Kasım-Jomart Tokayev qalib gəldi

 

Qazaxıstan Prezidenti  siyasi islahatların davamlılığını bəyan edib

 

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov keçirdiyi son brifinqdə bildirib ki, seçkilərdə 81,31 faizlə, 6 milyon 456 min 392 səs toplayan Kasım-Jomart Tokayev qələbə qazanıb.

Tokayevi qələbə münasibətilə ilk təbrik edən Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayev olub. Nazarbayev Tokayevin qələbəsini tarixi adlandıraraq, xalqın ona inandığını bildirib. N.Nazarbayev prezidentin rəhbərliyi ilə aparılan islahatları təqdir edərək onun Qazaxıstan üçün ən kritik anlarda doğru qərar verdiyini vurğulayıb.

İlkin məlumatlara görə, seçici fəallığı 69,44 faiz təşkil edib. Səsvermədə qeydə alınmış 12 milyona yaxın seçicidən 8,2 milyondan çoxu iştirak edib.

Seçicilərin 5,80 faizi "hamının əleyhinə" səs verib. Bu nəticə ikinci yer alıb. Üçüncü yerdə isə 3,42 faiz səslə Qazaxıstan Fermerlər Assosiasiyasının rəhbəri Jiquli Dayrabayev qərarlaşıb.

Ümumilikdə dövlət başçısı postu uğrunda 6 namizəd mübarizə aparıb. Kasım-Jomart Tokayevdən başqa, bunlar Jiquli Dayrabayev (3,42 faiz), Astana məclisinin (yerli qanunverici orqanın) deputatı Karakat Abden (2,60 faiz), namizədliyi həmkarlar ittifaqı tərəfindən irəli sürülən iqtisadi nəzəriyyəçi Meyram Kajıken (2,53 faiz), Milli Sosial Demokrat Partiyasının (MSDP) nümayəndəsi Nurlan Auesbaev (2,22 faiz) hüquq müdafiəçisi Saltanat Tursınbekovadır (2,12 faiz).

Növbədənkənar seçkiləri 641 beynəlxalq müşahidəçi izləyib. Onlar 10 beynəlxalq təşkilatı 35 xarici ölkəni təmsil ediblər.

Seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Jomart Tokayev seçki qərargahında çıxış edərək seçkilərin qanunauyğun keçirildiyini, bütün namizədlərin bərabər imkanlara malik olduğunu bildirib: "Onlar sərbəst şəkildə rayonlara səfər edib, seçicilərlə görüşüb, təşviqat aparıblar. Heç kimə məhdudiyyət qoyulmayıb. Hər bir seçiciyə seçim azadlığı verilib. Beləliklə, bu kampaniya ədalətli açıq olub".

Xatırladaq ki, Kasım-Jomart Tokayev 2019-cu ildə Qazaxıstanın Prezidenti olub. Həmin il iyunun 9-da respublikada prezident seçkiləri keçirilib. O seçkilər növbədənkənar idi, çünki ölkəyə 28 il başçılıq etmiş ilk prezident Nursultan Nazarbayev 2019-cu il martın 19-da səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalamışdı. Həmin seçkilərdə Qasım-Jomart Tokayev səslərin 70,76 faizini qazanaraq qalib gəlmişdi.

Kasım-Jomart Tokayev yeni Konstitusiyaya görə yalnız bir dəfə 7 il prezident olacaq. "Ədalətli Qazaxıstan - hamı hər kəs üçün" şüarıyla çıxış edən Tokayev dövlət institutlarının yenidən qurulmasına ehtiyac olduğunu bildirir. Tokayev böyük ehtimalla prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq.

Qazaxıstan dövlətinin başçısı jurnalistlərə yaxın planlarını da açıqlayıb: "Mən demişdim ki, siyasi islahatlar davam etdirilməlidir. Əks halda durğunluq yaranacaq. Digər tərəfdən, qanuna görə, prezident seçkilərindən sonra hökumət istefaya getməli deyil. Bu, parlament seçkilərindən sonra mütləq həyata keçirilir. Parlament seçkilərinin vaxtına gəlincə, ilin sonunda mən xüsusi bəyanatla çıxış edəcəyəm".

Kasım-Jomart Tokayev Qazaxıstanın geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasətə üstünlük verir. "Ölkəmizin geosiyasi mövqeyini, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz, sadəcə olaraq, çoxvektorlu xarici siyasət aparmağa borcluyuq", - deyən prezident milli maraqların qorunmasına, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh təhlükəsizliyin təmin edilməsinə yönəlmiş siyasət kursunun davam etdiriləcəyini bildirib.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2022.- 22 noyabr.- S.10.