Qətiyyətli və prinsipial mövqe
Azərbaycan heç bir ölkə ilə, heç
bir beynəlxalq qurumla
Qarabağdan danışmaq fikrində deyil
44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycanın yaratdığı əsas reallıqlardan biri Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasıdır.
Münaqişənin başa çatması ilə 30 ilə yaxın müddətdə bir iş görməyən, əslində isə işğal siyasətinə dəstək verən Minsk qrupunun ömrü başa çatdı. Artıq yeni reallıqlar müstəvisində nə Qarabağın, nə də keçmiş Minsk qrupunun adı çəkilir.
Azərbaycanın daxili işi müzakirə predmeti
deyil
ATƏT-in Minsk qrupunun edə bilmədiklərini Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın bir müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk qrupunun da fəaliyyətinə ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra bu missiya faktiki olaraq dayanıb. Bununla belə zaman-zaman, xüsusən də Fransa tərəfindən Minsk qrupu gündəmə gətirilsə də, artıq bu format dəfn olunub, tarixə qovuşub.
İndiyə
qədər istər Rusiyanın, istər Avropa
İttifaqının vasitəçilyi ilə keçirilən
görüşlərdə yalnız və yalnız Azərbaycanla
Ermənistan arasında
münasibətlərin
normallaşdırılmasından, İrəvanın üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməsindən bəhs olunub.
Ermənilərin iddia etdikləri Qarabağa status məsələsi də müzakirə mövzusu deyil. Bu görüşlərdə keçmişdə qalmış Minsk qrupunun da adı çəkilmir. Məsələn, son olaraq Soçi görüşündə imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Görünən odur ki, Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir.
Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status söhbətləri də birdəfəlik bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu, bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir".
Xatırladaq ki, noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən də Prezident İlham Əliyev qeyd etmişdi ki, Ermənistanın Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəməsi mümkün deyil, ölkəmiz buna razılıq verməyəcək.
Sülh prosesinin
pozulması Ermənistana
baha başa gələcək
Azərbaycanın Ermənistanla münasibətlərin
normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir.
Bu məsələdə Azərbaycanın mövqeyi
beynəlxalq hüququn
norma və
prinsiplərinə əsaslanır,
sülhün əldə
olunmasına xidmət
edir. Lakin üzərinə götürdüyü öhdəliklərə
və üçtərəfli
görüşlərdəki razılaşmalara rəğmən
Ermənistan normallaşma
prosesinə və bölgədə sülhün
bərqərar olması
səylərinə maneçilik
törədir. Ermənistana
pozuculuq fəaliyyətində
əsas dəstək
verən isə Fransadır.
Qeyd edək ki, oktyabrın
6-da keçirilən Praqa
görüşü və
Ermənistanın Azərbaycanın
ərazi bütövlüyünü
tanıması ölkəmizin
Vətən müharibəsindən
sonra növbəti diplomatik qələbəsi
oldu. Lakin görünən
odur ki, Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması
ilə razılaşmaq
istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını
həzm edə bilmir. Çünki Fransa Prezidentinin
Praqa görüşündən
6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Fransa Senatının və Milli Assambleyasının təxribatçı addımları
isə yalnız vəziyyətin gərginləşməsinə
xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə,
iki ölkə arasında münasibətlərin
normallaşmasına zərbə
vurur. Bu cür qərəzli addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması
prosesinə qeyri-adekvatdır.
Bütün bunlar bir daha
təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması prosesində hansısa formada iştirakı, ümumiyyətlə, mümkün
deyil. Bunu Ermənistanda da
dərk edirlər.
Ona görə Ermənistanın baş naziri N.Paşinyanın dekabrın 7-də Brüsseldə
keçirilməli olan
görüşdə Fransa
Prezidentinin iştirakını
da istəməsi danışıqları pozmaqdan
başqa bir şey deyil. Noyabrın 25-də ADA Universitetində
keçirilən "Orta
Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik
və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Praqa görüşündən sonra
Fransanın təxribatlarını
diqqətə çatdıran
Prezident İlham Əliyev bəyan etdi ki, belə
bir şəraitdə
Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak
edə bilməz:
"Onları bu formatdan kənarlaşdıran
biz yox, özləri oldu. Çünki nə Rusiya,
nə də Amerika, keçmiş Minsk
qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən
sonrakı dövrdə
tərəf tutmayıb,
yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü
baş tutmayacaq və baxaq görək,
hansı alternativimiz olacaq, vasitəçi kim olacaq,
platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq".
Azərbaycan Vətən müharibəsindəki
yeni reallıqlar müstəvisində maraqlarını
qətiyyətlə təmin
edir. İndiyədək keçirilmiş görüşlərin məntiqi
sonluğu sülh sazişi olmalıdır.
Bu prosesdə isə ermənilərin Qarabağla bağlı iddialarına yer yoxdur. Ona görə Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
ola bilsin
ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü
ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib.
Ermənistanın köhnə taktikasının
sonu isə Vətən müharibəsindən
yaxşı məlumdur.
Bu mənada sülh prosesinin pozulması Ermənistana baha başa gələcək.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2022.- 27 noyabr.- S.1; 4.