələr isə həm də dövlətimizin iqtisadi gücünün təntənəsi, mütəxəssislərimizin, mühəndislərimizin, inşaatçılarımızın fədakarlığının göstəricisidir. "Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır", - deyə Prezident İlham Əliyevin Böyük qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamında qeyd olunur.
Bu günlərdə Milli Məclisdə müzakirə olunan və birinci oxunuşda təsdiqlənən "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də göstərir ki, azad olunmuş ərazilərdə bərpa işləri növbəti ildə də vüsətlə davam edəcək. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyon və 12,4 faiz çoxdur. Təbii ki, bu məbləğ yenidənqurma işlərinin kompleks şəkildə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün güclü maliyyə təminatı yaradır. Onu da qeyd edək ki, cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə azad olunmuş ərazilərin bərpasına ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldiləcək.
Sürətlə reallaşan milli prioritet
İndiyə qədər görülmüş bütün işlər, ayrılan vəsaitlər Azərbaycanın gücünün göstəricisidir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" isə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı dövlətimizin qətiyyətinin növbəti təcəssümüdür.
Prezident İlham Əliyev ötən ilin fevral ayında imzaladığı sərəncamla "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Ölkəmizin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş prioritetdən biri işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışdır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair Dövlət Proqramı" da həmin milli prioritetin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, dövlət proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Proqramda qarşıya qoyulmuş məqsədlər, bu ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və dayanıqlı infrastrukturla təminatı, müasir standartlara uyğun xidmətlərin yaradılması, məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, məşğulluq imkanlarını artırmaq, xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək, dayanıqlı sosial-iqtisadi inkişaf, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək, kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi, təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadə, ətraf mühitin etibarlı mühafizəsi və ekoloji təhlükəsizliyi, təbii resurslardan səmərəli və effektiv istifadə, "ağıllı şəhər", "ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqinin təşviqidir.
Bu məqsədlərə nail olmaq üçün dövlət proqramı çərçivəsində təsbit olunmuş strateji istiqamətlər üzrə bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət proqramında nəzərdə tutulan tədbirlər aşağıdakı hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Proqramın icrası qoyulan hədəflər nəzərə alınmaqla hər il monitorinq olunacaq. Bütövlükdə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası Qarabağ və Şərqi Zəngəzurun kompleks şəkildə bərpasını yeni mərhələyə yüksəldəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 19 noyabr.- S.1; 6.