Azərbaycanın xarici işlər naziri Liviyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Noyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Liviya Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ali Salem Naser ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov səfir Ali Salem Naserin etimadnaməsinin surətini qəbul edərək səfiri təyinatı münasibətilə təbrik edibona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanla Liviya arasında tarixi, dini və mədəni bağlardan söz açaraq, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu xüsusda, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Ceyhun Bayramov, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalın acı nəticələri, 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesi haqqında qarşı tərəfi məlumatlandırıb.

Səfir qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edərək ona Liviya Dövləti xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin salamlarını çatdırıb. Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edən səfir Ali Salem Naser fəaliyyəti dövründə Azərbaycanla Liviya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılaraq bu istiqamətdə böyük potensialın olduğu diqqətə çatdırılıb.

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.7.