Bakı şəhər halqası "Formula-1"in ən gözəl treklərindən
biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib.
Görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulandı, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirildi və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olundu.
Dövlətimizin başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirdi.
Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoli ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd etdilər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını dedilər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğuladılar.
Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparıldı.
Stefano Domenikali və Flavio Briatoli Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd etdilər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdılar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğuladılar.
İşğaldan azad edilmiş
torpaqlarımızda həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq layihələri ilə
bağlı da dövlətimizin
başçısını təbrik edən qonaqlar
həmin ərazilərdə yol hərəkətinin
təhlükəsizliyi istiqamətində görülən
işlərin, xüsusilə minlərlə kilometr
yeni avtomobil
yollarının çəkilməsinin əhəmiyyətini
bildirdilər.
Azərbaycan.-
2022.- 23 noyabr.- S.1.