QMİ-də Vətən müharibəsi dövründə
fəal iştiraklarına görə mükafatlandırılan
din xadimləri və qazilərlə görüş olub
Noyabrın 18-də Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) Vətən müharibəsi dövründə fəal iştirak edən din xadimləri və qazilərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə din xadimləri və qazilərlə görüşən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə onlara uğurlu fəaliyyətlərinə təşəkkürünü ifadə edib. Şeyxülislam şanlı Vətən müharibəsində Azərbaycanın qəhrəmanlıq göstərən oğullarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib. O bildirib ki, xalqımızın hər bir nümayəndəsi birləşərək torpaqlarımızı və sərhədlərimizi qorumağa, canından keçməyə daim hazır olub.
Din xadimlərinin Vətən
müharibəsindəki fəaliyyətinə toxunan
QMİ sədri deyib: “İstər şanlı
Vətən müharibəsi günlərində, istərsə
mübarək Zəfərimizdən sonra biz din xadimləri ilə dəfələrlə
görüşərək İkinci Qarabağ savaşının müqəddəs
amalları barədə ətraflı bəhs etmişik.
Haqq mücadiləmizin həqiqətləri
barədə dünya ictimaiyyətinə geniş məlumatların
çatdırılması yolunda əlimizdən
gələni əsirgəməmişik. Erməni
tərəfinin müharibə cinayətləri,
xalqımıza qarşı həyata keçirdiyi
qeyri-insani əməllər haqqında,
yaydıqları dezinformasiyaları və məkrli
ittihamları sıradan çıxarmaq üçün
əməkdaşlıq etdiyimiz bütün dini mərkəz
və beynəlxalq qurumlarla
apardığımız gərgin fəaliyyətlərimizlə
ümumi Zəfərə öz
töhfəmizi vermişik. Bundan sonra da
köməyə ehtiyacı olanların hər zaman
yanında olacağıq. Şəhid anaları və
ataları övladları ilə fəxr edirlər. Eyni zamanda, mənə
şəhid ailələrindən təşəkkür məktubları
da gəlir. Biz həmişə
tarix boyu bir yerdə olmuşuq. Bundan sonra daha
da yaxın olmalıyıq və
torpaqlarımızı qoruyub
saxlamalıyıq”.
Sonra 44 günlük İkinci
Qarabağ müharibəsi dövründə fərqlənən
din xadimləri və qazilər - Mirsəcat İmranov, Ramazan
Hüseynov, Hacı Şahin Həsənli, Cavid Kərimov və
Mirzahid Qəmbərov mükafatlandırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində göstərdiyi xidmətlərinə və fədakarlığına, döyüş təminatı tapşırıqlarının fədakarlıqla yerinə yetirilməsində fəaliyyətinə, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində və şəhidlərin anım mərasimində fəal iştiraklarına görə Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılan din xadimlərinə və qazilərə Fəxri fərmanlarını QMİ sədri şeyxülislam Allahşükür Paşazadə təqdim edib.
Mükafatlandırılan din xadimləri və qazilər Vətən müharibəsində şanlı tarixi Zəfərinin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u və rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi fədakarlıqdan danışıblar və Qafqaz Müsəlmanlar İdarəsinin sədrinə təşəkkürlərini ifadə ediblər.
Sonda birgə xatirə şəkili çəkdirilib.
Azərbaycan.- 2022.- 19 noyabr.- S.8.