Milli Məclis sədrinin müavini
Qazaxıstan parlamentinin deputatı ilə görüşüb
Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev noyabrın 22-də Qazaxıstan Parlament Məclisinin deputatı, Qazaxıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü, tanınmış politoloq Aydos Sarım və Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan sədr müavini iki qardaş xalqı birləşdirən ortaq dəyərlərdən danışaraq, ölkələrimizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından bəhs edib. O, Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyinin maraqlarımıza uyğun olduğunu qeyd edib. Adil Əliyev ölkələrimiz arasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərinin, Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin dövründə daha da dərinləşdiyini məmnunluqla diqqətə çatdırıb. O, Kasım-Jomart Tokayevin yenidən Qazaxıstanın Prezidenti seçilməsi ilə əlaqədar bir daha qardaş xalqı təbrik edib.
Milli Məclis sədrinin müavini qonağın ölkəmizə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş tədbirdə iştirak üçün səfərini yüksək qiymətləndirib. O, özünün bitərəf deputat olmasına baxmayaraq, YAP-ın Azərbaycan tarixində böyük işlər gördüyünü və hazırda da öz gərgin fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan Vətən müharibəsinə toxunan sədr müavini Azərbaycanın Qələbəsinin həm də Azərbaycanın dostlarının qələbəsi olduğunu vurğulayıb.
Adil Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması cəhdlərinə Fransa kimi ölkələrin qısqanclıqla yanaşdığını, hər addımda separatçılığı dəstəkləməklə sülhün qarşısında əngəl olmağa çalışdığını və bununla da beynəlxalq hüququ kobud şəkildə pozduğunu qonaqların diqqətinə çatdırıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən Qazaxıstan Parlament Məclisinin deputatı Aydos Sarım parlamentlərarası əməkdaşlığın dostluq münasibətlərinə mühüm töhfələr verdiyini qeyd edərək, iki qardaş ölkənin hər zaman bir-birinin yanında olmasından və dəstəyindən bəhs edib. O, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəyə ən çox sevinənlərdən birinin də qardaş qazax xalqı olduğunu diqqətə çatdırıb, ölkələrimizin beynəlxalq təşkilatlardakı qarşılıqlı fəaliyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da müzakirələr aparılıb.
Azərbaycan.- 2022.- 23 noyabr.- S.5.