"Fransa qoşunları Afrikadan çıxarılsın!"

 

Burkina Fasoda etirazçılar bu ölkənin səfirliyinə hücum ediblər

 

Əsrlərboyu Fransanın Afrikada törətdiyi çoxsaylı cinayətlər qitə ölkələrində Parisə qarşı nifrəti son həddə çatdırıb. Malidə, Əlcəzairdə, Nigerdə, müstəmləkəçilərdən  dəhşətli iztirablar çəkmiş və hazırda da zərər çəkən digər dövlətlərdə fransızların antiinsani hərəkətlərinə qarşı etiraz aksiyaları indiBurkina Fasoda baş verir.

"Fransa getməlidir" hərəkatının əlaqələndiricisi Lassane Savadoqonun tərəfdarları Burkina Fasonun paytaxtı Uaqaduquda Fransa qoşunlarının ölkə ərazisindən çıxarılması tələbi ilə nümayiş keçiriblər. "Radio France international" radiostansiyasının yaydığı məlumatda bildirilir ki, etirazçılar Fransa səfirliyi qarşısında toplaşaraq, fransız qüvvələrinin ölkədən çıxarılmasını və səfirin getməsi tələblərini irəli sürüblər.  Nümayiş iştirakçıları həmçinin Burkina Faso ilə Fransa arasında müdafiə və təhlükəsizlik sahəsində müqavilənin ləğvini tələb ediblər. Müvafiq petisiya Fransa səfirliyinə təqdim olunub.

Bir neçə fəal səfirlik binasından Fransa bayrağını qoparmağa cəhd göstərsə də, onu qoruyan təhlükəsizlik qüvvələri səfirliyin ərazisinə daxil olmağın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Sonra nümayişçilər Fransanın xüsusi təyinatlı qüvvələrinin yerləşdirildiyi Kambuandakı hava qüvvələri bazasına doğru irəliləyiblər. Onlar bazanı qoruyan təhlükəsizlik qüvvələrinə daş atıblar. Orada da etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Xatırladaq ki, Burkina Fasoda fransız qüvvələrinin mövcudluğuna qarşı bu il ardıcıl olaraq dörd etiraz aksiyası keçirilib. Burkina Fasonun da daxil olduğu Sahel bölgəsi ölkələrində hazırda "terrorçu qruplara qarşı əməliyyatlarda iştirak etmək" adı ilə 5 mindən çox fransız əsgəri yerləşdirilib.

 

Paris Burkina Fasodan qoşunların çıxarılmasını istisna etmir

 

Fransa Sahel bölgəsində anticihadçı "Barhan" əməliyyatını başa çatdırıb. Bu barədə məlumat verən müdafiə naziri Sebastyen Lekornü Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib: "Afrikadakı ümumi strategiyaya yenidən baxılması xüsusi təyinatlılar da daxil olmaqla, mövcudluğumuzun bütün komponentlərini şübhə altına alır".

Məlumata görə, Paris Afrikada yeni strategiyanı tamamlamaq üçün özünə altı ay vaxt verib.

Qeyd edək ki, artıq Malini tərk edən Paris Saheldə, xüsusilə Nigerdə hələ hərbi mövcudluğunu saxlamaq istəyir.

 

R.HİLALOĞLU

 

Azərbaycan. - 2022.-22 noyabr.- S.10.