İqtisadi cəhətdən sərfəli, texniki baxımdan təhlükəsiz

 

 

Orta dəhliz daha çox kimə lazımdır

 

 

 

44 günlük Vətən müharibəsindən iki il keçməsinə baxmayaraq, Ermənistan 10 noyabr Bəyanatının bəzi bəndlərini yerinə yetirməkdən hələ də yayınır. Məlum olduğu kimi, həmin  bəndlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ermənistanın bu dəhlizi açmamaq üçün çıxarmadığı oyun, gətirmədiyi bəhanə yoxdur. 

Düzdür, N.Paşinyan KTMT-nin İrəvanda keçirilən iclasında bəyan etdi ki, o, Rusiya Prezidenti Vladimir Putinlə sözügedən dəhlizin açılması barədə razılığa gəlib. Lakin onun bu bəyanatına inanmaq çətindir. Çox sadə səbəbdən: N.Paşinyan sözünün sahibi deyil, bunun üçün gərək kişi olasan.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi birincinin Avropaya nəqliyyat marşrutunun bağlanmasına səbəb olub. Ona görə də şimal qonşumuz iqtisadi tənəzzüldən qurtarmaq üçün dünya bazarında yeni ticarət tərəfdaşları tapmağa məcburdur. Belə tərəfdaşlarla əlaqə qurmağın ən sərfəli marşrutu isə "Şimal-Cənub" dəhlizi üzərindən Türkiyə vasitəsilə Şərq və Şimali Afrika ölkələrinə çıxmaqdır. Bunun bir səbəbi də Rusiyanın Gürcüstanla olan gərgin münasibətlərinin ona Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməyə imkan verməməsidir.

Artıq bütün dünya tərəfindən Orta dəhliz beynəlxalq əhəmiyyətli marşrut kimi qəbul olunur. Birincisi, bu yolla yüklər sahiblərinə tez çatdırılır ki, bu da ən önəmli faktordur. İkincisi, dəhlizin texniki imkanları yüksəkdir. Üçüncüsü, marşrutun təhlükəsiz olması və keçdiyi ölkələrdə siyasi sabitliyin hökm sürməsidir.

Belə götürdükdə bu baxımdan Zəngəzur dəhlizinin açılmasında ən çox marağı olan ölkə Ermənistan olmalıdır. Ən azından o səbəbə ki, dünya iqtisadiyyatının sürətlə qloballaşdığı bir dövrdə Ermənistan dalan ölkəsinə çevrilib. Onun bu gün Gürcüstanı çıxmaq şərtilə heç bir ölkə ilə dəmiryolu əlaqəsi yoxdur. Elə dənizə çıxışı olmayan təcavüzkar qonşumuzla avtomobil nəqliyyatı ilə əlaqəsi olan ölkələrin də sayı çox deyil. 

Ammaolsun, tarix göstərir ki, ermənilər başlarına gələn hadisələrdən nəticə çıxaran deyillər. Bu gün Zəngəzur dəhlizinin açılmasında dünyanın aparıcı dövlətləri, o cümlədən ÇinRusiya maraqlı olduqlarını gizlətmirlər. Ermənistan isə hələ də "sürtə-sürtə" qalıb, baxmayaraq ki, gec-tez bunu qəbul etməyə məcbur olacağını yaxşı bilir. Levon Ter-Petrosyanın dediyi kimi, "indi dünyada heç kim Ermənistanın fikrini soruşmur".

Yəqin elə bu səbəbdəndir ki, noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın dövlət başçısına ünvanlanan əsas suallar Zəngəzur dəhlizi ilə bağlı idi. Prezident İlham Əliyevin də cavabı aydın olmuşdur: "Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayanheç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini bəlkə də minimum 3-5 milyard dollar edəcək. Bu layihəyə kim sərmayə qoyacaq? Heç kim. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir".

Dövlət başçısı da vurğulamışdır ki, bu marşrutun açılmasında Ermənistanın marağı daha çox olmalıdır. Hamıya məlumdur ki, bu ölkə qonşuları ilə apardığı yanlış siyasət sayəsində blokada vəziyyətindədir, dəmir yolu əlaqəsinin olmaması üzündən iqtisadiyyatını inkişaf etdirə bilmir. Çünki məhsulun istehsalı qədər onun ixracı da vacibdir. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər xeyrinə olar.

Qonşu dövlətin "Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan onlara möhtacdır" düşüncəsi kökündən yanlışdır. Azərbaycanın alternativ marşrutu var, Ermənistanın isə belə imkanı yoxdur. Bu üzdən onların Azərbaycana təzyiq göstərib hansısa güzəştə nail olacaqları barədə fikirləri xam xəyaldır. Prezident İlham Əliyev: "Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz onlarsız, Ermənistansız da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda bu, belə davam edəcək".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 30 noyabr.- S.6.