Gələn il ehtiyac
meyarı yaşayış minimumuna bərabərləşəcək
Noyabrın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 qanun layihəsi ikinci oxunuşda təqdim olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Musa Quliyev qanun layihələri barədə fikirlərini açıqlayaraq bildirib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.
Sonra Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsindən danışıb. Bildirib ki, növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq. Fondun özünüməşğulluq proqramını uğurla həyata keçirdiyini deyən komitə sədri qeyd edib ki, növbəti ildə 17 minə yaxın vətəndaşın bu proqrama cəlb olunması planlaşdırılır.
Komitə sədri gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının artacağını söyləyib. Bildirib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək. Bu, sosial-iqtisadi sahədə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirilir.
Sonra iclasda
iştirak edən Dövlət Sosial Müdafiə Fondunun
direktoru Himalay Məmişov
bildirib ki, Dövlət
Sosial Müdafiə Fondunun
növbəti il üçün
büdcəsinin gəlirləri və xərcləri bərabər
olmaqla 6 milyard 264 milyon manat məbləğində
proqnozlaşdırılır. Gəlirlərin 76 faizi və yaxud 4 milyard 784 milyon manat məcburi dövlət sosial
sığorta haqlarından daxilolmalar
hesabına proqnozlaşdırılıb. Növbəti il üçün transfert 1 milyard 468 milyon manat həcmində
müəyyən olunub.
Qeyd edilib ki, xərclərin 97 faizi və yaxud
6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına
düşür. Əmək
pensiyalarının ödənilməsinə
5 milyard 907 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 170 milyon
manat vəsait sərf olunacaq. Himalay Məmişov büdcə
ilə bağlı digər göstəriciləri
də səsləndirərək,
Fondun cari fəaliyyəti, əldə
edilən nailiyyətlər,
gələcəkdə nəzərdə
tutulan layihələr
barədə də məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyinin
İdarə Heyətinin
sədri Mustafa Abbasbəyli
çıxışında diqqətə çatdırıb
ki, İşsizlikdən
Sığorta Fondunun
2023-cü il üçün
büdcəsi 212,7 milyon
manat olaraq proqnozlaşdırılıb. O, özünüməşğulluq sahəsində şəffaflığın
təmin edildiyini, 42 istiqamət üzrə kiçik təsərrüfatların
yaradıldığını deyib, peşə hazırlığı ilə
bağlı görülən
işlərdən danışıb.
Fond sədri müasir
innovasiyaların tətbiqi,
rəqəmsallaşdırma tədbirləri, elektron inzibatçılıq, o cümlədən
əmək müqavilələrinin
elektron formada bağlanması barədə
məlumat verib.
O, qeyri-formal məşğulluğun
aradan qaldırılması
sahəsində atılan
addımlardan, gənclərin
gələcək əmək
bazarına hazırlanması
istiqamətində həyata
keçirilən tədbirlərdən
bəhs edib.
Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri
Adil Vəliyev büdcə zərfinə
daxil olan digər 4 qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsinə (ikinci oxunuş) əsasən, sığorta stajının
müddətinin 3 il artırılaraq
2026-cı ilə qədər
uzadılması nəzərdə
tutulur.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar qeyd edilib ki,
təklif olunan dəyişiklik Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
10 il müddətində
məcburi dövlət
sosial sığorta haqqının subsidiyalaşdırılması
mexanizmini, o cümlədən
tətbiq ediləcək
kontingent və şərtləri müəyyən
edir. Layihədə, eyni zamanda,
fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər
üçün güzəştli
sosial sığorta haqqı müəyyən
olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının
subsidiyalaşdırılmasına aid edilir.
Diqqətə çatdırılıb
ki, “Sosial müavinətlər haqqında”
Qanunda dəyişiklik
edilməsi barədə
(ikinci oxunuş) layihədə təklif edilən dəyişikliyə
görə, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
işləyən mütəxəssisə
Əmək Məcəlləsinin
21-1-ci maddəsi nəzərə
alınmaqla, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
işləmək üçün
azı bir il müddətinə bağlanılmış əmək
müqaviləsi olduqda,
ilkin maddi-məişət
şəraitinin dəstəklənməsi
üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət
müəyyən olunur.
Qeyd edilib ki, Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində dəyişiklik
edilməsi haqqında
(ikinci oxunuş) qanun layihəsində isə Məcəlləyə
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində
işləyən mütəxəssis”
anlayışının əlavə
olunması təklif edilir və həmin mütəxəssislərə
güzəşt və
imtiyazlar müəyyən
edilir. Təklif olunan dəyişiklikdə
mütəxəssislərin 2023-cü ildən 5 il
müddətində əsas
və əlavə məzuniyyət müddətindən
asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət
hüququ əldə etməsi qeyd olunur. Məcəllənin
159-cu maddəsinə 2023-cü il yanvarın
1-dən 5 il müddətində
işğaldan azad edilmiş ərazilərdə
işləyən mütəxəssislərin
əmək haqqının
yüksək məbləğdə
ödənilməsini təmin
edən artımların
tətbiq edilməsi ilə bağlı dəyişiklik təklif olunur.
Sonra gündəlikdəki məsələlər
ətrafında müzakirələr
aparılıb. Komitə üzvləri İlham Məmmədov, Jalə Əliyeva, Aqil Məmmədov, Sevinc Hüseynova, Soltan Məmmədov 2023-cü ilin
büdcəsi ilə bağlı qanun layihələri barədə
fikirlərini açıqlayıblar,
qanunlara təklif olunan dəyişikliklərin
məqsədəmüvafiq olduğunu söyləyiblər.
Deputatlar
bəzi məqamlarla əlaqədar qeydlərini
və suallarını
səsləndiriblər.
Himalay Məmişov və Mustafa
Abbasbəyli deputatların
qaldırdığı məsələlərə
aydınlıq gətiriblər,
suallarını ətraflı
cavablandırıblar.
Onlayn iclasın
sonunda gündəliyə
daxil edilən “Dövlət Sosial Müdafiə Fondunun
2023-cü il büdcəsi
haqqında”, “İşsizlikdən
Sığorta Fondunun
2023-cü il büdcəsi
haqqında”, “Azərbaycan
Respublikasında 2023-cü il
üçün yaşayış
minimumu haqqında”, “Azərbaycan Respublikasında
2023-cü il üçün
ehtiyac meyarının
həddi haqqında” qanun layihələri, habelə “Əmək pensiyaları haqqında”,
“Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında”
qanunlarda və Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
dəyişiklik edilməsi
haqqında qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə
olunub.
Azərbaycan.- 2022.- 23 noyabr.- S.5.