Siyasi sistemin qanunvericilik bazası təkmilləşdirilir

 

"Siyasi partiyalar haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

 

 

Noyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlardan Etibar Əliyev, Razi Nurullayev, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Sahib Alıyev, Fazil Mustafa, Tamam Cəfərova, Qüdrət Həsənquliyev, Naqif Həmzəyev çıxışlarında ölkədə və dünyada baş verən önəmli hadisələrdən söhbət açıblar.

Milli Məclisin deputatları Prezident İlham Əliyevin bu günlərdə ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışının siyasi əhəmiyyətinə diqqət çəkiblər. Deputatlar Prezidentin tədbirdə Azərbaycanın müstəqilliyi, sərhədlərinin möhkəmləndirilməsi, Ermənistanla münasibətlərə dair fikirlərini xüsusi vurğulayıblar. Prezidentin dünya miqyasında gedən proseslərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputatlar bunu Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun daha da güclənməsinin göstərici kimi dəyərləndiriblər.

Deputatlar çıxışlarında Azərbaycan parlament nümayəndə heyətinin Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının plenar iclasında iştirakını və Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasını parlament diplomatiyamızın növbəti uğuru olduğunu vurğulayıblar.

Deputatlar seçiciləri narahat edən məsələlərdən də bəhs ediblər.

Sonra parlamentin sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə 28 məsələ daxil edilib, ilk iki məsələ ikinci oxunuşda olan qanun layihələridir.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini (ikinci oxunuş) təqdim edib. Parlament sədrinin birinci müavini sənədin zəruriliyindən danışaraq diqqətə çatdırıb ki, layihədə Konstitusiya Qanununa BMT çərçivəsində qoyulan tələblərin icrası və Ombudsmana "A" statusunun verilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

Qeyd edilib ki, həm komitə iclasında, həm də plenar iclasda deputatlar bir sıra hüquqi məsələlərə də toxunublar. Bu məsələlər Konstitusiya Qanununun Konstitusiyanın əsas mətninə uyğunlaşdırılması ilə bağlıdır. Bununla əlaqədar olaraq, layihədə bir sıra dəyişikliklər təklif olunur. Belə ki, qanun layihəsinin 1.1-ci maddəsindən “qanunlarına” sözü, 3.2-ci maddəsindən isə “əvvəllər” sözü çıxarılır. Eyni zamanda, 13-2.2-ci maddədə milli preventiv qrupun üzvlərinə münasibətdə “əvvəllər” sözü çıxarılır. Komitə sədri düzəlişlərin qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldığını deyib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirib.

Deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Hikmət Məmmədov, Erkin Qədirli sənəd barədə fikirlərini söyləyiblər. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib, bəzi məqamlara aydınlıq gətirib.

Konstitusiya qanununun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, əsasnaməyə təklif olunan dəyişikliklər miqrasiya orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əməkhaqqı sisteminin tətbiq edilməsi məqsədilə hazırlanıb.

 

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

 

Sonra Sahibə Qafarova qeyd edib ki, 3-cü məsələdən başlayaraq, növbəti 18 məsələ üçüncü oxunuşda olan qanun layihələridir. 3-cü və 4-cü məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.

 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti iki məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri barədə məlumat verib. O, hər iki layihənin Avropa Şurası Konvensiyasının Müsadirə edilən əmlakla bağlı maddəsinə uyğun olaraq hazırlandığını bildirib.

 

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək, ikinci oxunuşdan sonra əlavə təklifin olmadığını söyləyib.

Sənəddə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur, cinayət və ya inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin 6-cı və 7-ci məsələləri də Prezident tərəfindən bir məktubla Milli Məclisə təqdim edilib və mahiyyətcə bir-birinə yaxındırlar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, ikinci oxunuşdan sonra layihənin mətninə heç bir əlavənin edilmədiyini deyib.

Sənədə əsasən, Məcəllənin vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergiödəyiciləri haqqında məlumatın hansı hallarda və hansı orqanlara verilə bilməsi ilə bağlı məsələləri tənzimləyən 30.6-cı maddəsinə dəyişikliklər təklif olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək, əvvəlki iki oxunuş zamanı sənədlə bağlı hər hansı təklifin daxil olmadığını söyləyib.

Layihədə kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsinə antiinhisar fəaliyyətini həyata keçirən orqanın əlavə edilməsi təklif edilir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri diqqətə çatdırıb ki, növbəti üç məsələ də Prezident tərəfindən bir məktubla Milli Məclisə təqdim edilib və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrindən bəhs edib.

Adıçəkilən qanunlara təklif olunan dəyişikliklərə əsasən, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı göstərilən xidmətlərə görə, habelə dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin tərtibi, bu işlərə dair məlumatların və sənədlərin verilməsi ilə bağlı xidmətlərə görə xidmət haqları ödənilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatında qeyd edib ki, birinci və ikinci oxunuşlarda sənədin mətninə heç bir qeyd və təklif daxil olmayıb.

Layihədə təklif olunan əlavəyə əsasən, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, onun üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi ilə bağlı və bir sıra digər xidmətlərə görə xidmət haqları ödənilir.

Deputat Qüdrət Həsənquliyev fikirlərini səsləndirdikdən sonra təqdim edilən hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Dəyişikliklər Qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reyestrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklərə əsasən, həmin maddə ilə müəyyən edilmiş qrantların reyestrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyənləşdiriləcək.

Deputat Etibar Əliyev məsələ ilə bağlı bəzi qeydlərini bildirdikdən və komitə sədri Tahir Mirkişili tərəfindən məsələyə aydınlıq gətirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə də məlumat verib. O bildirib ki, sənəd aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti üç qanun layihəsi Prezidentin bir məktubu ilə parlamentə daxil olub və bir-birinə yaxın məsələlərdir.

Sonra həmin üç məsələ - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təqdim edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, hər üç qanun layihəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının elektron vasitələrlə idarə olunması ilə bağlıdır. Qeyd edilib ki, sənədlərin birinci və ikinci oxunuşu zamanı hər hansı təklif daxil olmayıb.

Deputat Nurlan Həsənov bu üç sənədlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər vergitutma məqsədi ilə davranışların dəqiqləşdirilməsi ilə bağlıdır. Sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli Qanuna uyğun olaraq hazırlanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin müsbət rəy verdiyini söyləyiblər.

Parlamentin komitə sədri Ziyafət Əsgərov toponimlərin adlarının dəyişdirilməsi ilə bağlı məsələyə öz münasibətini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Qeyd edilib ki, qanun layihəsi büdcədənkənar fondların maliyyə hesabatlarının verilməsi ilə bağlıdır. Layihə "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 24 dekabr tarixli Qanunun icrası məqsədilə hazırlanıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə əlaqədar komitənin müsbət rəy verdiyini söyləyib.

Sonra Tahir Rzayev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib. Təklif olunan dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Təklif olunan dəyişikliklər dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifata aidiyyətinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. O qeyd edib ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda baxılaraq qəbul ediləcək.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova həmin qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, layihə "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" 2022-ci il 13 may tarixli Qanunun tətbiqi və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Prezidentin 2022-ci il 8 iyun tarixli Fərmanının icrasının təmin edilməsi barədə" Nazirlər Kabinetinin 2022-ci il 14 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.

Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinin "ç" bəndinin və 2-ci hissəsinin "c" bəndinin, həmçinin Vergi Məcəlləsinin 102.6.2-ci və 102.6.3-cü maddələrinin ümumi təhsil müəssisələrinin hazırda mövcud olan növlərinə uyğunlaşdırılması aparılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri bu məsələ ilə bağlı komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti məsələlərin birinci oxunuşda olan qanun layihələri olduğunu qeyd edərək deputatlardan birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. O bildirib ki, gündəliyin 22-ci məsələsi "Siyasi partiyalar haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsidir. Parlamentin rəhbəri qanun layihəsi haqqında məlumat vermək üçün Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimliyə söz verib.

Qanun layihəsinin zəruriliyi, onun konseptual baxımdan vacibliyi ilə bağlı bəzi məqamları diqqətə çatdıran Fəzail İbrahimli hazırda qüvvədə olan müvafiq Qanunun 30 il əvvəl qəbul edildiyini deyib və Azərbaycanın həmin dövrü ilə indiki dövrü arasında müqayisə apararaq bu müddətdə ölkənin ictimai-siyasi həyatında baş verən köklü dəyişiklikləri diqqətə çatdırıb. Xüsusən də torpaqlarını işğaldan azad edən qalib Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olduğunu vurğulayan Fəzail İbrahimli bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunmasının zərurətindən danışıb.

Fəzail İbrahimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi. Beləliklə, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Parlamentin sədri siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.

Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi barədə məlumat verib. O, layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirdiyini diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini bildirib ki, bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O bildirib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.

Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gəldiyini, dünya təcrübəsində və ölkə qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb.

Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb. O, komitədə sənədin geniş müzakirə edildiyini, komitənin rəyinin müsbət olduğunu bildirib və belə bir əminlik ifadə edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ölkədə siyasi islahatların həyata keçirilməsinə, siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. O, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını qeyd edib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yubiley mərasimində Prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi. Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan edib. Zahid Oruc vurğulayıb ki, Prezidentin çıxışını alqışlarla qarşılayan yüzlərlə məsləkdaşları ilə bərabər, 50-yə qədər partiya rəhbərinin siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə bir görməsi tarixi hadisə idi. Qeyd olunub ki, ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional dəyişikliklər “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu zəruri edir.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zəruri edən digər məqamlara da toxunan komitə sədri Azərbaycanın sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyduğunu deyib. Zahid Oruc çıxışında layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlərin aradan qaldırılması, layihəyə yeni müddəaların salınması barədə ətraflı məlumat verib. O, yalnız mənəvi baxımdan deyil, həm də siyasi və hüquqi cəhətdən köhnələn əvvəlki qanunun yenisi ilə əvəz olunmasının siyasi partiyaları yeni keyfiyyət və kəmiyyət mərhələsinə çıxaracağını bildirib.

Sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb. Komitə sədri Ziyafət Əsgərov fikirlərini açıqladıqdan sonra iclasda fasilə elan olunub.

Fasilədən sonra “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı müzakirələr davam etdirilib.

Qanun layihəsinin müzakirələrində deputatlar Elşən Musayev, Tahir Rzayev, Fəzail Ağamalı, Fazil Mustafa, Azay Quliyev, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Siyavuş Novruzov, Tahir Kərimli, Hikmət Məmmədov çıxış ediblər, sənədlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova işçi qrupuna səslənən fikirləri və təklifləri nəzərdən keçirməyi tapşırıb.

Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, dəyişikliyə əsasən, dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası nəzərdə tutulur.

Kamal Cəfərov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı da məlumat verib. Deputat çıxışında yol-nəqliyyat hadisələri ilə bağlı bəzi statistik rəqəmləri diqqətə çatdırıb. O diqqətə çatdırıb ki, moped sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, qəzaların baş verməsi və bu qaydaları pozanların cəzasız qalması hallarının qarşısının alınması üçün “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti saatda 50 kilometrdən çox olan nəqliyyat sürücülərinin sürücülük vəsiqəsi alması təklif olunur. Deputat bu prosesin asan və şəffaf həyata keçirilməsi üçün xüsusi komissiyanın yaradıldığını söyləyib.

Deputatlar Nigar Arpadarai və Şahin İsmayılov məsələlərlə bağlı qeyd və təkliflərini səsləndirdikdən sonra bu iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanuna təklif olunan dəyişikliklər valyuta sahəsində münasibətlərin tənzimlənməsi ilə bağlı yeni effektiv mexanizmlərin tətbiqi ilə bağlıdır. Qanuna valyuta əməliyyatları barədə vahid informasiya sistemi ilə bağlı yeni maddə əlavə olunur.

Əlavəyə əsasən, Mərkəzi Bank valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta nəzarəti agentləri apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər. Əlavədə, həmçinin qeyd olunur ki, valyuta əməliyyatları barədə vahid informasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün məlumat subyekti olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.

Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə "Valyuta tənzimi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Sənədə əsasən, banklar və poçt rabitəsinin milli operatoru valyuta nəzarəti agenti hesab olunduqlarına görə, apardıqları valyuta əməliyyatları barədə məlumatı Mərkəzi Bankda yaradılmış vahid informasiya sisteminə daxil etməlidirlər.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ ilə bağlı diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinə yaradılması nəzərdə tutulan informasiya sisteminə məlumatların təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutan dəyişiklik təklif olunur.

Komitə sədri Siyavuş Novruzov və deputat Rüfət Quliyev təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər, bəzi qeydlərini səsləndiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanuna yeni maddənin əlavə olunması nəzərdə tutulub. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad edilir.

Deputat Aydın Mirzəzadə təklif olunan dəyişikliklə bağlı sui-istifadə hallarının qarşısının alınması mexanizmləri barədə sual səsləndirib. Komitə sədri Tahir Mirkişili layihədə bunun nəzərə alındığını bildirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva gündəliyin son məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, qanun layihəsi "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb.

Layihədə təqdim edilmiş qanunlara və məcəllələrə təklif edilən dəyişikliklər Konvensiyaya uyğun olaraq qabaqlayıcı tədbirlər, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin milli qanunvericilikdə yerinə yetirilməsini nəzərdə tutur.

Bu dəyişikliklər Konvensiyaya uyğun olaraq, uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılmasını nəzərdə tutur.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə Məcəllənin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir. Bununla yanaşı, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulur.

Jalə Əliyeva qanun layihəsinin Ailə, qadın və uşaq məsələləri komitəsində və Əmək və sosial siyasət komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edildiyini söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu komitələrin məsələ ilə bağlı rəylərinin diqqətə çatdırıblar.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Etibar Əliyev, Sədaqət Vəliyeva, Nigar Arpadarai dəyişikliklərin zəruriliyi barədə fikirlərini açıqlayıb, bir sıra qeyd və təkliflərini səsləndiriblər.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

 

Azərbaycan.-2022.- 30 noyabr.- S.3.