Səttar Möhbalıyev növbəti dəfə BHİK-nin vitse-prezidenti seçilib

 

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Avstraliyanın Melburn şəhərində keçirilən V Dünya Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev səsvermə yolu ilə yenidən BHİK-nin vitse-prezidenti seçilib.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının başçısı Luka Visentini BHİK-nin baş katibi, Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri xanım Tomoko Yoşino isə prezidenti seçilib.

AHİK sədri Səttar Möhbalıyev yeni seçilən baş katib və prezidentlə görüşüb, onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir. 

L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev bildirib ki, BHİK-nin bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, milli həmkarlar ittifaqları arasında əlaqələrin daha da genişlənəcəyinə inanır.

AHİK sədri Səttar Möhbalıyevin BHİK-nin yeni prezidenti Tomoko Yoşino ilə görüşündə isə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Ölkəmizin həmkarlar ittifaqı fəallarının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, tərəflər bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.

Qeyd edək ki, Avstraliyanın Baş naziri Entoni AlbanezeYeni Zelandiya hökumətinin başçısı Casinda Ardernqurultayda çıxış edib, milli həmkarlar ittifaqlarına uğurlar arzulayıblar.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 22 noyabr.- S. 9.