Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gündaxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayanya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.3.