Ermənilər xof
içindədir: "İlham Əliyev
Rusiyanın "Vardanyan
planı"nı ifşa etdi"
İrəvanda Azərbaycan Prezidentinin son bəyanatları
təşvişlə qarşılandı
Qarabağda qalan ermənilərin taleyinin müəyyənləşdirdiyi yeganə tərəfin Azərbaycan olacağı bu gün Ermənistanın özündə, erməni dairələrində açıq etiraf olunur. Bu hal Qarabağdakı separatçı rejimin dövlət naziri elan edilən Ruben Vardanyanla bağlı məsələdə özünü qabarıq şəkildə büruzə verdi.
Prezident İlham Əliyevin "...Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib" açıqlamaları geniş müzakirə mövzusu olmaqla yanaşı, Vardanyanın lağ predmetinə çevrilməsi fonunda da özünü göstərir.
"Paşinyanın boynuna ip salıb ora-bura çəkirlər"
Azərbaycan Prezidentinin fikirləri Ermənistanda yeni ajiotaja səbəb olub, böyük şok və xof yaradıb. Ermənilər etiraf edirlər ki, Qarabağın taleyini müəyyənəşdirəcək tərəf Azərbaycandır və erməni milyarderin Azərbaycan tərəfi ilə hansısa danışıqlar aparması mümkünsüzdür. Siyasi ekspertlərdən, sosial şəbəkələrdə paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq.
Erməni siyasi ekspert Levon Baqdasaryan deyib ki, Azərbaycan Prezidenti bir açıqlaması ilə reallıqları masaya yatırıb: "Ermənistan isə İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra hələ özünə gələ bilməyib, lakin onun özünə gəlməsi mümkün deyil. Bir tərəfdə Makron, digər tərəfdə Putin Paşinyanın boynuna ip salıb ora-bura çəkirlər. Yeni reallıqlarla barışmalıyıq. İlham Əliyev konkret hədəf göstərir, sülh müqaviləsinin yubadılmasının arxasında kimlərin dayandığını açıq şəkildə etiraf edir. Dünyada elə bir ölkə yoxdur ki, müharibədən qalib ayrılsın və sülh müqaviləsinin imzalanmasını təklif etsin. Lakin təəssüf ki, Ermənistan Rusiya və Fransaya uyaraq beynəlxalq cəhdlərini davam etdirir, ənənəyə görə güclü olduğu sahələrdə, yəni intriqalar və beynəlxalq təzyiq sahələrində qarşıdurmanı davam etdirməyə çalışır. Hakimiyyət öz yaralarını yalayır və heç kəs ondan hər hansı qətiyyətli hərəkət və igidlik gözləmir. Azərbaycan Prezidenti xilasın reseptini təqdim edir. Ermənistan hələ də həm Rusiyaya, həm də Qərbə bel bağlamağa davam edir, erməni milyarder Ruben Vardanyanın Xankəndiyə gəlişi də İrəvanı az da olsa ruhlandırır. Amma Vardanyan daha çox Rusiya kartıdır və o, Moskvanın planlarının icraçısıdır".
"İlham Əliyev Vardanyanı da, Yerevanı da bir-birinə
qatdı"
"Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Nikol Paşinyanla deyil, məhz elə Qarabağ erməniləri ilə təmasları davam etdirməklə müzakirəyə çıxarmaqda maraqlıdır".
Manvel Qasparyan adlı instaqram istifadəçisi Azərbaycan Prezidentinin Ermənistanla bağlı yer alan xəbər paylaşımına belə şərh verib: "Ermənistan ölüb, ağlayanı yoxdur. İki milləti bir-birinə düşmən edən Rusiyadır. İndi də Putin yağ-bal içərisində bəslədiyi Vardanyan adında birini göndərib ki, Artsaxda (Qarabağ-red.) otursun. Müharibədən, ölüm-itimdən bezmişik. Rusiya yenə sülhün deyil, müharibənin tərəfdarı olduğunu göstərir. İlham Əliyevin son bəyanatlarını izlədim, dəhşətə gəldim. Boş yerə gənclərimiz həlak olmamalıdır".
"Vkontakte" sosial şəbəkəsində "İlham Əliyev Vardanyanı da, Yerevanı da bir-birinə qatdı" başlığı ilə bağlı paylaşılan xəbərə münasibət bildirən Tiqran Melkumyanın səhifəsi isə əyləncə məkanlarında çəkilmiş fotolarla dolu idi. Rusiyada ticarətlə məşğul olan Tiqran gülüş işarəsi ilə paylaşılan şəklə belə rəy bildirib: "Yazıq Ermənistandakı həmvətənlərimin halına. İllər öncə Qarabağ bizim nəyimizə lazımdır, dedikdə Sarkisyan rejimi məni və ailəmi ölümlə hədələmişdi. Bir dəfə dostum Nikosyanın dəvəti ilə Qarabağa getmişdim. Yollar bərbad, yaşayış çox acınacaqlı idi. Yazıq millətimi sanki sürgün etmişdilər. İndi isə Əliyev deyir sülhə qayıdaq, Paşinyan isə Makron və Putinin arasında qalıb".
Süzanna Ayrapetyan adlı biri instaqramda paylaşılan xəbərə maraqlı bir şərhlə diqqət çəkib: "İlham Əliyev Ermənistana və Rusiyaya zərbəni Bakıdan vurdu. Necə ola bilər axı, illərdir Rusiyada yaşayan Vardanyan adlı birisi Stepanakertdə (Xankəndi-red.) ortaya çıxır. Prinsipcə, çoxdan aydın idi ki, Rusiya Azərbaycanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə dəyişir. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva biz ermənilər vasitəsilə növbəti dəfə hoqqa vermək istəyir. Ancaq gördünüz, İlham Əliyev Rusiyanın "Vardanyan planı"nı necə ifşa etdi. 30 ildir müharibə şəraitində yaşamışıq, millətimi sevən birisi kimi deyirəm ki, sülh müqaviləsi artıq imzalanmalıdır ki, canımız Rusiya kimi dövlətlərdən qurtulsun".
"Müharibədəki qorxu hələ
də canımızdadır"
Robert Qasparyan adlı biri isə tviterdə yazıb: "Rusiya yenə aranı qarışdırmaq istəyir. Vardanyanın uzun illərdən sonra Stepanakertə (Xankəndi-red.) qayıtması heç də yaxşı hal deyil. Bunu İlham Əliyev açıq şəkildə vurğuladı. Niyə sülh müqaviləsi imzalamırıq? Artıq azərbaycanlılar da Qarabağa qayıtmağa başlayıblar. Vətənşüvənlik etmək lazım deyil, Qarabağ heç vaxt ermənilərin olmayıb. İndi dostluq zamanıdır. Müharibədəki qorxu hələ də canımızdadır. Paşinyan, sülh müqaviləsini niyə uzadırsan, Rusiyadan, Fransadan niyə qorxursan? Cəsarətli ol, İlham Əliyevdən nümunə götür".
Daha bir Ermənistan vətəndaşı Karen İvanyan isə tviterdə belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Cəsarətli olsun. Müharibədəki səhvlərini təkrar etməsin. Xilasımız sülh müqaviləsinin imzalanmasıdır".
Henrix Nalbadyan isə "Odnoklassniki"də Azərbaycan Prezidentinin Rusiyanın "Vardanyan planı"nı diqqətə çatdırması ilə bağlı paylaşımın altına belə bir şərh yazıb: "Açıq reallıq budur. Əliyev Rusiyaya qarşı səsləndirdiyi fikirlərlə Paşinyana əsl dərs verdi. Bizim Nikol bəs nə edəcək? Seyrçi mövqeyində qalacaq. Gah Fransaya qaçacaq, gah da Rusiyaya əmilərinin yanına".
Göründüyü kimi, Rusiya siyasi rəhbərliyinin Qarabağ cəhdlərinə baxmayaraq, ermənilər çox narahatdırlar. Onlar da çox yaxşı anlayırlar ki, Ermənistan varlığını davam etdirmək üçün Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda məhvə məhkumdur.
Elçin CƏFƏROV
Azərbaycan
- 2022.- 19 noyabr.- S.8.