Məscid dağıdanları qucaqlayan İran...
Rəsmi
Tehran yanlışlarından nəticə
çıxarmalıdır
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İran ilə münasibətlərdə gərgin dövrlər çox yaşanıb. Lakin yaxın qonşuluq və iqtisadi-ticari əlaqələrin qarşılıqlı faydalı xarakter daşıması gərginliklərin dərinləşməsinə imkan verməyib.
Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Azərbaycanın bu qələbə nəticəsində torpaqlarını işğaldan azad etməsi bir sıra müsəlman ölkələrindən fərqli olaraq İran tərəfindən narahatlıqla qarşılandı. Yaxın qonşumuz və müsəlman "təəssübkeşi" kimi çıxış edən İran öz narahatlığını nədənsə çox kəskin şəkildə büruzə verdi.
Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Bununla yanaşı, bir sıra İran şirkətlərinə də Qarabağın bərpasında iştirak etmək imkanı yaradıldı. Rəsmi Bakı 30 ilə yaxın bir dövrdə Azərbaycanın tarixi torpaqlarının işğalına İranın susqunluğuna, Şuşada və İrəvanda azərbaycanlılara məxsus məscidlərin təmir edilərək fars məscidləri kimi qələmə verilməsinə, 44 günlük Vətən müharibəsi dövründə rəsmi Tehranın Ermənistana silah-sursat ötürməsinə baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək niyyətini dəfələrlə bəyan etmişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan qondarma iddialar irəli sürməyə başladı. Sözdə islam dəyərlərinə üstünlük verən İran nədənsə ermənilərin 67 məsciddən 65-ni dağıtmalarına göz yumdu, amma Azərbaycanın İsrail ilə əlaqələrini böyük hay-küylə qarşıladı. İki müstəqil dövlətin diplomatik əlaqələrinin üçüncü tərəfə nə kimi mənfi təsir göstərəcəyini soruşsan, heç bir İran siyasətçisi tutarlı arqument irəli sürə bilməz.
Ermənistanın Qafan şəhəri çox balaca bir yaşayış məntəqəsidir və bu şəhərdə tez-tələsik konsulluq açmaq İranın nəyinə lazımdır?! Din qardaşlarına tarixboyu olmazın müsibətlər yaşadan Ermənistanın kiçik bir şəhərində diplomatik zərurət olmadığı halda konsulluq açan İran Azərbaycanın İsrail kimi müstəqil bir dövlətdə səfirlik açmaq qərarına hansı üzlə etiraz edir?!
Bu sualı cavablandırmaq heç də çətin deyil. Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib və həmişə özünə himayədar axtarışında olub. Azərbaycana məğlub olduqdan sonra Ermənistan rəsmiləri İrana üz tutaraq tarixi dostluqdan danışmağa başlayıblar. Regionda sülhün yaradılması istiqamətində Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündən sonra dərhal Tehrana rəsmi səfər edən baş nazir Nikol Paşinyanı qucaqlayan rəsmilər nə demək istəyiblər görəsən... Rəsmi Tehran bəyan edir ki, regionda dövlətlərin sərhədlərinin dəyişməsi qəbuledilməzdir və bu, İranın qırmızı cizgisidir. Əgər sərhədlərin dəyişməsi Tehran üçün qəbuledilməzdirsə, 30 il ərzində Ermənistan sərhədləri dəyişərək Azərbaycan ərazilərini işğal etdiyi vaxt niyə səsini çıxarmırdı... Deməli, Ermənistan müsəlmanların yaşadığı yeri işğal edib sərhədi dəyişə bilər və bu, İran üçün qəbulediləndir. Lakin Azərbaycan öz ərazilərini işğaldan azad edəndə İran üçün qəbuledilməzdir. Haradadır İranın minillik incə diplomatiyası... Səbəb nədir ki, regionda heç bir müsəlman dövləti ilə yola getməyən İran Ermənistana əvvəlkindən daha çox dəstək olur.
İranın qeyri-konstruktiv siyasətinin mahiyyətini anlamaq üçün əvvəlcə bu ölkənin siyasi quruluşuna və daxildə baş verən hadisələrə nəzər yetirmək lazımdır. İranın daxili siyasətinə nəzər saldıqda burada siyasi qüvvələrin iki əsas qanadda cəmləşdiyini görərik. Bunlardan biri islahatçılardır ki, hakimiyyətdə təmsil olunduqda İranın dünya ilə inteqrasiyasını gücləndirmək, sanksiyaların aradan qaldırılması üçün konsensus əldə etmək istəyindədirlər. Digər qanad isə mühafizəkarlardan ibarətdir. Bu qanadın bariz nümayəndəsi İbrahim Rəisidir ki, o da bu gün İranın Prezidentidir. Bu siyasi düşərgənin nümayəndələri radikal islamçılardan ibarətdir. Təsadüfi deyil ki, bu qanadın nümayəndəsi hakimiyyətə gəldikdən sonra əxlaq polisinə böyük səlahiyyətlər verildi. Bunun da nəticəsində 22 yaşlı qız baş örtüyünü düzgün örtmədiyinə görə öldürüldü. Bunların xarici siyasət xətti isə dünya ilə inteqrasiya deyil, Yaxın Şərqi siyasi monopoliyaya almaq və öz dini ideologiyasını yaymaqdan ibarətdir. Bu xətti radikal qanadın hakimiyyətdə təmsil olunan nümayəndələri xüsusi xidmət orqanlarının vasitəsilə qonşu dövlətlər arasında yaymağa cəhd edirlər.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni və casus şəbəkəsini ifşa etdi. Bu əməliyyatlar nəticəsində ümumilikdə 24 nəfər saxlanıldı. Bu, həmişə ona xeyirxah münasibət bəsləyən Azərbaycana İranın "mehriban dostluq və qardaşlıq" niyyətinin göstəricisidir. Yaxud İran silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sərhədində - Araz çayı boyunca hərbi təlimlər keçirməsi, bununla Azərbaycanı qorxutmağa çalışması onun müsəlman təəssübkeşi olmadığını təsdiq edir. İranın Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Araz çayı boyunca uğurlu əməliyyatına mane olmaq cəhdi də unudulmayıb.
Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 il ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən klerikal hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar heç də qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, İran dövləti 40 il ərzində xalqına quru vəddən başqa bir şey verə bilməyib. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə, etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbir kasasını daşdırıb.
Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür.
Azərbaycan Respublikası heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan verməyəcək.
Beləliklə, beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə münasibəti korlayaraq təqsiri üzərindən atmaq istəyən İran hakimiyyəti, ilk növbədə, öz siyasi xəttini korrektə etməlidir.
AZƏRTAC
Azərbaycan.-2022.- 30 noyabr.- S.5.