30,7 milyard manatlıq gəlir

 

Dövlət büdcəsinin artımı sosial-iqtisadi inkişafımızın göstəricisidir

 

 "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Gələn ilin dövlət büdcəsi postmüharibə dövrünün çağırışlarına, həmçinin qlobal iqtisadi proseslərə uyğunlaşdırılıb.

Layihədə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri Azərbaycanın müstəqillik tarixinin ən böyük göstəriciləridir. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

2023-cü ilin dövlət büdcəsi yeni reallıqlara uyğun tərtib edilib

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, tariximizin ən böyük büdcə layihəsinin postmüharibə dövrünə təsadüf etməsi ümumilikdə həyata keçirilən uğurlu daxilixarici siyasətin, milli maraqlarımıza xidmət göstərən büdcə siyasətinin nəticəsidir. Büdcə layihəsinin strateji olaraq 3 böyük xərc hissəsindən birincisi sosialyönümlükdür. Dövlət büdcəsinin xərclərinin sosialyönümlüyünün təmin edilməsi Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu ən mühüm tələblərdəndir. Dövlətin sosial amalı ondan ibarətdir ki, aztəminatlı ailələr, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar.

"İkinci əsas istiqamət isə Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdış proqramı ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə sosial iqtisadi infrastrukturun bərpa edilməsi, biznes üçün şəraitin yaradılması vacib olduğu üçün bu mövzu büdcə layihəsinin prioritetlərindəndir. Bu gün dövlətimiz həm Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Üçüncüsü isə, təbii ki, hərbiyə, milli təhlükəsizliyin qorunmasına, ordumuzun peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən dövlət layihələrinin reallaşdırılması üçün proqnozlaşdırılan xərclərdir", - deyə deputat bildirib.

R.Quliyevin sözlərinə görə, praqmatik formada hazırlanan bu büdcə layihəsi Azərbaycanın iqtisadi inkişafına müsbət təkan verəcək: "Bu siyasət artıq 15 ildən çoxdur ki, həyata keçirilir. Təsəvvür edin, bir neçə milyon manatlıq dövlət büdcəsi ilə başlayan müstəqil Azərbaycanın gələn il üçün dövlət büdcəsi 33 milyardı ötüb. Bu, ölkəmizin artan maliyyə imkanlarından, dolayısı ilə isə dünyada artmaqda olan nüfuzumuzdan xəbər verir".

 

Milli maraqlarımıza xidmət edən siyasət

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir: "Azərbaycan bütün bu nəhəng uğurlarına 30 il ərzində nail olub. Lakin bu gün dünyada 100 illik müstəqillik tarixi olan ölkələr var ki, nə dövlət, nə də ordu qura biliblər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində Azərbaycan həm müstəqil dövlət kimi inkişafa, həm də güclü ordu qurmağa müvəffəq olub. Dövlətimiz bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır".

Deputat dövlət büdcəsi barədə təkliflərini də səsləndirib. Qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsindən elmin maliyyələşdirilməsinə 228 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Burada təhsilə ayrılan vəsaitlə elmə ayrılan vəsait arasında böyük fərq açıq görünür. "Əlbəttə, təhsil sahəsi daha böyük vəsait tələb edir. Ancaq ali təhsil və elmi müəssisələrimizin tədqiqatyönümlü fəaliyyətinin dəstəklənməsi, maddi-texniki bazasının gücləndirilməsi, Vətən müharibəsində qələbə fonunda yeni tədqiqat əsərlərinin ərsəyə gətirilməsi, beynəlxalq konfransların keçirilməsi, sözügedən müəssisələrdə çalışan alim və tədqiqatçıların sosial durumunun daha da yaxşılaşdırılması məqsədilə  elm sahəsinə ayrılan vəsaitin növbəti illərdə artırılması məqsədəuyğun olardı", - deyə o əlavə edib.

 

Yeni sosial-iqtisadi mühit formalaşdırılır

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müəllifi olduğu yeni inkişaf modeli əsasında Azərbaycan tərəqqi yolunda inamla addımlayaraq iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır: "Uğurla həyata keçirilən islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və xalqımızın maddi rifahının yüksəlməsini təmin edir. Prezidentimizin yeni iqtisadi quruculuq siyasətinin kökündə dövlətin milli inkişafının möhkəmlənməsi və birbaşa insan amili dayanır. Hazırda davam etdirilən islahatların əsas qayəsi də məhz bütün ölkə vətəndaşlarının sosial rifahının və layiqli həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəldilib".

Deputat deyib ki, Vətən müharibəsindən sonra yaranmış reallıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırıb. Azərbaycan Respublikasının 2023-cü il üçün dövlət və icmal büdcəsinin layihəsi də məhz qeyd olunan çağırışlar nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə,  2023-cü il üçün dövlət büdcəsinin layihəsi Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Milli Prioritetlər" və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sənədlərindən irəli gələn çağırışlar, həmçinin qlobal iqtisadiyyatda gedən proseslərin təsirləri nəzərə alınmaqla tərtib olunub.

"2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1 milyard 522 milyon manatyaxud 5,2 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 33.3 milyard manat proqnozlaşdırılır. Bu da 2022-ci illə müqayisədə 996,2 milyon manatya 3,1 faiz çoxdur. 2023-cü ilin dövlət büdcəsinin xərclərinin əsas hədəfləri müdafiə və təhlükəsizlik, azad edilmiş ərazilərdə böyük quruculuq, iqtisadi artım və sahibkarlığın inkişafının dəstəklənməsi, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsindən ibarətdir", - deyə o qeyd edib.

A.Hüseynov bildirib ki, növbəti  illərdə ölkə sərhədlərinin toxunulmazlığının və davamlı mühafizəsinin təmin edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi və sair istiqamətdə kompleks tədbir və layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə növbəti ilin dövlət büdcə layihəsində müdafiə və hüquq-mühafizə xərcləri 495,9 milyon manat artrılaraq 8 milyard 63 milyon manata çatdırılıb.

"Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat yaxud 18,4 faiz çoxdur. Ümumilikdə, növbəti ildə sosial sahədə müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, təqaüd pensiyalar, başqa sosial müavinətlər, şəhid ailələrinin, müharibə veteranlarının mənzil ehtiyaclarının qarşılanması, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının maliyyə təminatı digər bütün sosial proqramların reallaşdırılması ilə bağlı 2023-cü ilin dövlət büdcəsində əhəmiyyətli məbləğdə vəsait nəzərdə tutulub", - deyə deputat bildirib.

Müstəqillik dövrümüzdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyimiz uğurlar nəticəsində Azərbaycan iqtisadiyyatının artım tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilib. 2023-cü ilin dövlət büdcəsinin 33.3 milyard manat dəyərində proqnozlaşdırılması da bilavasitə düzgün iqtisadi siyasətin həyata keçrilməsi dövlət nəzarəti ilə bağlıdır. Mütəxəssislərin fikrincə, dövlət büdcəsinin artım tempi iqtisadi təhlükəsizliyimizi daha da gücləndirir.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 22 noyabr.- S.8.