Qarabağ və Şərqi Zəngəzurda perspektivdə 5
istiqamətdə layihələr həyata keçirilə bilər
Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidentinin Zəngilan rayonundakı xüsusi nümayəndəsi Vahid Hacıyevin iştirakı ilə fondun donor və tərəfdaş ölkələrindən olan aparıcı şirkətləri və ictimaiyyət nümayəndələri arasında görüş keçirilib.
"İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və reinteqrasiyası" mövzusunda təşkil olunan görüşdə Qarabağın bərpa və quruculuq prosesində biznesin rolu, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirib: "Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri həyata keçirilir.
Bu layihələrdən biri bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təntənəli açılış mərasimi olan Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu, bütün region üçün çox böyük hadisədir".
"Böyük Qayıdış" layihəsi çərçivəsində artıq 326 nəfər Ağalı kəndinə köçürülüb. Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər həyata keçirilir. Zəngilan rayonu ərazisində dörd su-elektrik stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun isə gələn ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir.
V.Hacıyev işğaldan azad edilmiş ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb: "Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və "yaşıl enerji". Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Burada həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də "yaşıl enerji"dən söhbət gedir".
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına fondun əsas fəaliyyət istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə geniş məlumat verib. R.Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşılaşdığımız mənzərə ilə bağlı danışarkən qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı qələbə yalnız torpaqlarımızı düşmən işğalından azad etmədi, həm də ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı.
"Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən Yer üzündən demək olar ki, tamamilə silindiyini, regionun ekologiyasına böyük zərər vurulduğunu üzə çıxartdı. Buna görə də dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər", - deyə o bildirib.
Daha sonra Rəhman Hacıyev fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr və "PwC" şirkəti tərəfindən keçirilən maliyyə auditinin nəticələri haqqında ətraflı məlumat verib.
Sonda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərdiyi üçün "Caspian Event Organisers" şirkətinə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən "İanə sertifikatı" təqdim olunub.
Görüş müzakirələrlə davam edib. Qarabağın bərpa və quruculuq prosesində şirkətlərin rolu müzakirə edilib, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Ülkər XASPOLADOVA
Azərbaycan.- 2022.-27 noyabr.- S.1; 4.